SOCAR-ın zavod direktoru sərhəddə yaşayan kənd sakinlərinə zülm edir » Press-az
0

SOCAR-ın zavod direktoru sərhəddə yaşayan kənd sakinlərinə zülm edir

Baxış: 1 450

SOCAR-ın zavod direktoru sərhəddə yaşayan kənd sakinlərinə zülm edir


Ağstafa rayonu Tatlı kəndinin 60 nəfər sakini üzləşdikləri məmur özbaşınalıqları ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
XəzərNews.az xəbər verir ki, Demokrat.Az-a daxil olan müraciətdə kənd sakinləri Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyevin, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, Ağstafa rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Ramiz Tatarovun, “Umid İnşaat” şirkətinin rəhbəri Asəf Məmmədovun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəis əvəzi Yaşar Mustafeyin və Tatlı kənd icra nümayəndəsinin müavini Adil Musayevin əməlləri ilə bağlı ölkə başçısına şikayət ediblər.

Şikayətçilər bildirir ki, Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyev Ağstafa rayonu ərazisində düşmənlə təmas xəttinə yaxın ərazidə yerləşən Həsənsu çayının yatağını dəyişmək və orada özünə təsərrüfat obyekti qurmaq istəyir.

Sakinlərin sözlərinə görə, çayın kənarlarındakı otlaq sahəsindən rayonun Köhnə qışlaq, Tatlı, Göyçəli, Eynallı, Köç əsgər və digər kəndlərinin əhalisi istifadə edir.


“Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyev indi həmin çayın yatağını dəyişmək və ərazidə özü üçün biznes obyekti salmaq istəyir. Hətta, bir neçə gün öncə Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyevin göstərişi ilə çayın ətrafına SOCAR-a məxsus dəmir borular gətirilib. Onlar çayın yatağında qazıntı işləri aparmaqla axar çayı “süni göl”ə çevirmək, ərazidə balıqçılıq və quşçuluq fermaları yaratmaq istəyirlər. Halbuki, Həsənsu çayı bolsulu çay hesab olunur və ermənilər hər an suyun qarşısını açdıqda, Azərbaycan kəndləri daşqınla üzləşə bilər. Ona görə də kənd sakinləri çayın yatağında qazıntı işlərinin aparılmasına qəti şəkildə etiraz edir. Sakinlərin böyük etirazlarını görən Roman Nağıyev Ağstafa rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Ramiz Tatarovun, “Umid İnşaat” şirkətinin rəhbəri Asəf Məmmədovun və Tatlı kənd icra nümayəndəsinin müavini Adil Musayevin vasitəsilə kənd əhalisinə təzyiq göstərir. Asəf Məmmədovun atası Məmməd Məmmədov Tatlı kəndində müəllim, qaynatası Adil Musayev isə Tatlı kənd icra nümayəndəsinin müavinidir. Bu adamlar vasitəsilə sakinlərə şikayətlərini geri götürməsi və evlərinə gələrək imzalarından imtina edilməsi üçün müxtəlif təzyiqlər edilir”, - deyə şikayətçilər bildirir.

Kənd sakinləri məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevə, Baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova, Fövqəladə hallar naziri Kəmaləddin Heydərova, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə və Kənd təsərrüfatı naziri İnam Kərimova açıq məktubla müraciət edib. 




Müraciəti olduğu kimi təqdim edirik: 

“Ağstafa rayonu ərazisində yerləşən Həsənsu çayı Köhnə qışlaq, Tatlı, Göyçəli, Eynallı, Köç əsgər və digər kəndlərin ərazisini birləşdirməklə Köhnə qışlaq kəndindən başlayır, Vurğun kəndinə kimi davam edir.

Tatlı kəndinin sakinləri həmin çayın suyundan əkin sahələrinin suvarılması, çay vadisindən isə mal-qaralarının otlaq sahəsi kimi istifadə edirlər.

Habelə, həmin çayın ərazisindən (vadisindən) qaynayan bulaqlar kənd sakinlərinin yeganə içməli su mənbəyidir.

Həmçinin, Tatlı kənd sakinləri həmin çayın ərazisindən keçməklə kənd qabirstanlığına gedir. Yəni, kənd qəbirstanlığına gedən əsas və tək yol həmin çayın ərazisindən keçir. Eləcə də kənd sakinləri həmin çaydan (çay ərazisindən, vadisindən) keçməklə öz əkin-biçin sahələrinə və mal-qaralarını otarmağa gedirlər. Bir neçə fermer sahələrinə də gediş-gəliş ancaq həmin çaydan keçməklə mümkündür. Həmin çayın kənarında 3 kındi birləşdirən avtomobil yolu vardır. Nəticə etibarı ilə kənd əhalisinin çörək pulu əkinçilikdən və heyvandarlıqdan çıxır.
 



Digər tərəfdən isə Tatlı kənd sakinləri Ermənistanla sərhəddə yaşayır.

Bu müraciəti etməyimizin səbəbi əslən Ağstafanın Yaradullu kəndindən olan, hazırda Bakı şəhərində yaşayan Məmmədov Asəf Məmməd oğlunun etdiyi qanunsuz hərəkətlərlə bağlıdır. Hazırda onun atası Tatlı kəndində müəllim, qaynatası Adil Musayev Tatlı kənd icra nümayəndəsinin müavinidir. Bütövlükdə isə onlar Ağstafa rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Ramiz Tatarovun qohumlarıdır.

Asəf Məmmədov Həsənsu çayının Tatlı kəndi ərazisi boyunca uzanan Həsənsu çay ərazisi olan hektarlarla torpaq sahəsini qazdıraraq özünə balıq saxlamaq üçün “süni göl” yaradır. Bu qanunsuz əməli ilə bütün kənd sakinləri nəinki əkinçilik, heyvandarlıq, heç evlərində içməyə su belə tapmayacaq.
 



Çayın sahəsi hasarlanaraq, balıq saxlamaq üçün “süni göl” qazılırsa, dolayısı ilə çay balıq saxlanılması üçün şəxsi ərazi kimi istifadə edilərsə, kənd sakinlərinin suvarma sistemi yararsız hala düşəcək, kənd məzarlığına gedən yol tamamilə bağlanacaq, üç kəndi birləşdirən yol xətti su altında qalacaq.

Çayın o biri tərəfində olan fermer təsərrüfatlarının, eləcə də iki ədəd hərbi postun, habelə hərbi texnikaların cəmləşmə rayonuna hərəkətində hektarlarla “süni balıq gölü” böyük maneə yaradacaq. Bu azmış kimi, hər il dağlardan gələn selin su yığılma yeri olan çay vadisi gölə çevrildiyindən, gələn sel suları kənd sakinlərinin təsərrüfatını, eləcə də evlərini su altında qoyacaq. Bizə maraqlıdır ki, axı nə qarşılığında bir nəfərə kəndin yarısını satıblar?

Nəzərə çatdıraq ki, hətta çay yatağı ilə yanaşı, 4 hektar əkin sahəsi olan bələdiyyə torpağı da “süni göl” ərazisinə qatılaraq, İcra Hakimiyyəti tərəfindən məcburi sənədləşdirilməsi üçün bələdiyyə sədrinə tapşırıq verilib. Halbuki, Nazirlər Kabinetinin qərarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda “süni göl” yaratmaq qadağandır. Bu barədə ölkə başçısı cənab İlham Əliyevin də çıxışı var.

Vəziyyətin bu həddə çatdığını görən biz sakinlər bir araya toplaşaraq, ilk növbədə Məmmədov Asəf Məmməd oğluna, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyevə və Ağstafa rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Ramiz Tatarova müraciət etmişik, onlara etdiyi hərəkətlərin qanunsuz olduğunu, bu cür addımların kənd sakinlərinə hər mənada böyük ziyan vuracağını bildirmişik.

Elə bu səbəbdən də həmin çay ərazisində görülməkdə olan işin dayandırılmasını tələb etmişik. Bu zaman Asəf Məmmədov müraciətimizə açıq şəkildə “sizə nə, dövlət qurumlarının haqqını verib tikirəm” deyərək hazırda da öz qanunsuz əməllərini davam etdirir.

Bizə yaxşı məlumdur ki, Asəf Məmmədova havadarlıq edən Tatlı kənd icra nümayəndəsinin müavini, onun qaynatası Adil Musayev və Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyevdir.

Tatlı kənd sakinləri olaraq biz 11.12.2017-ci il tarixdə Ağstafa rayon İcra Hakimiyyətinə ümumi şəkildə müraciət etmişik. Müraciətimizdə törədilən qanunsuz əməllərin kənd sakinlərinə vura biləcəyi ziyanı (kənd sakinlərinin yeganə dolanışıq mənbəyi kənd təsərrüfatıdır) bildirdikdə, Ağstafa rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Ramiz Tatarov “Bu işi görən pullu adamdır. İş artıq həll olunub, sizin buna gücünüz çatmaz” deyə kənd sakinlərinin müraciətinə laqeyd yanaşma nümayiş etdirib.

İndi bilmirik ki, bu qanunsuz əməllər həyata keçsə, biz necə evimizə çörək aparacağıq. Çünki sözügedən kəndlərin əhalisinin dolanışığını məhz əkinçilik və maldarlıq təşkil edir. Həmin əkin sahələrinin suvarılmasının yeganə mənbəyi isə Tatlı kənd ərazisindən keçən Həsənsu çayıdır. Minlərlə sakini olan kəndlərin içməli su mənbəyini də həmin ərazidən çıxan çoxsaylı bulaqlar təşkil edir.

Digər tərəfdən isə sözügedən ərazidəki hektarlarla göl sahəsi qazılacağı təqdirdə təbiətin mövcud gözəlliyinin məhvinə yönələcək.

Hazırda biz sakinlərin cənab prezident İlham Əliyevə və müvafiq qurumların rəhbərlərinə göndərdiyi müraciətlərdən xəbər tutan qanunsuz iş icraçıları sakinlərin müraciətdən imtina etmələri üçün bütün vasitələrlə təzyiqlər edir.

Bir neçə nəfərin şəxsi marağına görə minlərlə kənd sakininin suvarılma, otlaq sahəsi, eləcə də içməli su sistemi məhv olmaz üzrədir. Ən acınacaqlısı isə həmin kəndlərin Ermənistanla birbaşa sərhəddə yerləşməsinə baxmayaraq, bir qrup adamın şəxsi maraqlar naminə kənd sakinlərinin vəziyyətini daha ağırlaşdırmağa cəhdlər etməsidir.

Cənab Prezident,

Yerli İcra Hakimiyyəti orqanları minlərlə sakinin tələb və xahişinə məhəl qoymadığı üçün Sizə və digər müvafiq yüksək dövlər qurumlarının rəhbərlərinə müraciət etmək məcburiyyətində qalmışıq.

Xahiş edirik ki, qanunsuz fəaliyyət gsötərməyə çalışan şəxslərin hərəkətləri ilə bağlı müvafiq tədbirlər görülməsinə tapşırıq verəsiniz!

Hörmətlə,

Köhnə qışlaq, Tatlı, Göyçəli, Eynallı və Köç əsgər kənd sakinləri


Qeyd edək ki, sakinlər ərazidən çəkilmiş video və foto görünütləri də redaksiyamıza göndərib.

Məsələ ilə bağlı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyevin və “Umid İnşaat” şirkətinin rəhbəri Asəf Məmmədovun mövqeyini öyrəndik.

Roman Nağıyev sözügedən ərazidə heç bir obyektibnin olmadığını söyləyib:

“Mənim bu məsələ ilə heç bir bağlılığım yoxdur. Onlar mənim adımı səhv edib hallandırırlar”.

Haqqında şikayət edilən Asəf Məmmədov isə qeyd edib ki, həmin ərazidə balıqçılıq və quşçuluq təsərrüfatı yaratması üçün müvafiq qurumların icazə sənədi var:

“Əlimdə İcra Hakimiyyətinin, Dövlət Əmlak Komitəsinin, bələdiyyənin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər qurumların icazə sənədi var. Adları hallandırılan sakinlərin isə heç bir şikayəti yoxdur. O, imzalar saxtadır. Onların yerinə imza atdırıblar ki, mən orada iş görməyim. Bu gün həmin adamları gedib danışdırsanız, hamısı mənə dəstək verəcək. Çünki mən kənddə yeni iş yerləri yaratmaq istəyirəm. Cənab prezident sahibkarlığın inkişafı üçün bütün dəstəyi verir. Mən də bu dəstəkdən yararlanaraq, öz kəndimdə iş yerləri yaratmaq istəyirəm”.
 



Asəf Məmmədov ərazidə heç biri yolu bağlamayacağını, ağacları kəsməyəcəyini, əksinə, həmin əraziyə çox sayda ağaclar əkəcəyini söyləyib
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə sorğumuza cavab olaraq məsələnin araşdırıldığı və mayın 10-dək məlumat veriləcəyi bildirilib.
 



 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz