0

İŞİD-in İsrail ilə əlaqələrinə dair şok iddialar

Baxış: 549

Yəhudi dövlətinin sabiq müdafiə nazirinin açıqlaması bu iddiaları necə təsdiq edir...

İsrailin sabiq müdafiə naziri Moşe Yaalon ölkəsinin İŞİD-lə əlaqələri haqda danışıb. M.Yaalon ötən ilin mayında baş nazir Netanyahu ilə aralarında yaranmış narazılıq səbəbindən parlamentdən və nazir postundan istefa verib. İsrailin Suriya siyasətindən danışan sabiq müdafiə naziri Təl-Əvivin mövqeyini izah edib.

Yaalon deyib ki, İsrailin İŞİD-lə əlaqələri utancverici olduğu üçün mediadan gizlədilir. Suriyada hazırda bir sıra hərbi güclərin, o cümlədən İran, Rusiyanın hərbi qüvvələri, “əl-Qaidə”, İŞİD kimi terror təşkilatlarının fəaliyyət göstərdiyini bildirən sabiq müdafiə naziri deyib ki, Suriyadakı hazırkı şərtlərdə İsrailin ehtiyatlı bir siyasət yürütməsi vacibdir: “İsrail həm öz maraqlarını qorumalı, həm də proseslərə qarışmamalıdır. Çünki tərəflərdən birini müdafiə edərkən digərinin maraqlarına xidmət etmiş olursan. Bu səbəbdən də biz İsrail olaraq qırmızı xətlərimizi müəyyən etdik. Kim bizim suverenliyimizi pozarsa, həmin an ən ağır şəkildə cavab veriləcəkdir. Bu cür hücumlar əsasən Əsəd rejiminin nəzarətindəki bölgələrdən olur. Ancaq İŞİD-in nəzarətində olan bölgələrdən ərazimizə zərbə endirilərkən, İŞİD həmin anda üzrxahlıq etdi”.


Qeyd edək ki, İsrail 50 ilə yaxındır Suriyanın Colan təpələri bölgəsini işğal altında saxlayır. Bu səbəbdən də iki ölkə arasında müharibə vəziyyəti var. “Ərəb baharı” sonrası Suriyada başlayan müharibədə İsrail formal olaraq müdaxilə etməsə də, Suriyanın cənub bölgələrində vuruşan 1000-dən artıq müxalif silahlı bu günə qədər İsrail xəstəxanalarında müalicə alıb. Eyni zamanda bəzi müxalif qruplarda İsrail istehsallı silah və ləvazimatlar aşkar olunub. Təl-Əviv İranın əsas müttəfiqi olan Suriya hakimiyyəti və onu müdafiə edən “Hizbullah”ın daha da zəifləməsi üçün Suriyadakı silahlılara dəstək verir. Çünki nəticə etibarı ilə həm İsrail Suriya və “Hizbullah” kimi düşmənlərindən xilas olmuş olur, həm də savaşın davam etməsi, müsəlman ölkələrinin diqqətini İsraildən, daha doğrusu, Fələstin münaqişəsindən yayındırır. Bu mənada İsrailin yarıgizli olsa da, Suriyadakı müxalifləri dəstəkləməsi artıq rəsmən təsdiqini tapıb. Bundan başqa, Hillari Klintonun yazışmalarında Suriyada hakimiyyətin dəyişməsinin İsrailin maraqlarına uyğun olması ilə bağlı fikirlər də yer alırdı.

 

israil-3.png (85 KB)
M.Yaalonun son açıqlamaları İsrailin Suriyada Əsədə qarşı qüvvələri dəstəklədiyi və arada gizli əməkdaşlığın olduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, bundan əvvəl də bir sıra ölkələrin rəsmiləri İsrailin İŞİD-lə əlaqələri haqda iddialar ortaya atıb. Hətta İsrailin bu terror təşkilatını dəstəkləməsi haqda iddialar da var.


Bu isə bir neçə faktı yenidən təsdiqləyir. Birincisi, heç bir silahlı qruplaşma və ya terror təşkilatı “özbaşına” yaranmır, hamısının arxasında (bunu zamanla digər terror təşkilatlarında da gördük - K.R.) hansısa dövlətlərin kəşfiyyat, xüsusi xidmət orqanları dayanır. İkincisi, dövlətlər heç də zahirdə olduğu kimi terroru həqiqətən bəşəriyyətə düşmən olaraq görmürlər, yeri gələndə ondan öz düşmənlərinə qarşı maksimum istifadə etməyə çalışırlar.

israНl-2.jpg (126 KB)


Yeri gəlmişkən, ötən il bu zamanlarda ABŞ kəşfiyyatının keçmiş agenti Eduard Snouden İŞİD-in qurulmasında ABŞ, Britaniya və İsrail kəşfiyyatının dayandığını açıqlamışdı. Snouden İŞİD-in bölgədə İsrailin təhlükəsizliyini qoruduğunu bildirmişdi. Onun sözlərinə görə, adıçəkilən dövlətlərin kəşfiyyat xidmətləri dünyanın bütün terror təşkilatlarını “eşşəkarısı yuvası” adlı strategiya ilə bir araya toplayır. Bu strategiyaya görə Yaxın Şərqdə İsrailə qarşı olan bütün silahlı qruplaşmalar qarşı-qarşıya gətirilir. Hətta Snouden İŞİD lideri Bağdadinin bir il İsrail kəşfiyyatından hərbi və siyasi təlim aldığını da iddia edir. Onun senator Makkeynlə görüşdüyünü bildirmişdi. Bu iddiaları indi sübut etmək çətin olsa da, ortada olan faktlar onu göstərir ki, İŞİD və bənzər silahlı qruplaşmalarda bir çox ölkələrin, hətta İŞİD-ə qarşı savaşan Rusiyanın da kəşfiyyat agentləri var.

israНl-1.jpg (44 KB)


Nəticə etibarı ilə Suriyada 6 il davam edən savaşdan ən qazanclı çıxan ölkə hazırda İsraildir. Çünki Snoudenin də qeyd etdiyi kimi, bu dövrdə Yaxın Şərqin bütün silahlı qruplaşmaları, o cümlədən fələstinlilər, livanlılar, iraqlılar, suriyalılar və digərləri daha əvvəl İsrailə qarşı Fələstinin azadlığı üçün savaşdıqları halda, son 6 ildə bir-biri ilə savaşır. İsraillə faktiki olaraq savaş vəziyyətində olan Suriya tamamən dağılıb xaraba qalıb, Fələstin və Livan silahlı qrupları indi Suriyada bir-birinə qarşı vuruşur. İsrailə qarşı Fələstin və Livan müqavimətinin əsas maliyyəçisi olan İran da son 6 ildə bütün imkanlarını Suriyada səfərbər edib. İsrail isə ara-sıra suverenliyinə təhdid yarandığını əsas gətirərək Suriya hərbi qüvvələrini bombalayır. Fələstin məsələsi isə indi ən yaxşı halda 3 və sonrakı yerlərdə qərar tutub. Çünki nəticə etibarı ilə İsrail üçün ən ideal şərait yaranıb: müsəlmanlar bir-biri ilə vuruşur.


KƏNAN

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz