0

Şimali Koreya gerçəkləri – dünyanın qapalı qutusunun heyrətamiz sirləri (yeni yayın)

Baxış: 2 614

Bu yazı 15 aprel 2017-ci ildə yayınlanıb və oxucuların ciddi marağına səbəb olub. Hazırda dünyanın nəzər diqqəti yeni Şimali Koreyada, onun sanki ağlını itirmiş liderindədir. Bu baxımdan, bu məqaləni yenidən oxucuların diqqətinə təqdim etməkdə fayda gördük. Musavat.com ümid edir ki, bir sıra sualların cavabı bu araşdırma yazısında var.

****

 

“Sonqbun” sosial təbəqələşmə sistemi

Şimali Koreya – dünyanın qapalı qutusu hesab edilən və ən tiran qaydalarla idarə olunan ölkədir. Bu ölkəyə ona görə qapalı qutu deyilir ki, oraya nə xaricdən informasiya daxil ola bilir, nə də ki, ölkədən informasiya almaq mümkündür. Çünki hər şey rejimin nəzarəti altındadır, internet yox, televiziya dövlət nəzarətində və yox səviyyəsindədir. Mobil telefonlardan istifadəyə isə son zamanlarda icazə verilir və o da dövlətin ciddi nəzarətindədir.

Doğrudur, 2017-ci ildə ölkəyə turistləri cəlb etmək üçün dövlət müəyyən layihələr həyata keçirməyə başladı. Lakin normal şəraitdə oraya səyahət edib, şəkillər çəkib və yaxud reportajlar edib, dünyaya yaymaq demək olar ki mümkünsüzdür. Çünki ölkəyə daxil olduğunuzda əlinizdəki bütün texniki vasitələr alınır, yoxlanılır və əgər icazə verilərsə şəkillər çəkmək mümkün olur. Oraya tək-tük səyahət edən turistlər də yalnız rəsmilərin nəzarəti altında onların icazə verdiyi oteldə qalmalı, öncədən bəlirləndiyi yerlərə getməli və ancaq oralardan şəkillər çəkə bilərlər. Bu turistlərin də çoxu ölkəni araşdırmaq istəyən, bu mistik yerdən reportaj vermək istəyən jurnalistlər olur. Onların isə sözü eynidir: gördüklərimiz hamısı quraşdırılmış səhnəciklərdir, real həyat gizlədilir.

Hər nə qədər ölkədə tiranlığın hökm sürdüyü hər kəsə bəlli olsa da, bunun nədən ibarət olması hər kəsi maraqlandıran mövzudur. Şimali Koreya istər siyasi, istər sosial cəhətdən özünəməxsus qaydaları və qadağaları ilə dünya ictimaiyyətini təəccübləndirməkdə davam edir.

Koreya tarixi

1910-cu ildə Yaponiya Koreya yarımadasını işğal edir və Yaponiya II dünya müharibəsini uduzduqdan sonra ABŞ əsgərləri yarımadanın cənubunda yerləşirlər. Yarımadanın şimalında isə Sovet qüvvələri 38-ci paralel üzrə ərazidə yerləşir. Beləliklə də şimalda kommunizm yayılmağa başlayır. 1948-ci ildə II kommunist lider Kim İr Sen seçkilər keçirir və özünü rəhbər elan edir, iki tərəf arasında qarşıdurma başlayır.

1950-ci ildə yarımadanın şimal və cənubu arasında başlayan və 2.5 milyon nəfərin ölümünə səbəb olan müharibə 1953-cü ildə yarımadanın 38-ci paralel üzrə bölünməsi ilə sona yetir və bir-birinə düşmən edilmiş eyni xalq şimal və cənub qütbləri üzrə iki dövlətə ayrılır. Müharibə dayansa da, sülh müqaviləsi bağlanmır. Şimalda Stalinin dəstəklədiyi Kim İr Senin rəhbərliyi ilə yalnız bir ailənin idarə edəcəyi dünyanın ən tiran dövləti qurulur.

Bir sülalənin idarə etdiyi Koreya ölkəsi

1948-ci ildən hakimiyyətdə olan Kim ir Sen 1994-cü ilə qədər ölkəni tək idarə edir. 1994-cü ildə vəfat etdikdən sonra oğlu Kim Çen İr hakimiyyətə gəlir və bu dövr koreyalılar üçün dəhşətli aclıqlarla müşahidə edilir. Çünki Şimali Koreyada vəziyyət ən yaxın müttəfiqi SSRİ-nin dağılması ilə iqtisadi cəhətdən daha da pisləşir, ölkəni aclıq bürüyür. Belə ki, SSRİ-dən ərzaq və digər məhsulların idxalı dayanır.
Bu ölkənin yalnız iki müttəfiqi olub: SSRİ (indi isə onun sələfi Rusiya) və Çin.
Qərb təhsilli Kim Çen Inın hakimiyyətə gəlməsi heç nəyi dəyişmir.

Şimali Koreya dünyanın yeganə nekrokrasi ölkəsidir, yəni ölmüş liderin qaydaları ilə idarə olunur.

2011-ci ildə atasının ölümü ilə gənc Kim Çen In hakimiyyətə gəlir. Minlərlə Koreyalı liderlərinin ölümünə yaxşı ağlamadıqlarına görə 6 aylıq əmək kamplarında saxlatdırılıb, işlədilir. İsveçrədə təhsil almasına baxmayaraq o, babası və atasından da sərt qaydalarla ölkəni idarə etməkdədir. 2013-cü ildə Kim Çen In əmisini 150 ac itin olduğu qəfəsə ataraq edam eləmişdi.
Bəs necə olur ki, yarım əsrdən çox davam edən sülalənin ölkədə tətbiq etdiyi qaydalar və qadağalara əhali səsini çıxarda bilmir, bunun arxasında hansı sistem dayanır?

“Sonqbun” sistemi

“Sonqbun” – rejimə sədaqətliliyə əsaslanan 51 kateqoriyaya bölünən 3 sosial təbəqələşmə sistemidir:

“Sonqbun” Şimali Koreyanı başa düşmək üçün ən əsas açardır. Əhalinin 51 kateqoriyaya bölünməsi rejimin ölkəyə asan nəzarət etməsi üçündür. Kateqoriyalar isə siyasi partiyaya bağlılıq və sədaqətlilik əsasında müəyyənləşdirilib. “Sonqbun” sistemi təhsil, məşğuliyyət, hərbi xidmət, partiya üzvlüyü, məhkəmədə mühakimə olunmaq, evlənmə, tibbi yardım, yerləşmə və hətta ərzaq təminatına qədər, bir “şimallının” bütün həyatını müəyyənləşdirir. Ən əsası da odur ki, hansı təbəqəyə aid olmaq ailədən miras qalır, yəni fərdin bunu seçmək şansı yoxdur.

Yaranma tarixi:

“Sonqbun” – Şimali Koreya qurulduğu ilk illərdə tətbiq olunmağa başlayıb. Məqsəd Kim rejimini siyasi təhlükələrdən qorumaq idi. Əhalinin təbəqələşməsi isə onların əcdadlarına görə aparılır. Yəni 1945-ci ildə müstəqillik uğrunda gedən müharibə zamanı, sonra Koreya müharibəsi (1950-1953) zamanı və əgər Çində və Cənubi Koreyada qohumlar varsa – bu əsaslara görə kateqoriyalar müəyyənləşdirilir.

- Əsas təbəqə - 28% əhali buraya aid hesab edilir. Buraya Koreya müharibəsi qəhrəmanları, müharibədə ölənlərin ailələri, peşəkar inqilabçılar aid edilir;

- Dəyişkən – 45% əhali bu sinfə daxildir. Buraya əvvəllər Cənubi Koreya və ya Çində yaşayanlar və ya qohumları yaşayanlar, intellektuallar, ticarətçilər və s. aiddir.

- Düşmən – 27% əhali bu sinfə aid edilib. Buraya dindarlar, siyasi məhbuslar (Cənubi Koreyaya müharibədə köməklik edənlər, partiya düşmənləri və xarici qüvvələrə işləyənlər), kapitalistlər və s. aiddir.

Bu ölkədə 17 yaşına çatmış hər bir şəxs haqqında dosye var; 17 yaşa qədər isə valideynlərinin dosyesində məlumatlar toplanır. Hal-hazırda proqram vasitəsilə dosyelər tutmaq və yeniləşdirmək daha da asanlaşıb. Hər bir vətəndaşın “sonqbun”una İctimai Təhlükəsizlik Nazirliyi kompüterdən daxil olub məlumat götürür.

“Sonqbun” sisteminin əhaliyə təsiri

Məşğuliyyət: Şimali Koreyalı işini seçə bilməz. Rejim seçir və bu hansı “sonqbun”a aid olmaqdan asılıdır. Əsas məsələ hansı sinfə və kateqoriyaya daxil olmaqdan asılıdır, qabiliyyətdən və ya təhsildən asılı deyil.

Təhsil: Bu da meritokratikdir. Əgər valideynlərin yaxşı “sonqbun”u varsa, onlara təhsildə irəliyə getməyə icazə verilir. Əks halda necə oxumağından asılı olmayaraq akademik cəhətdən qalxmaq mümkün deyil. Bu vasitə ilə elitanın birlikdə olmasına nail olunur. Yaxşı “sonqbun”da olanlar eyni məktəblərə və kolleclərə gedir və onlar bir hovuzda (bazada) şəbəkələşir və digərlərinə qarışmırlar. Beləliklə də “sonqbun”lar arasında şəbəkələşmənin qarşısı alınır.

Ailə: Valideynlərin bir nömrəli vəzifəsi övladlarına partiya xəttindən kənara çıxmamağı öyrətməkdir. “Sonqbun” ailə qurmağa da təsir edir. Əgər yuxarı kateqoriyadan biri aşağı kateqoriyadan birisi ilə evlənərsə, statusu düşmüş hesab edilir. Ona görə də hər bir şəxs öz “sonqbun”undakı biri ilə evlənməlidir.

Daxili sürgün: aşağı “sonqbun”a aid minlərlə insan ölkənin şimal-şərqinə sürgün edilib. Burada onlar ağır əmək düşərgələrində çalışdırılıblar.

Ərzaq: Bu sistem ərzaq təminatında da əhəmiyyətli rol oynayır. Xüsusən də, aclıq dövrlərində yuxarı “sonqbun”lar təminatı ilə aşağıdakılar arasında çox fərq olur. 1990-cı illərdə aclıq zamanı siyasi cəhətdən arzuolunmaz şimal-şərq regionlarının ərzaq təminatı kəsilmişdi.

Tibbi yardım: 1990-cı illərdə ictimai səhiyyə sistemi də çökür. Lakin Pxenyan elitası üçün xüsusi imtiyazlar saxlanılırdı. Aşağı “sonqbun” nümayəndələrinin isə tibbi yardımları yoxdur. Əgər maddi imkanları varsa, tibbi ləvazimatları qara bazardan tapa bilirlər.

Və digər gerçəklər:

Şimali Koreya rəsmi olaraq kommunist ölkə deyil. Ölkə Kim ıI Sanqın “juche” adlandırdığı ideologiya əsasında siyasi-iqtisadi sistemlə idarə olunur.

1) Şimali Koreya dünyanın ən böyük ordusuna malikdir. Ordu 7.7 milyon kişi və qadın hərbçilərdən ibarətdir. ABŞ-ın aktiv hərbi personalının 1.5. milyon olduğu güman edilir.

2) Təqvim “böyük lider”in doğum günündən hesablanır

Şimali Koreyada təqvim 1912-ci ildən, daha dəqiq desək Kim ıI Sanqın doğulduğu gündən hesablanır. Şimali Koreya təqviminə görə hal-hazırda 105-ci ildir. 1998-ci ildə konstitusiyada dəyişikliklər edilir və Kim İr Sen Koreya Respublikasının əbədi prezidenti hesab edilir, onun doğum və ölüm günləri isə milli tətil günləridir. Kim ıI Sanq şimali koreyalılar üçün “böyük lider”, “müqəddəs lider” və hətta “Günəş” deməkdir.

3) Marixuana bu ölkədə leqaldır və Şimali Koreyada narkotik vasitə hesab edilmir, marketdən alına bilər.

4) Bütün dünya onları Şimali Koreya Demokratik Respublikası adlandırsa da, əslində “Şimali Koreya” adı qəbul edilmir. Onlar üçün düzgün versiya Koreyadır. Burada yaşayan əhali Koreya yarımadasında yaşamaqdan qürur duyur və təəssüf edirlər ki, cənub hissəsi amerikanların işğalı altındadır.

5) Uşaqlar hər zaman eyni formada geyinməlidir.

6) Dünyanın ən böyük stadionu paytaxt Pxenyanda yerləşir. 150 000 nəfərlik stadiondur.

7) 1990-cı illər ərzində bütün müəllimlər akkordion çalmağı öyrənməyə məcbur idi.

8) Suvarma sistemi yoxdur və insanlar əkini sulamaq üçün məcbur edilir.

9) Kim Çen In rəsmi tərcümeyi halına görə 3 həftəliyindən yeriyib.

10) Şimali Koreyada 3 televiziya var – ikisi ancaq həftə sonu yayımlanır, digərinə ancaq axşamlar baxmağa icazə verilir. O da ki partiya haqqında xəbərlər verir.

11) Burada seçkilər 5 ildən bir keçirilir, ancaq seçmək üçün 1 namizəd var.

12) Mavi cins Amerikanı təmsil etdiyi üçün Şimali Koreyada qadağandır.

13) Qadınların 28, kişilərin isə yalnız 10 formada saç kəsdirmə ixtiyarları var.

14) Ölkənin banisi hesab edilən Kim İr Sen “Titanik”in batdığı gün doğulub.

15) Din bu ölkədə qadağandır. Dini təşviqat, xüsusən də Cənubi Koreyada yayılan xristianlıq təqib olunur. Cənubi Koreya filmlərinə baxmaq və parnoqrafiya yaymaq edamla cəzalandırılır.

16) Şimali Koreyanın kosmik agentliyi “NADA” adlanır, bu da ispanca “heç nə” deməkdir.

17) Gecələr işıqlar söndürülür və ölkə qaranlığa gömülür. Kosmosdan baxarkən yarımadada yalnız Cənubi Koreya işıqları görünür, sanki Cənubi Koreya ada ölkəsidir.

18) Liderlərinin ölüm tarixlərində ad günü keçirmək qadağandır.

19) Ölkədə internet yoxdur, bunun əvəzinə intranet vardır, Şimali Koreyaya məxsus şəbəkə sistemi.

20) Şimali Koreya vətəndaşı xaricə səyahət edə bilməz. Xüsusi səbəblərlə səyahət edənlərin isə ölkəyə qayıtdıqda pasportları geri alınır.

21) Əyalətdən əyalətə, şəhərdən şəhərə səyahət də xüsusi icazə ilə edilə bilər.

Və sonda burada ancaq hökumət üzvləri, hərbçilərin avtomobili ola bilər. Pxenyan dünyanın tıxac problemi olmayan bəlkə də nadir tapılan paytaxtıdır. Nəqliyyat vasitəsi isə metro və velosipedlərdir.

Aybəniz, 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz