0

Ermənistan üçün “qiy(a)mət günü” - kritik ana bir gün qaldı...

Baxış: 529

Rusiya və ABŞ-ın daha bir rəqabət meydanı; İşğalçı ölkədə sabah bahalaşma əleyhinə kütləvi etirazlar başlayır; Ermənistan böyük güclərin diqqətində; ABŞ səfiri Müdafiə Nazirliyinə getdi - səbəb; amerikalı nüfuzlu analitik isə İrəvanı sanksiyalar barədə xəbərdar etdi: “Ermənistan Rusiyanın koloniyası kimi qaldıqca...”

Sabah - yanvarın 19-da İrəvanda bahalıq əleyhinə kütləvi etiraz nümayişlər start götürəcək. “Yeni Müsavat”ın artıq xəbər verdiyi kimi, parlamentdəki “Yelk” müxalif blokun təşəbbüsü ilə təşkil olunacaq yürüş-mitinqlərin qısa müddətdə daha geniş sosial təbəqələri əhatə edəcəyi gözlənilir.

Şübhə yox ki, hakimiyyət də vəziyyətin fərqindədir. Prezident Serj Sərkisyanın yanvarın 10-da keçirdiyi müşavirə, yanvarın 23-də isə parlamentdə bahalaşma ilə bağlı müzakirələrin təyin olunması məhz situasiyanı yumşaltmağa, əhalini sakitləşdirməyə hesablanmış siyasi gedişlər hesab olunur.

*****

Prosesləri Ermənistanda, bütövlükdə bölgədə marağı olan böyük güclər, ələlxüsus hazırda bir-biri ilə sərt konfrontasiya durumunda olan Rusiya və ABŞ da diqqətlə izləyir. Sözsüz ki, Moskva Ermənistanda bəlli səbəblərdən daha güclü təsir rıçaqlarına malikdir, nəinki Amerika. Lakin Vaşinqton da mürgü vurmur və öz “təsir agentləri” vasitəsilə Kremlin güclü olduğu Ermənistanın ictimai rəyini yönəltməyə çalışır.        

  

Vəziyyəti dramatikləşdirən ciddi amillərdən biri də Ermənistanın parlamentli üsul-idarəyə keçidi ilə bağlı apreldə gözlənilən yeni prezident və baş nazir seçkiləridir. Bu seçkilər parlament çərçivəsində planlaşdırılsa da konstitusion əhəmiyyət daşıdığından və hakim rejimin taleyi ilə birbaşa bağlı olduğundan, daha dəqiqi, indiki prezidentin baş nazirliyə yiyələnməklə hakimiyyətinin ömrünü uzatmaq niyyətini gizlətməyindən, habelə dünya erməni lobbisi bu planlara qarşı olduğundan, ölkədə siyasi ehtiraslar az qala, günbəgün artmaqdadır.

Bir yandan da yanvarın 1-dən ölkədə gündəlik tələbat mallarının, benzinin, maye qazın bahalaşması siyasi qüvvələr arasında rəqabətə özünəməxsus kəskinlik verir. Bu xüsusda İrəvanın 19 yanvarı “qiymət günü”ndən daha çox, Ermənistan üçün “qiyamət günü”nün başlanğıcı kimi tarixə düşə bilər. Vəziyyəti nəzarətdə saxlamaq üçün isə kriminal Sərkisyan rejiminin ən radikal üsullara əl atması təcrübəsi də var. Söhbət 2008-ci il martın 1-də İrəvanda dinc etirazçıların ordu qüvvələri ilə gülləbaran edilməsindən gedir. O zaman 8 nümayişçi həlak olmuşdu.  

*****

Maraqlıdır ki, baş verənlər fonunda dünən ABŞ-ın işğalçı ölkədəki səfiri Riçard Millz Ermənistanın müdafiə naziri Viqen Sərkisyanla görüşmək üçün Müdafiə Nazirliyinə gedib. “Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verdir ki, rəsmi mənbələr tərəflər arasında 2018-ci ildə ortaq müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinin müzakirə ediblər. “2018-ci ildə İrəvanda hərbi məsləhətləşmələr aparmaq haqda razılığa gəlinib. Görüş zamanı habelə regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib”, - məlumatda qeyd olunur.

Lakin yerli və əcnəbi müşahidəçilər görüşün pərdəarxası başqa məqamlarına diqqət çəkiblər. Məsələn, belə bir məqam ki, Viqen Sərkisyanın adı da yeni prezidentliyə namizədlər sırasında çəkilir. Lakin səfirin bu görüşü Vigen Sərkisyana dəstəkdən daha çox, fikrimizcə, gözlənilən qarışıqlıq və kütləvi etirazlar zamanı ordunun dinc proseslərə müdaxilə edib-etməməsi, bir növ 2008-ci ilin qanlı mart olaylarının təkrarlanmaması məsələsi ilə bağlı ola bilərdi. ABŞ sözsüz ki, belə müdaxilələrə qarşıdır.

Erməni politoloqlardan birinə görə, səfir Maylzın Müdafiə Nazirliyinə gəlişi həm də təhlükəsizliklə bağlı hakimiyyətə ünvanlı mesaj xarakteri daşıya bilər.

******

ABŞ-dakı “Jane’s Intelligence” analitik mərkəzinin aparıcı eksperti Lilit Gevorkyan isə ümumiyyətlə, hesab edir ki, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası Ermənistan üçün ciddi problemdir, çünki onun fikrincə,  Ermənistan Amerikanın qarşı durduğu bir düşərgədə yer alıb.

“Yeni Müsavat”ın 1 in.am saytına istinadla verdiyi məlumata görə, öz növbəsində amerikalı nüfuzlu analitik, ABŞ Xarici Siyasət Şurasının aparıcı elmi əməkdaşı Stiven Blank hədələyici tonda deyib ki, Ermənistan ABŞ-Rusiya münasibətlərində öz mövqeyini dəyişməlidir: “Ona görə ki, Moskva Ermənistanı özünün imperiya maraqlarının xidmətinə qoymaq və öz məqsədi naminə Dağlıq Qarabağ konfliktini saxlamaqdan savayı maraq güdmür. Ermənistan bu üzdən nəinki Amerika, hətta Qərb sanksiyalarından əziyyət çəkə bilər. Böyük ehtimalla, Rusiyaya təzyiqlər artacaq. Nədən ki, Moskva öz anti-Amerika siyasətini davam etdirir, hər yerdə onun maraqları üçün təhdid yaradır”.

Stiven Blanka görə, Dağlıq Qarabağ probleminin həlli üçün ən əvvəl Vaşinqtonun səyləri və münaqişə tərəflərinin - Azərbaycan və Ermənistan rəhbərlərinin müdrik addımları vacibdir. “Problem azərbaycanlılar və ermənilər tərəfindən həllini tapmalıdır, nəinki ruslar, amerikalılar və ya fransızlar hesabına. Lakin bu zaman Qərb vasitəçiləri də aktivlik göstərməlidir. Rusiya silahları ocağa yağ tökür. Fikrimcə, nizamlama prosesində xüsusən də ABŞ-ın vasitəçilik təşəbbüsləri, eyni zamanda iki münaqişə tərəfinin ağıllı siyasəti çox mühümdür. Məhz onlar öz xalqlarına izah eləməlidirlər ki, danışıqlarla nizamlama prosesindən nə gözlənilir. Bunlar olmasa, Ermənistan de-fakto Rusiyanın koloniyası və peyki kimi qalacaq”, - deyə sonda analitik əlavə edib.

*****

Lakin məsələ də elə ondadır ki, erməni xalqı hələlik öz iradəsinin sahibi deyil və bu üzdən ölkədə indiyədək legitim hakimiyyət formalaşdıra bilməyib. Bəlkə bu dəfə tilsim sındı? Sabah başlayacaq etiraz aksiyaları bu yöndə kövrək də olsa ümidlər yaradır...     

Siyasət şöbəsi,

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz