Qarabağın həlli üçün pozitiv bəyanatlar... - Şərh » Press-az
0

Qarabağın həlli üçün pozitiv bəyanatlar... - Şərh

Baxış: 786
Press-az.com Axar.az-a isitnadən xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun “Ria Novosti”yə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair fikirlərinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Elmar Məmmədyarovun da müsahibəsində irəli sürdüyü təkliflər kifayət qədər konstruktivdir:
“Bu təkliflər ətrafında erməni tərəfi ciddi düşünməli və seçim etməlidir. Çünki danışıqlar prosesi gündəlikdən çıxarılsa, onda danışıqların alternativi meydana gələcək ki, bu da ermənilər üçün heç əlverişli olmayacaq. Azərbaycan tərəfi indiyə qədər danışıqlar prosesində qət edilmiş məsafənin üstündən xətt çəkməmək şərti ilə bu proseslərin davam etdirilməsini istəyir. Danışıqlar prosesi danışıqlar naminə aparılmamalıdır. Substantiv danışıqlar dedikdə biz danışıqlar prosesinin ardıcıl surətdə davam etdirilməsi, ortaya konkret müzakirə məsələlərinin çıxarılması və müzakirədə irəliyə doğru addımlar atılmasını nəzərdə tuturuq. Ermənistanın buna hazır olub-olmadığını demək çox çətindir. Çünki Ermənistan siyasi rəhbərliyi tez-tez fikirlərini dəyişir”.
Politoloq vurğulayıb ki, münaqişənin həlli üçün müsbət istiqamətdə beynəlxalq səviyyədə bəyanatlar səsləndirilir:
“Bunlardan biri NATO-nun zirvə toplantısında səsləndirilib və burada münaqişənin Azərbaycanın ərazi bütövlüyünə əsaslanmaqla həll edilməsi vurğulanıb. AB də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb edib. Yəni beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyü məsələsi bu gün gündəmdə olan məsələlərdən biridir. Bu məsələnin həll edilməsi istiqamətində lazımi addımlar atılmalıdır”.
Politoloqun sözlərinə görə, Ermənistan indiyə qədər danışıqlardan imtina edirdi:
“Amma son dövrlər bəzi təzyiqlərdən sonra Ermənistan tərəfi danışıqlar prosesinə qatılmaq haqqında qərar verdi. Onların bu qərara əməl edəcəyi görünür. Çox təəssüflər olsun ki, Ermənistan siyasi rəhbərliyi hərdəmxəyal, eyni zamanda radikal xətt tutmağı özlərinə adət etmiş adamlardır. Onlar beynəlxaq ictimai fikri də qətiyyən nəzərə almaq niyyətində olmadıqlarını sübut edirlər. Bütün bunları nəzərə alaraq, qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi Ermənistandan konstruktiv təkliflər gözləyir. Yəni işğal faktorunu aradan qaldıra biləcək təkliflər müzakirə olunmalıdır”.
Qeyd edək ki, RİA "Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Bakı dialoqa açıqdır, lakin danışıqlarda işğaldan azad edilmə prosesinin başlaması hədəflənməlidir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz