0

Qanuna zidd olsa da AZAL-ın nümayəndəsinin vəsadətini hakim təmin etdi.

Baxış: 181

Press-az.com-un verdiyi məlumata görə, sentyabrın 12-də Xəzər rayon Məhkəməsində hakim Samir Mayılovun sədrliyi ilə iddiaçı Vəliyev Toğrul Nazim oğlunun cavabdeh “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı “Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, qanunsuz işdən çıxarılma müddətində ödənilməmiş orta əmək haqqının tutulması, maddi və mənəvi ziyan tələbinə dair” iddiası üzrə növbəti məhkəmə prosesi davam etdirildi. Məhkəmə prosesində cavabdehin nümayəndəsi Yasin Məmmədov iddianın ərazi aidiyyatı üzrə Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət təqdim etdi. Vəsatədə cavabdeh təşkilat olan QSC-nin ünvanının Nəsimi rayonu ərazisində yerləşdiyindən mülki işin aidiyyatı üzrə Nəsimi rayon Məhkəməsinə göndərilməsi xahiş edilir.

İddiaçının nümayəndəsi və vəkili Yalçın İmanov vəsatətə etiraz edərək, vəsatətin işi uzatmaq niyyətinə xidmət etdiyini, eyni zamnda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 31.2 (Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir) və 32.2-ci (İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir) maddələrinə zidd olduğunu bildirdi. Ancaq, buna baxmayaraq, hakim Samir Mayılov işin aidiyyatı üzrə baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edildiyini bildirdi.

İddiaçı Toğrul Vəliyev  Press-az.com-a açıqlamasında iddanı sonadək müdafiə edəcəklərini, ölkədaxili məhkəmələrdə ədalət bərpa edilməyəcəyi halda, şikayətin Avropa Məhkəməsinə göndəriləcəyini bildirdi.      

Xatırladaq ki, avqustun 31-də keçirilən məhkəmə prosesində hakim Samir Mayılov tərəflərə barışmaq üçün vaxt verilməsi ilə əlaqədar prosesi bü günə təxirə salmışdı.  

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz