0

Tarixi səsverməyə saatlar qaldı: BMT Trampı dayandıracaqmı?

Baxış: 922
ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı bir çox dünya ölkələrinin etirazına səbəb oldu

İslam Əməkdaşlıq Təşkilatı ölkələri Qüdslə bağlı keçirdikləri konfransda Qüdsü Fələstinin paytaxtı kimi tanıyacaqları ilə bağlı birgə bəyanatla çıxış etdilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Qüdsdə yerləşən konsulluğun səfriliyə çevrilə biləcəyi ilə bağlı bəyanat verdi. Bu günlərdə isə Qüds məsələsinin Birləşmiş Millətlər Təşkilatında (BMT) müzakirə olunacağı gözlənilir. BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Tramp Qüdsün statusuna aid bütün qərarları etibarsız elan etməyi planlaşdırır. 15 üzvü olan Təhlükəsizlik Şurası hazırda Qüdsün statusu haqqında müxtəlif ölkələr tərəfindən qəbul edilmiş bütün qərarları etibardan salacaq qətnamə layihəsini nəzərdən keçirir. 

Maraqlıdır, BMT Trampın qərarını ləğv edə biləcəkmi? 

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində Qüds məsələsinin ABŞ-ın siyasətinin başağrısına çevrildiyini deyib: 

“BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın Misirin təqdim etdiyi qətnamə layihəsinə veto qoymasından sonra ərəb ölkələrinin çağırışı ilə BMT Baş Assambleyasının toplantısı gözlənilir. Fələstinin BMT yanında daimi nümayəndəsi də bildirib ki, Baş Assambleyaya verilən sənəd Təhlükəsizlik Şurasına təqdim olunan sənədlə demək olar ki, mahiyyətcə eynidir. Sadəcə, bütün üzvlərin səs verməsinə baxmayaraq ABŞ-ın veto qoyması ucbatından müzakirələri Bas Assambleya çərçivəsində aparmaq məqsədəuyğun hesab olunub. BMT İsrailin Şərqi Qüdsə olan iddialarını tanımır. Bu yaxınlarda İstanbulda İslam Əməkdaşlıq Təşkilatının da Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıması BMT-nin bu mövqeyinə əsaslanırdı. Çünki bu ərazilər 1967-ci ildən bəri İsrailin işğalı altındadır və BMT qətnamələrinə əsasən İsrail oradan çəkilməli və 1948-ci il sərhədlərinə qayıtmalıdır. BMT-nin bu mövqeyinə rəğmən İsrailin Şərqi Qüdsdə qalması davam edir və belə bir şəraitdə ABŞ bütövlükdə Qüdsü İsrailin paytaxtı kimi tanıyır. Doğrudur, bu tanıma ABŞ-in suveren hüququdur. Konqres hələ 22 il bundan əvvəl Qüdsün tanınmasına dair qərar qəbul edib və hər gələn ABŞ prezidenti 6 aydan bir bu qərara veto qoymaqla onun qüvvəyə minməsinin qarşısını alıb. Lakin Tramp buna veto qoymadı və qərar qüvvəyə mindi. Təbii ki, onun bu qərarında Amerika yəhudi icmasının nüfuzlu liderlərində biri, prezidentin baş müşaviri və kürəkəni Kuşnerin böyük təsiri var. Trampın prezident seçilməsindən də onun dəstəyi böyükdür. Lakin ölkənin suverenliyi və daxili siyasətindən irəli gələn məsələ artıq ABŞ xarici siyasətinin bir nömrəli başağrısına çevrilib. ABŞ-ın Təhlükəsizlik Şurasının daimi üzvü, İsrail-Fələstin münaqişəsinin həllində vasitəçi dövlət olduğunu nəzərə alsaq, bu anlaşılandır”.

N.Məmmədova hesab edir ki, qarşıdurmanın əsasında duran məsələ ərəb dövlətlərinin ABŞ-ı öz suveren hüquqlarından sui-istifadə etməsidir: 

“BMT-dəki qətnamə layihəsini ABŞ və İsrail təhqir adlandırıb və görünən odur ki, onların bu mövqeyi Baş Assambleyada da davam edəcəkdir. İsrail öz mifologiyaya əsaslanan tarixinə istinad etməyi xoşlayır. Məsələn, Netanyahu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Heyliyə təşəkkür edərək, onu bizim eradan əvvəl II əsrdə Suriya çarı Antiox Epifana qarşı yəhudilərin üsyanına rəhbərlik edən İuda Makkaveylə müqayisə edib. ABŞ onun qərarına qarşı təqdim edilmiş qətnamə layihələrini öz suverenliyinə qəsd kimi qiymətləndirir. Ərəb ölkələri və digər ölkələr isə əksinə, ABŞ-ı öz suveren hüququndan sui-istifadədə ittiham edirlər. Qarşıdurmanın əsasında dayanan budur. Çox güman ki, Baş Assambleya toplansa belə, ABŞ öz qərarından geri çəkilməyəcəkdir. 1990-cı ildən bəri Amerika 14 dəfə İsrail-Fələstin məsələsinin BMT-də müzakirəsi zamanı öz veto hüququndan istifadə edib. ABŞ bu qərarla nəinki ərəb dünyasını, islam aləmini hətta İngiltərə və Fransa kimi müttəfiqlərini də öz əleyhinə çevirib. Məsələ burasındadır ki, ABŞ-da hazırda katolik və yəhudi lobbisi arasında qızğın mübarizə gedir. Trampın ətrafında isə yəhudi lobbisi cəmləşib. Eyni zamanda, yəhudi lobbisi Konqresdə 1995-ci ildə Qüdsün paytaxt kimi tanınması layihəsini qəbul etdirmişlər. Hazırda, Pentaqon buna qarşı çıxır. Çünki Trampın Qüds qərarı ABŞ-in Yaxın Şərqdə mövqeyini zəiflədir, ondan silah alan ərəb ölkələri ilə münasibəti pisləşdirir. Hərbi şirkətlərin yaxın tərəfdaş münasibətində olduğu Pentaqon bu qərara qarşı çıxış edir. Üstəlik, ABŞ-ın NATO müttəfiqlərinin çoxu da Avropanın katolik ölkələridir. Bu yaxınlarda Tramp onları da üzvlük haqlarını artırmayacaqları təqdirdə Rusiyanın hücumundan qorumayacaqları, ABŞ-in müdafiə çətirindən məhrum edəcəkləri ilə təhdid etmişdi. Trampın bu təhdidi ABŞ-NATO münasibətlərini soyudur ki, bu da milyardlarla dollar büdcəyə malik olan, dövlət içində dövlət olan Pentaqonu narahat etməyə bilməz. Nüfuzlu bir katolik klubu olan Avropa Birliyi üzvləri Fransa, Almaniya, İngiltərə də Trampın həm NATO, həm Qüds qərarlarından narazıdır və Pentaqonda eyni mövqedədirlər. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İngiltərə və Fransanın ABŞ əleyhinə səs verməsi də bununla bağlı idi”. 

Politoloq hesab edir ki, BMT Baş Assambleyası ABŞ-ın qərarını ləğv edə bilməz: 

“Çünki Birləşmiş Ştatlar öz suveren hüququndan istifadə edərək bu qərarı qəbul edib. Baş Assambleya sadəcə dünya ictimaiyyətinin adından bu qərarı qınaya bilər və ABŞ-ı öz qərarından çəkinməyə çağıra bilər ki, bu da ABŞ üçün heç bir hüquqi öhdəlik yaratmır və tövsiyə xarakteri daşıyır. Baş Assambleyanın hansısa dövləti nəyəsə məcburetmə səlahiyyəti yoxdur. Bu məcburetmə səlahiyyəti müəyyən dərəcədə Təhlükəsizlik Şurasında var ki, məsələn, qətnamələri icra etməyən dövlətlərə qarşı sanksiyalar, embarqo tətbiq edilməməsi yolu ilə onu nəyəsə təhrik etsin. Lakin burada da gördüyümüz kimi daimi üzv statusundan istifadə edən ABŞ qətnaməyə veto qoydu və o, qəbul olunmadı. Ərdoğan demiş, "Dünya Beşdən daha böyük" olsa da, Beşlərin də içində Birinci var ki, onun fikri dünya siyasətində hələ ki, əsasdır”.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz