0

Hafiz Hacıyev: “Səslərimi oğurlayıblar”

Baxış: 1 065
“Hələ yekun protokolu almamışıq. Hər halda səslərimin oğurlaması ilə bağlı ciddi mübarizə aparacam”

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dünən keçirilən növbədənkənar prezident seçkilərində 5-ci yeri tutmasını şərh edərkən açıqlamasında bildirib. 

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin nəticələri açıqlanıb

Xatırladaq ki, dünən axşam saatlarında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bülletenlərin 92 faizinin sayılmasından sonra ortaya çıxan ilkin nəticələri elan edib. MSK sədri bildirib ki, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,00 % səslə (3192522səs) növbədənkənar prezident seçkilərinin qalibi olub. Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş millət vəkili Zahid Oruc 3,11% (115 462 səs) toplayaraq seçki marafonunda ikinci yerə çıxıb. 

Digər namizədlərin aldığı səslər aşağıdakı kimidir:

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,04% (112 915 səs);

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,02% (112 078 səs);

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51% (56 153 səs);

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,39% (51 738 səs);

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18% (43 546 səs); –

“Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,75% (27 706 səs).

İlkin nəticələrə görə seçkilərdə 1,51% (56 153 səs) toplayaraq beşinci sırada yer alan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən seçkilərin nəticələrinin onun üçün nə qədər qane edici olması və seçkilərdə digər rəqiblərindən geridə qalmasının səbəbləri ilə maraqlanıb. 

Hafiz Hacıyev: “Bizim səslərimiz oğurlanıb və ikinci, üçüncü yeri tutan namizədlərə, oğrulara yazılıb”

Sorğumuzu cavablandıran Müasir Müsavat Partiyasının sədri bildirib ki, yekun protokolları hələ almadıqlarına görə bu barədə konkret heç nə demək istəmir. Buna baxmayaraq Hafiz Hacıyev PİA.AZ-a aşıqlamasında iddia edib ki, onun səsləri oğurlanaraq ikinci və üçüncü yeri tutan namizədlərə yazılıb:

“Biz hələ yekun protokolları almamışıq. Yekun protokolları aldıqdan sonra partiyamız rəsmi bəyanatla çıxış edəcək. Hər halda mən hesab edirəm ki, bizim səslıərimiz oğurlanıb və ikinci, üçüncü yeri tutan namizədlərə, oğrulara yazılıb. Bütün hallarda bununla bağlı ciddi mübarizə aparacam”.

Qeyd edək ki, dünən səsvermə hüququndan istifadə etdikdən sonra prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə verdiyi açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verdiyini bildirərək, qeyd edib ki, o, İlham Əliyevə inanır. Həmçinin Müasir Müsavat Partiyasının sədri İlham Əliyevin onu baş nazir təyin edərək koalisiya hökumətini formalaşdıracağına ümid etdiyini də dilə gətirib. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz