Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır - TƏHLİL » Press-az
0

Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır - TƏHLİL

Baxış: 439

Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır - TƏHLİL


Doğrudur, az sonra hərbi baza rəhbərliyi hadisəyə görə üzr istəyib və günahkarların cəzalandırılacağını bildirib. Lakin artıq olan olub. Mesaj verilib, hədəf vurulub. Aydındır ki, bu sayda hərbi texnika baza ərazisindən hərbi komandanlığın xəbəri olmadan, sakitcə çıxarıla bilməzdi. Hərbi komandanlıq isə özbaşına deyil və Moskvadan bixəbər belə “təxribata” gedə bilməz. Hadisənin baş nazir Paşinyanın Brüssel səfərindən cəmi bir neçə gün sonraya təsadüf eləməsi sonuncu qənaəti daha da gücləndirir.

*****

Beləcə, Moskva artıq ipə-sapa yatmayan və getdikcə Qərbə sarı daha çox boylamaqla Rusiyanın səbri ilə oynayan Paşinyan hökumətinə özünü yığışdırmaq üçün aşkar siqnallar göndərməyə başlayıb. Yerli hərbi ekspertlərdən birinin təbirincə desək, Gümrü insidenti ilə Rusiya Ermənistana sanki bildirmək istəyir: “Sizin sahibiniz bizik və burda nə istəsək, edə bilərik”.

Rusiya isə komandasında bircə Rusiyayönlü kadra belə yer verməyən Paşinyan iqtidarını ağla gətirmək üçün deyəsən, gerçəkdən də nəsə eləməyə hazırlaşır. Bunu aparıcı Rusiya KİV-lərində az qala, hər gün gedən sərt tənqidi yazılardan və rusiyalı siyasi ekspertlərin şərhlərindən aydın görmək olar.

Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, lenra-ru saytında Ermənistanla bağlı sərt, bir az da kinayəli stildə məqalə yer alıb. Məqalədə deyilir: “Rusiyaya ”dost" ölkə olan Ukraynanın əkiz bacısı - Ermənistan peyda olmaqdadır. Özü də eyni “müsbət” keyfiyyətlər toplusu ilə. Bu, çox kədərlidir, ələlxüsus ona görə ki, lap yaxınlaradək İrəvan Moskvaya qarşı çox loyal idi. İndi isə ikitərəfli qarşılıqlı əlaqələrin perspektivi haqda ciddi düşünmək lazım gəlir. Və düşüncələr də yaxşı heç nə vəd eləmir".

Məqalədə bildirilir ki, belə qəmli nəticələrə Ermənistanın yeni peyda olan lideri Nikol Paşinanın hərəkətləri sövq edir: “O Nikol Paşinyan ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun addımlarını az qala, təkrarlamaqla məşğuldur. Sonuncu ilə bizim dostluğumuz, bəlli olduğu kimi, alınmayıb. Təzə erməni liderinin hərəkətlərində ən çox narahatlıq doğuran ona tapşırılan dövlətin xarici siyasətini qəsdli şəkildə Qərbə sarı döndərməsidir. Üstəlik, o, ölkəni açıq-aşkar Rusiyaya düşmən münasibətdə olan NATO-ya inteqrasiya etdirmək istəyir. Hər necə olmasa, Paşinyan Alyansın 11-13 Brüssel sammitində iştirak edən yeganə KTMT ölkəsinin başçısı idi. Kifayət qədər böyük ehtimalla söyləmək olar ki, yeni erməni liderinin hərəkətləri məhz bu məntiq üzərində qurulub - banal şantaj üzərində. Əks halda, Brüssel səfərini necə anlayaq?”

Daha sonra Paşinyan hökumətinin müstəsna olaraq rusofoblardan qurulduğuna diqqət yönəldilir və “Qərb liderləri ilə çoxsaylı şəkillər çəkdirən” erməni baş nazirin Avropa səfərindən əliboş döndüyü qeyd edilir.

Məqalədə Paşinyanın Azərbaycanla bağlı mövqeyi də sərt tənqid olunur, Qarabağ məsələsində ölkəmizin ərazi bütövlüyünün dünya tərəfindən tanındığı vurğulanır: “İnsaf naminə qeyd edək ki, hər halda Brüssel səfərində bəzi diplomatik elementlər olub. Məsələn, Nikol Pşainyan ‘’Euronews’’ telekanalına müsahibə verib və NATO-ya məsləhət görüb ki, Alyans Azərbaycana ”güclü mesaj" versin ki, əgər Bakı Dağlıq Qarabağı qaytarmaq istəsə, bunu dünya demokratiyasına təhlükə kimi qiymətləndirəcək. Təbii ki, belə mövqe Şimali Atlantika tərəfdaşlarında ehtiyatlı təəccüb doğurub, nədən ki, Qərbdə dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün tanınması və bu məsələ ilə bağlı şübhəli avantüralarda iştirak etməmək istəyi barədə bəyanatlar veriblər".

Sayt sonda Paşinyanın Avropadan “demokratiya” adına maliyyə qoparmaq səylərinin də boşa çıxdığına diqqət yönəldir: “Paşinyan pul istəməyə başlayan kimi onun ”diplomatiyası" zəiflədi. Təbii ki, pulu o, “demokratikləşmə” üçün istəyirdi. Onun böyük zəhmətini cəmi 10 milyon avro həcmində qiymətləndirdilər. Bu pula isə təbii ki, çox da şellənə bilmərsən. Hələ harasıdır, Avropa Birliyinin Ermənistandakı səfiri Pyotr Svitalski ərinmədən dəqiqləşdirdi ki, AB onsuz da Ermənistanın əsas sponsorudur, bu ölkəyə dəstək proqramı isə hələ əvvəlki rejim dönəmində qəbul olunub. Bundan əlavə, diplomatın nəzərincə, Paşinyanın dəlili ona elə də aydın deyil, axı Ermənistanın AB-yə münasibətdə siyasətində dəyişiklik baş ver vermir. “Ermənistanın dəyişməyən AB siyasəti AB-nin Ermənistan siyasətinin dəyişməsinəmi gətirməlidir?”, - deyə Svitalski təəccübünü ifadə edib. Bu isə o deməkdir ki, İrəvan üçün əlavə pul olmayacaq - nə qədər kədərli də olsa. Ona görə də yaranmış durumda arıqlayan erməni büdcəsini doldurmaq probleminin həllinin bir neçə mümkün variantı ola bilər: 1. Ölkəni NATO bazası kimi satışa çıxarmağa cəhd eləmək; 2. Rusiyanı Qərblə əlaqələrin gücləndiriləcəyi ilə bağlı şantaj eləməklə Moskvadan pul qoparmaq və 3.Emənistan iqtisadiyyatını gücləndirməyə cəhd eləmək. Maraqlıdır, görəsən Paşinyan hansı yolu seçəcək?"

*****

Bu da Paşinyan üçün kritik 3 yol - 3 seçim. Onların ikisi faktiki, Moskvaya, biri isə Bakıya aparır. Çünki ikisində Rusiya amili ilə hesablaşmaq məsələsi var, üçüncü (Bakı) variantında isə Ermənistan iqtisadiyyatı Qarabağ münaqişəsi həll olunmadan, blokada rejimi götürülmədən inkişaf edə bilməz.

Sonda əlavə edək ki, gələn həftə - iyulun 26-da Putin Nikol Paşinyanı ikinci dəfə “xalça üzərinə” çağıracaq. Bu dəfə Sankt-Peterburqda. Görüş Paşinyanın seçimini yüngülləşdirəcəkmi?

Bir azca gözləyək.
“Yeni Müsavat”
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz