0

"Yeni Bakı" Sakinlərinin, Prezident İlham Əliyevə -müraciəti

Baxış: 149

"Yeni Bakı" Sakinlərinin, Prezident İlham Əliyevə -müraciəti


Son günlər yaşanan işıq,su problemləri  və şəhərcik sakinlərinin narahtlığı əsas götürülərək Yeni Bakı sakinləri  Prezident İlham Əliyevə məktub ünvanladılar. Məktubun mətni aşağıdakı kimidir.

Yeni Bakı" Sakinlərinin,
Prezident İlham Əliyevə müraciəti.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
surəti: Baş prokuror Zakir Qaralova,
surəti: Daxili işlər naziri Ramil Usubova,
surəti: Fövqəladə hallar naziri Kəmaləddin Heydərova,
surəti: Energetika naziri Pərviz Şahbazova,
surəti: “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə
surəti: "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova
Abşeron rayonu Masazır qəsəbəsi "Yeni Bakı" Yaşayış kompleksinin sakinləri adından
A Ç I Q M Ə K T U B
Cənab Prezident, son günlər ölkədə sabitliyi pozmaq istəyən, respublikanın bir çox yerlərində məqsədyönlü şəkildə xalqı incidən, vətəndaşları dövlətdən narazı salmaq istəyən şər qüvvələr peyda olub. Belə şər qüvvələrin dayanmadan cərəyan etdiyi və "sahibkar" adı altında fəaliyyət göstərdiyi ərazilərdən biri də Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış kompleksidir. Burada kompleksi inşa edən "İlin Dörd Fəsli" (İDF) MMC-nin direktoru Elnur Hüseynov və onun şəhərciyə qeyri-qanuni şəkildə "komendant" kimi təhkim etdiyi Ehtiram Yusifov sakinləri incitməkdə davam edirlər.
Cənab Prezident, adını çəkdiyimiz bu şəxslər sizin dəfələrlə ictimaiyyət qarşısında etdiyiniz çıxışlarınızda səsləndirdiyiniz "hər bir məmur, hər bir sahibkar xalqa xidmət etməli, xalqı incitməməli, məsuliyyətini dərk etməlidir" kimi tövsiyyə və tapşırıqlarınıza heç bir şəkildə əməl etmir, 10 mindən çox sakinin yaşadığı "Yeni Bakı" yaşayış kompleksində insanları incitməkdə davam edirlər. Belə ki, şəhərcik sakinlərinin mənzilləri "Azərişıq" ASC tərəfindən fərdi abonent kimi qeydə alınsa da, bu dələduz “İDF” MMC-nin birbaşa göstərişini icra edən Ehtiram, Səbuhi, Arzu, Elçin və Vəliağa adlı şəxslər mənzillərin elektrik şitinə müdaxilə edir, kabelləri doğrayır, (sakinin elektrik enerjisinə borcu olmadıgı halda) günlərlə vətəndaşları işıqsız və susuz qoyaraq onları son anda dövlətdən narazı salmağa cəhd göstərirlər.
Qeyd edək ki, İDF MMC "Yeni Bakı" yaşayış kompleksində sakinlərin iştirakı və razılığı olmadan yaratdığı, rüşvətxorluq yuvasına çevirdiyi və heç bir dövlət qeydiyyatından keçməyən komendantlıq adlı qurumun vasitəsilə sakinlərdən qanunsuz və məcburi ödənişlər tələb edir. Bu ödənişləri verməkdən boyun qaçıran sakinlərə isə müxtəlif yollarla təzyiqlər göstərilir, incidilir, hədə-qorxu gəlinir.
Xüsusilə də belə sakinlər qeyri-qanuni şəkildə elektrik enerjisindən məhrum edilir, onların işıqları söndürülür, sayğaclarına daxil olan kabellər doğranır. Bu əməllərini daha da genişləndirmək üçün isə sakinlərin sayğaclarının yerləşdiyi şitlər dəmir çərçivəyə alınaraq qıfıllanıb ki, sakinlər öz işıqlarını bərpa edə bilməsinlər. “İDF” MMC-nin digər qanunsuz əməli isə sakinləri su ilə sınağa çəkməsidir. İlin müəyyən aylarında sular kəsilir. Hal hazırda şirkət 10 gündən çoxdur ki, sakinlərə gün ərzində 3 saat su verir.
Marallıdır ki, günahkar kimi isə dövlət qurumu olan "Azərsu" ASC göstərilir. Halbuki "Azərsu"nun bu məsələdə heç bir günahı yoxdur. Sadəcə olaraq “İDF” MMC öz xərclərini azaltmaq və sakinləri təzyiq altında saxlamaq üçün mənzillərə suyun verilişini dayandırır. Həyətlərdəki su depolarına su vuran motorları işlətməməklə qənaət siyasəti həyata keçirir. Bu "qənaət siyasəti"ndən əziyyət çəkənlər isə biz sakinlər oluruq. Onu da xüsusilə vurğulayaq ki, hazırda İDF şirkətinin "Azərenerji" və "Azərsu" şirkətlərinə on minlərlə manat borcu yaranıb. Halbuki sakinlər bu pulları ödəyiblər. Demək olar ki, şirkət sakinlərin ödədikləri pulları mənimsəyib.
Cənab Prezident, hazırda ölkəmizin enerji sektorunda yaranmış çətin vəziyyətdə, adını sahibkar qoymuş dələduz şəxslərin tez bir zamanda cəzalandırılması ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verməyinizi, mənzillərimizə çıxarışların verilməsini, bizi dələduz "İDF" MMC-nin caynagından qurtarmağınızı,
və məsələni diqqətdə saxlamağınızı Sizdən xahiş edirik.
Biz hər zaman ölkəmizdə sabitliyin, əmin-amanlığın tərəfdarıyıq və ölkəmizdə bu cür halların baş verməməsi üçün hər an Sizin ətrafınızda sıx birləşməyə hazırıq !

Hörmətlə : “Yeni Bakı" yaşayış kompleksinin sakinləri.
Tarix : 06.11.2018

 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz