0

Neft uğrunda amansız müharibə başlayır: Dörd ölkə ÜZ-ÜZƏ

Baxış: 1 633

Suriyanın neftlə zəngin olan Deyr-ez-Zor bölgəsi uğrunda 4 ölkənin amansız mübarizəsi başlayır.

Press-az.com Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, ABŞ-PKK ittifaqı ilə eyni vaxtda İran, Rusiya və Suriya İŞİD-in nəzarətində olan bölgədə hərbi güc toplayır.

Ölkənin neft və təbii qaz ehtiyatlarının 95 faizi Haseke, Rakka və Deyr-ez-Zor bölgələrində yerləşir. Deyr-ez-Zor isə Suriyanın ən böyük təbii qaz və neft ehtiyatlarına sahibdir.

Bölgə böyük döyüşə hazırlıq gedir


Şimal və şərq istiqamətindən ABŞ-PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) ittifaqı, cənubda isə Rusiya, İran və Suriya ordusuna aid minlərlə hərbi texnika və on minlərlə əsgər bölgəyə toplanır. ABŞ Tenef bölgəsində yerləşən “Magavur əl- Savra” qrupunu vertolyotla bölgəyə daşıyır. Suriyadakı ən böyük ABŞ bazası olan Rimeylandan onlarla döyüş texnikası kolon şəklində Deyr-ez-Zor istiqamətində hərəkət edir.

Deyr-ez-Zor-Xüms xəttində strateji Suxne bölgəsini ələ keçirən Suriyanın hökumət gücləri Kom bölgəsinə irəliləyib. Rusiyanın hava qüvvələrinin dəstəyi ilə Deyr-ez-Zorun mərkəzinin 47 kilometrinə qədər yaxınlaşan hökumət gücləri dünən Kuveyris hava bazasında 10 hərbi təyyarə yerləşdirib. Deyr-ez-Zor əməliyyatı üçün İranın dəstəklədiyi 10 mindən çox şiə döyüşçüsü və Suriya hərbçilərinin bölgəyə nəqli davam edir.

Neftin bölüşdürüldüyü gizli toplantı


Suriyanın Haseke vilayətinin Qamışlı mahalında ABŞ və Səudiyyə Ərəbistanı kəşfiyyatının lideriliyi ilə iyunun 10-da keçirdiyi toplantı da bölgənin nə qədər əhəmiyyət daşıdığını göstərir. “Yeni Şəfəq” qəzetinin xəbərinə görə, PKK/PYD terror təşkilatının yüksək vəzifəli şəxslərinin də iştirak etdiyi toplantıda əsasən Suriyanın neft ehtiyatlarının bölüşdürülməsi ətrafında müzakirələr aparılıb. Suriya neftinin gələcəyi haqqında ortaq strategiyanın müəyyən edilməsi məqsədi ilə toplanan heyət ölkənin neft və təbii qaz ehtiyatlarının gələcəyi, yeraltı sərvətlərinin çıxarılması və satışı mövzusunda radikal qərarlar qəbul ediblər. Müzakirələrin gedişatında neftin Avropaya çatdırılması üçün Xüms çölü üzərindən İordaniya və İsrailə boru xəttinin çəkilməsi razılaşdırılıb. Amerikalı səlahiyyətlilər yeni xətlə tərəflərin Suriya neftindən lazımı pay alacaqlarını, İran və Rusiyanın Suriya neft ilə bağlı planlarının bununla da pozulacağını söyləyiblər.

Rusiyanın enerji maraqları

Qeyd edək ki, Rusiyanın Suriyada hərbi və siyasi fəaliyyətinin arxasında iqtisadi maraqlarının dayandığına şübhə edilmir. Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan başqa, Rusiyanın neft və qaz sektorundakı fəaliyyəti də heç diqqətdən kənarda qalmır.

Rusiyanın milyarderlərindən Gennadi Timçenkoya aid olan "Soyuzneftoqaz" şirkəti Suriyadakı yanacaq və digər enerji mənbələrinin aşkarlanması və emallı işlərini icra edən şirkətlərdən biridir. “Soyuzneftoqaz" 2004-cü ildə Deyr-ez-Zor və Palmira bölgələrini də əhatə edən 12 və 14-cü blok olaraq adlandırılan bölgədə qaz və neft axtarmaq üçün Suriya enerji bazarına ilk addımını atmışdı. Daha sonra 2005-ci ildə Suriyada “Devon Energy Ltd” ilə birlikdə şimal və şərq blokları da daxil olmaqla 26 layihədə iş həcminin 50 faizini almışdı.

Bundan başqa, Rakka və ətraf bölgələrdə fəaliyyət göstərəcək olan bir enerji layihəsinin də ilk mərhələsi 2014-cü ilin noyabr ayında “Soyuzneftogaz” nümayəndəsi tərəfindən tanıdılmışdı. Xatırladaq ki, “Soyuzneftqaz” keçmiş Sovet respublikaları, Yaxın Şərq və Şimali Afrika ölkələri ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə 2000-ci ildə yaradılmışdır. Şirkətin rəhbəri Rusiyanın enerji naziri Yuri Şafarnikdir.


Bütün bu məlumatları nəzərə alsaq, Rusiyanın Əsəd rejiminə verdiyi dəstəyin də səbəbini bir növ anlamaq o qədər də çətin olmur. Göründüyü kimi, Rusiya, Suriyada yeni bir aktyor deyil, Suriya dövlətinin idarəsində və iqtisadiyyatında, xüsusilə də enerji sahəsində uzun zamandır təsirli bir rola sahib olan dövlətdir.

“RİA-Novosti” agentliyinin cari ilin aprel ayında verdiyi xəbərə görə, Suriya hökuməti neft və təbii qaz sektorunda Rus şirkətləri ilə müqavilə imzalamaq ərəfəsindədir. Agentliyin məlumatında müqavilə haqqında Suriya prezidenti Bəşər Əsədin açıqlamasına istinad olunurdu. Xəbərdə məsələnin təfərrüatları haqqında başqa məlumat verilməyib.

Suriyadakı müharibənin kökündə məhz neft-qaz kəmərləri və enerji ehtiyatları ilə bağlı maraqların dayandığına dair iddialar ilə yeni deyil. Hələ 2013-cü ildə “El Confidencial” nəşrinə danışan Yaxın Şərq Beynəlxalq Karneqi Mərkəzinin təmsilçisi Usama Monahid bildirib ki, Suriya neft-qaz ölkələri arasında əslində, 4-cü yeri tutur. Belə ki, norveçli mütəxəssislər onun ərazisində dünyanın ən böyük qaz yatağını kəşf ediblər.

Zəngin neft ehtiyatlarına sahib Deyr-ez-Zor eyni zamanda Suriyanın fosfat anbarı kimi tanınır. Suriyanın şərqində - ölkənin çöl hissəsində yerləşən bölgəni ələ keçirən tərəf 6 ildən artıqdır davam edən müharibədə böyük üstünlük qazanmaqla yanaşı, Suriya-İraq sərhədinə də nəzarəti böyük ehtimalla ələ keçirmiş olacaq.

Ömər Dağlı

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz