0

“Panatinaikos” - "Qəbələ" - yunanların revanşı...

Baxış: 307

“Qəbələ” 2 il öncəki uğurunu təkrar edə biləcəkmi?


Bu gün “Qəbələ” Avropa Liqasının üçüncü təsnifat mərhələsində Yunanistan “Panatinaikos” klubu ilə qarşılaşacaq. Afinada keçiriləcək qarşılaşmanın baş hakimi ispaniyalı Xuan Martinez Munuera olacaq. Ona həmyerliləri Dieqo Barbera Sevilya və Sezar Manuel Noval Font kömək edəcək.


Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos” - “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


***


Məlumdur ki, “Qəbələ” hələ bir neçə gün əvvəldən Afinadadır. Klub Polşanın “Yagelloniya” komandasına rəqib meydanda 2:0 qalib gəldikdən sonra “Panatinaikos”la qarşılaşmaya hazırlıqları Varşavada başlayıb.


“Qəbələ” ilə qarşılaşacaq “Panatinaikos” isə yarışa III təsnifat mərhələsindən qoşulur.


“Panatinaikos” 2016/2017 mövsümündə Yunanıstan Superliqasında 3-cü yeri tutub. 30 qarşılaşmada 57 xal toplayıb. Bürünc medal qazanmaları kluba Avropa Liqası turnirində iştirak hüququ verib. 1908-ci ildə yaranan komanda oyunlarını 16 min tamaşaçı tutan “Apostolos Nikolaidis” stadionunda keçirir. Amma “Panatinaikos” daha böyük maraq doğuran qarşılaşmalarda rəqiblərini Afinadakı 69 min 618 tamaşaçı tutan “Olimpiya” stadionunda qəbul edir. Təxminən 1 milyondan artıq azarkeşi olan “Panatinaikos” ölkənin ən populyar komandalarından biridir.


Klub 1927/28 mövsümündən bəri keçirilən Superliqada 20 çempionluq, 23 gümüş, 19 bürünc medal qazanıb. 18 dəfə Yunanıstan kubokuna sahib olub. Sonuncu dəfə 2009/10 mövsümündə çempionluğu bayram edən klub on illərdəki yeganə uğuru 2013/14 mövsümündəki ölkə kubokudur.


“Panatinaikos” Avrokuboklarda 1960-cı ildən çıxış etməyə başlayıb. 1971-ci ildə isə indiyədək də qazana bilmədiyi bir uğura imza atıb. Çempionlar Liqasının finalına yüksələn “Panatinaikos” Hollandiya “Ayaks”ı ilə görüşüb. 1971-ci ildə Londonun “Uembli” stadionunda isə afinalılar 0:2 hesabı ilə məğlub olub.


1985-ci ildə Çempionlar Liqasının yarımfinalında bu dəfə “Liverpul”a uduzan klub 3 il sonra UEFA kubokunda 1/4 finala yüksələ bilib. 1996-cı ildə Çempionlar Liqasının yarımfinalında yenə “Ayaks”a uduzan yunanlar daha 3 dəfə 1/4 final həyəcanı yaşayıb. Son illərdə “Panatinaikos” Avropada ciddi uğuru yoxdur. Ötən il UEFA Avropa Liqasının qrupunda 1 xalla sonuncu yeri tutan afinalılar 2015/16 mövsümündə pley-offda “Qəbələ” ilə qarşılaşıb. Bakıdakı qolsuz bərabərlikdən sonra “Qəbələ” Afinada 2:2 hesablı bərabərliyə nail olub. Səfər qolları komandamızı tarixində ilk dəfə qrupa daşıyıb. 2 ildən sonra baş tutacaq bu qarşılaşmanı yunanlar revanş şansı kimi qiymətləndirirlər.


Marinos Ouzonidisin çalışdırdığı paytaxt klubu UEFA reytinqində 148-ci yerdə qərarlaşıb.
Marinos Ozinidis 1968-ci ilin 10 oktyabrında anadan olub.


Karyerasını 1983-cü ildə “Etnikose” klubunda başlayıb. 3 il sonra “Apollon Kalamariya” klubuna keçib, amma burada cəmi 3 oyunda meydana çıxıb. Karyerası isə “Şkodu Ksanti” klubu ilə bağlıdır. O, klubda 140 oyun keçirib. “Panatinaikos” da uzun illər oynayan Ouzonidis cəmi 6 top vura bilib. Futbolçu karyerasını isə “APOEL” klubunda yekunlaşdırıb. Ouzonidis 1992-2001-ci illərdə Yunanıstan milli komandasında 50 oyun keçirib. Məşqçi karyerasını isə dördüncü divizionda oynayan doğma “Kapadokkiya” klubunda başlayıb. 2005-ci ildə isə “Şkoda Ksanti”nin məşqçi assistenti kimi çalışıb. 2006-cı ildə isə “APOEL”-in sükanı arxasına keçib. İki il sonra isə “Larissu” klubu, sonra isə “İraklise” ilə müqavilə bağlayıb. 2011-ci ildə yenidən “Şkoda Ksanti”yə qayıdan Ouzonidis burada həm də baş məşqçinin assistenti, həm də oyunçu kimi özünü sınayıb.
Ötən ilin dekabrın 1-dən isə Marinos Ouzonidis “Panatinaikos”u çalışdırır.


“Futbolinfo” saytı “Qəbələ” ilə qarşılaşma öncəsi 2 il öncəki “Panatinaikos” la indiki klubu müqayisə edib. Sitat: “Xorvatiya yığmasının şərəfini qorumuş tanınmış hücumçu Mladen Petriç bu komandada daha oynamır. Petriçin həmyerlisi Daniel Pranyiç və İsveç yığmasının forvardı Markus Berqden də artıq Afina klubunu tərk edib.


“Qəbələ” ilə iki il əvvəlki oyunda meydana çıxan yunan futbolunun düşünən beyni sayılan yarımmüdafiəçi Sotiris Ninis hazırda Belçika “Mexelen”ində çıxış edir. Komandada qalıb indi klubun şərəfini qoruyan oyunçulardan kapitanı Zekanı qeyd etmək olar. İngilis qapıçı Lük Stilin almaniyalı müdafiəçi Yens Vemmerin adını da çəkmək olar. Ötən il “Mets”dən alınan portuqaliyalı Nunu Reis və 2013-cü ildən bəri klubları icarə əsasında gəzən argentinalı Lukas Vilyafanyez də normal çıxışıyla seçilb. “Fulhem”in yetirməsi olan Təl-Əviv “Hapoel”indən Omri Altmann da kluba cəlb olunub".


“Panatinaikos” oyun öncəsi ciddi itkilərlə üzləşib.


Qol.az-ın Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın müdafiəçisi Giorgos Kutroubis təmsilçimizlə oyunu buraxacaq. Buna səbəb 26 yaşlı futbolçunun appendisitdən əməliyyat olunmasıdır. Onun cavab oyununa hazır olacağı də gözlənilmir. Bundan başqa, zədələnən argentinalı yarımmüdafiəçi Lukas Villafanez də “Qəbələ” ilə ilk oyunda iştirak edə bilməyəcək.


“Qəbələ”də isə hər şey qaydasındakı kimi görünür.


“Qəbələ”nin futbolçusu Filip Ozobiç “Panatinaikos”la ilk matç öncəsi Yunanıstan mətbuatına ümidli danışıb. 26 yaşlı yarımmüdafiəçi çətin oyun olacağını bildirib: “Çünki ”Panatinaikos" böyük hədəfləri olan klubdur. Rəqibin güclü azarkeş ordusu da var. Hansı ki, onlar komandalarına kömək etmək üçün tribunalarda maksimum dərəcədə dəstək verirlər. Bilirəm ki, Yunanıstanda hansısa komandaya qarşı oynamaq olduqca çətindir. Azarkeş dəstəyi sayəsində “Panatinaikos” futbolçuları oyuna yaxşı motivasiya ola bilirlər".


Onun sözlərinə görə, Afinada ən yaxşı oyunu sərgiləməlidirlər: “Qələbə qazanmaq üçün maksimum gücümüzü ortaya qoymalıyıq. Bu, bizim hədəfimizdir və çətin olacağını dərk edirik”.


F.Ozobiç deyib ki, bütün çətinliklərə baxmayaraq, növbəti mərhələyə vəsiqə qazana bilərlər: “Bundan öncəki rəqibimiz ”Yagelloniya" da yaxşı komanda idi. Ancaq “Panatinaikos”un onlardan daha güclü olduğuna şübhə yoxdur. Növbəti mərhələyə keçmək üçün yaxşı şansımız var".


Qeyd edək ki, komandalar arasında Bakıda keçiriləcək cavab görüşünə avqustun 3-ü, saat 21:00-da start veriləcək.


N.SABİROĞLU

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz