0

Paşinyanın siyasəti müharibəyə aparan birbaşa yoldur - ŞƏRH

Baxış: 179

Paşinyanın siyasəti müharibəyə aparan birbaşa yoldur - ŞƏRH

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ klanını iflasa uğradan yolla gedir. Onun Moskvada erməni biznesmenlərlə görüşündə səsləndirdiyi fikirlər buna bariz sübutdur. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında “Baku Network” ekspertlər şurasının sədri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Paşinyan “Kommersant” qəzetinə müsahibəsində bildirib ki, Dağlıq Qarabağ ətrafındakı yeddi Azərbaycan rayonu “konstitusiyaya” əsasən, “DQR” ərazisi hesab edilir. 

Müsahibimizin sözlərinə görə, Nikol bu gün Ermənistan diplomatiyasını gülünc vəziyyətə qoyur. 

“Ermənistan işğal etdiyi Azərbaycanın yeddi rayonunda möhkəmlənməyə çalışır. Bundan başqa, o, danışıqlar prosesini faktiki olaraq lazımsız edir. O, “DQR” konstitusiyasına istinad edir. Belə çıxır ki, Ermənistan hökuməti özünün də tanımadığı təşkilatın təsis etdiyi sənədlərə əsaslanır”, - ekspert əlavə edib. 

Ələsgərovun sözlərinə görə, ancaq erməni lider digər ölkələri bu faktı tanımağa çağırır.  

“Paşinyan nəinki danışıqlar prosesindən xəbərsizdir, hətta coğrafi region tarixindən savadı yoxdur”, - fəlsəfə doktoru qeyd edib. 

Xatırladaq ki, Paşinyan verdiyi açıqlamaların birində deyib ki, gələcəkdə işğal edilmiş Qarabağ ərazisini Ermənistanın bir hissəsi kimi görür. 

Ekspertin fikrincə, Azərbaycanın belə bir dilemma ilə qarşılaşması onu göstərir ki, Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etməyə öz konsepsiyası yoxdur. 

“Paşinyanın Qarabağla bağlı bəyanatları onu deməyə əsas verir ki, hazırkı Ermənistan hökumətinin, ümumiyyətlə, Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir konsepsiyası yoxdur. Öz populist və mənasız çıxışları ilə o, Qarabağ məsələsindən uzaqlaşır. Xankəndini isə hazırda Serj Sarqsyan və Robert Koçaryan tandemi olan Qarabağ klanının əlaltısı Bako Saakyan idarə edir. 

Bu, Azərbaycan və Ermənistan xalqı üçün ən pis variantdır, çünki Paşinyanın siyasəti müharibəyə aparan birbaşa yoldur”, - müsahibimiz bildirib. 

O əlavə edib ki, bununla bağlı Minsk qrupunun həmsədrlərini məlumatlandırmaq vacibdir, çünki Paşinyan faktiki olaraq, danışıqlar prosesini ləngidir.

“Birincisi, o, “DQR” nümayəndələrini danışıqlar masasına əyləşdirməyə çalışır. İkincisi, Paşinyan bəyanatları ilə status-kvonu ləngidir və yüz minlərlə azərbaycanlının hüquqlarını pozur. Onların hüquqları öz evlərinə qayıtmalarıdır”, - Ələsgərov deyib. 

Ekspert qeyd edib ki, Brüssel görüşündən sonra Azərbaycanın uzun müddətdir tələb etdiyi “substantiv danışıqlar” gözləniləndir. 

“Substantiv danışıqlar o deməkdir ki,danışıqlar yalnız həll ətrafında gedir. Bu isə Bakı üçün sırf ərazilərin qaytarılması demək idi. Başqa cür desək, təmas xəttinə aid olan gündəlik artıq itirilmək üzrədir. Bu isə müharibə üçün təkan ola bilər”, - ekspert əlavə edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz