0

Paşinyanın NATO sammitinə səfəri Moskvanın ürəyincə deyil - RƏY

Baxış: 231

Paşinyanın NATO sammitinə səfəri Moskvanın ürəyincə deyil - RƏY

Ermənistan NATO proqramının iştirakçısıdır və ümumilikdə bu qüvvənin müxtəlif qütbləri ilə əməkdaşlıq etməyə çalışır. Bu, Serj Sarqsyanın dövründə də belə idi.

Moskva dözür, hərçənd yaranmış vəziyyətdən məmnun deyil. Paşinyanın NATO sammitinə səfəri də Moskvanın ürəyincə olmayacaq. Lakin Moskva buna görə qalmaqal salmayacaq.

Press-az.com xəbər verir ki, bunları “Moskva – Bakı” nəşrinə Ermənistanın Baş naziri Nikola Paşinyanın NATO-nun Brüsseldə keçirilən sammitinə səfərini şərh edən hərbi ekspert Pavel Felgenqauer bildirib.

Ekspert qeyd edir ki, əgər həm Ermənistan Baş naziri, həm də Azərbaycan Prezidenti Sammitdə iştirak etsələr, onlar Qarabağ münaqişəsi üzrə mövqelərini ortaya qoyacaqlar.

“Amma məsələ burasındadır ki, hazırda NATO üzvləri Qafqaz, xüsusən də Qarabağ problemi haqqında düşünmürlər də. Eyni zamanda alyansın münaqişəyə dair konkret siyasəti də yoxdur.

NATO həm Azərbaycan, həm də Ermənistanla əməkdaşlıqdan məmnundur. Ola bilər ki, Azərbaycanla əlaqələr daha sıxdır. Amma bu, NATO-nu Qarabağ münaqişəsi ilə məşğul olmağa məcbur edə bilməz. Şimal Atlantik Alyansı bu qarşıdurmaya müdaxilə etmək istəmir.

NATO-nun ciddi problemləri var, amma onlar Qafqazla bağlı deyil. Avropa, Amerika, hətta Rusiya üçün Qarabağ münaqişəsi hazırda ən ümdə məsələ ola bilməz. Suriya, Ukrayna, ABŞ-ın Avropa müttəfiqləri ilə problemləri, ticarət müharibəsi, Rusiyanın ABŞ-la problemləri fonunda Qarabağ münaqişəsi arxa plana keçir.

Qarabağı çoxları unudub. Qafqaz sanki özündə qapanıb. Bu isə yaxşı hal deyil. Xüsusən də nəzərə alsaq ki, cəbhədə vəziyyət gərgin olaraq qalır”, - Felgenqauer deyib.   

Bununla yanaşı ekspert NATO sammiti zamanı Qarabağ münaqişəsinə cəlb edilən tərəflər üçün faydalı görüşlərin keçirilməsini istisna etmir.

“NATO sammitinə çox sayda nümayəndə heyəti qatılacaq. Və əgər Qarabağ münaqişəsinin həlli üzrə yeni təkliflər olarsa, düşünürəm ki, bu, problemin sülh yolu ilə nizamlanması istiqamətində pozitiv faktora çevrilə bilər”, - ekspert fikirlərini tamamlayıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz