0

Trampın Qarabağla bağlı planı nədir? – ŞƏRH

Baxış: 239

Azərbaycanlı politoloq Elxan Şahinoğlu ABŞ prezidenti Donald Trampın 28 may Cümhuriyyət bayramımızla bağlı Azərbaycan dövlət başçısı İlham Əliyevə göndərdiyi iki məktubu müqayisə edib. 

Onun sözlərinə görə, məktublarda eyni cümlələr çoxdur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cümlələrdə ciddi fərq var.

Press-az.com xəbər verir ki, ekspert fikirlərini “Facebook” hesabında paylaşıb: 

“Donald Tramp 2017-ci ilin may ayında İlham Əliyevə göndərdiyi məktubda Dağlıq Qarabağla bağlı yalnız bu cümlə yer alıb: “Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir”.

Tramp builki təbrik məktubunda isə birincisi, Qarabağla bağlı cümlələrin sayını ikiyə çatdırıb, ikincisi, ilk cümləsində nəyəsə işarə edib:

“Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”.

Görəsən, Tramp “qarşıdan gələn aylar” dedikdə nəyi nəzərdə tutur? 

Politoloq iki versiya irəli sürür: ya Ağ Ev administrasiyası Ermənistanda yeni hakimiyyətə ümid bəsləyir, ya da özü qollarını çırmalayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmaq istəyir.

“Əgər belə bir istək varsa, il ərzində Tramp Azərbaycan və Ermənistan prezidentlərini Ağ Evə dəvət etməlidir. Trampın verdiyi vədlərini (Meksika ilə divar, Qüdsün paytaxt kimi tanınması, İranla nüvə anlaşmasından imtina) yerinə yetirdiyini müşahidə edirik.

Ona görə də Ağ Ev sahibinin İlham Əliyevə göndərdiyi məktubdakı sözlərin boş mahiyyət daşımadığına inanmaq istərdik”, - Elxan Şahinoğlu qeyd edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz