Ermənistan prezidenti müxalifətin ayağına gəldi - tələb qətidir, Sərksiyan getməlidir! » Press-az
0

Ermənistan prezidenti müxalifətin ayağına gəldi - tələb qətidir, Sərksiyan getməlidir!

Baxış: 80

Ermənistan prezidenti Armen Sərkisyan dialoq çağırışından sonra fasiləsiz etiraz aksiyaları keçirən müxalifətlə görüşmək üçün İrəvandakı Respublika meydanına gəlib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni prezident meydana keçmiş deputat Tevoyan Poqosyanın və mühafizəçi qrupunun müşayiəti ilə gəlib.

Müxalifət lideri, deputat Nikol Paşinyanla görüşən A.Sərkisyan jurnalistlərin suallarına cavab verməkdən yayınıb. O, dialoqun olub-olmayacağı barədə sualın cavabında “inanırıq ki, olacaq” deməklə kifayətlənib və meydanı tərk edib.

N.Paşinyan isə ölkə prezidenti ilə görüşü barədə açıqlama verərək bildirib ki, dialoq üçün bir mövzu var: “Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılması”.

Müxalifət lideri deyib ki, səhər Serj Sərkisyan da onu danışıqlar masası arxasında əyləşməyə çağırıb. “Mən jurnalistlərə dedim ki, tək qərar verə bilmərəm, amma xalq bu təklifə cavab verdi”-Paşinyan deyib. Ardınca bildirib ki, prezident Armen Sərkisyan onunla görüşmək niyyətində olduğunu deyəndə saat 19.00-da onu meydanda gözləyəcəyini bildirib. A.Sərkisyanın vəziyyətdən narahatlığını ifadə etdiyini deyən N.Paşinyan ona cavab olaraq deyib ki, xalq da narahatdır. Dialoqa hazır olduğunu desə də, Paşinyan Sərkisyana bildirib ki, o, Serj Sərkisyanı meydana dəvət edə bilməz, çünki o halda vəziyyət nəzarətdən çıxa bilər. Ancaq bununla belə, danışıqların hökumət binalarından birində aparılması da mümkün deyil. Odur ki, görüş neytral ünvanda baş tuta bilər, məsələn, “Mariott” otelində. Bu halda isə Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılması mövzusu müzakirə mövzusu olmalıdır. Paşinyan onu da deyib ki, danışıqları aparmaq üçün xalq ona səlahiyyət verməlidir.

Yeri gəlmişkən, bu gün Eçmiədzində də gərginlik olub. Ayağa qalxan kütlə magistral yolu bağlayıb və İrəvana doğru yürüş başlanıb. Bu zaman qarşıdurma yaşanıb.

Hazırda İrəvanda aksiya davam edir.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz