Главная > Baş Xəbər / Ölkə > “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir


13-06-2018, 16:51.

İyunun 13-də Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib.

Press-az.com xəbər verir ki, MM sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova gündəliyi təqdim edib.

İclasda “İnformasiya əldə etmək haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. 

Bildirilib ki, qanun layihəsinə əsasən, sənədin 30.1-ci maddəsinə yeni cümlənin əlavə olunması nəzərdə tutulub. 

Təklif edilən dəyişikliyə əsasən, büdcə təşkilatının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatların, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 

Yəni, bu səlahiyyət Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək. 

Nəzərdə tutulan dəyişikliyin tətbiqi ilə çoxsaylı informasiya sorğularının sayı azaldılacaq, informasiya əldə edilməsində şəffaflıq artırılacaq və ictimai nəzarət imkanları gücləndiriləcək.

Diqqətə çatdırılıb ki, indiyə kimi “İnformasiya əldə etmək haqqında” qanuna 2010-2017-ci illərdə 32 müvafiq dəyişiklik edilib.

Sonda qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib.


Вернуться назад