0

Tramp Azərbaycan sərhədində yeni Şimali Koreya yaradır - ŞƏRH

Baxış: 1 664

Tramp Azərbaycan sərhədində yeni Şimali Koreya yaradır - ŞƏRH

Donald Tramp günü-gündən ABŞ tarixində ən gözlənilməz prezident statusunu daşıdığını təsdiqləyir.

Bu fikirləri Oxu.Az-a açıqlamasında “Tsarqrad” telekanalının siyasi icmalçısı, siyasi elmlər namizədi Kamran Həsənov deyib.

“Aylarla o, Şimali Koreyanı nüvə zərbəsi endirməklə təhdid etdi, nəticədə isə 180 dərəcə dönüş edərək, KXDR lideri Kim Çen Inla görüşdü. Helsinkidə Vladimir Putinlə görüş isə bundan daha gözlənilməz oldu. İndi isə növbə İrana çatıb. Tramp İrandan ikinci Şimali Koreya düzəldəcək”, - ekspert hesab edir. 

 

“Tramp bəyan edib ki, İran prezidenti Həsən Ruhani ilə ön şərtsiz görüşməyə hazırdır. “İstənilən vaxtda əgər onlar istəsələr, görüşə hazıram”, - o, Ağ Evdə İtaliya baş naziri Cuzeppe Konte ilə görüşündən sonra jurnalistlər qarşısında çıxışı zamanı deyib. 

“Mən istənilən şəxslə görüşə hazıram”, - Tramp əlavə edib. Onun sözləri belə səslənir: “Şeytanın özü ilə də görüşə hazıram, təki iqtisadi cəhətdən faydalı olsun”. 

Bu, bir az şişirdilib, ancaq Trampın bir il yarımlıq təcrübəsi onu göstərdi ki, o, özünü biznesmen kimi aparır və kitabında yazdığı yollardan istifadə edir. Əvvəlcə ultimatumlar və təhdidlərdən istifadə edir, daha sonra qarşı tərəfin güzəştlərinə görə bu addımlarından geri çəkilir. Bu yoldan Çin və Avropaya qarşı ticarət müharibəsində də istifadə edildi”, - müsahibimiz qeyd edib. 

K.Həsənov bildirib ki, göstərilən misallardan İranla bağlı vəziyyət Şimali Koreyaya qarşı atılan addımları xatırladır. 

 

“Hər iki məsələdə Tramp nüvə silahının hazırlanmasına qarşı çıxdı, ancaq Kim bunu hazırladığını danmırdı. Seçkiqabağı kampaniya zamanı da amerikalı lider bu iki ölkə ilə mübarizə aparacağını bildirmişdi. 

Mayda Tramp vədinə əməl edərək, 2015-ci ildə ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya və Çinin İranla bağladığı nüvə sazişindən çıxdı. Birgə Fəaliyyət Planına uyğun olaraq, İrana qarşı sanksiyalar ləğv edilir, Tehran isə nüvə silahından imtina edirdi.

Ekspert əlavə edib ki, ABŞ-ın qərarından sonra bəzi Avropa şirkətləri sanksiya qorxusuna görə İran bazarından çıxdı. 

“Son dörd ayda İran rialı ABŞ dollarına nisbətən iki dəfə ucuzlaşdı. İranda iqtisadi vəziyyət pisləşdi. Sazişə Çin, Avropa Birliyi və Rusiya sadiq qaldı. ABŞ-ın avqust və noyabrda tətbiq etdiyi sanksiyalar sərmayəçilərə ciddi maneələr törətdi. 

Görünür ki, Ruhani ilə şərtsiz görüşməyə hazır olan Tramp öz şərtləri ilə oynamağa və özünə uyğun formada saziş bağlamağa çalışacaq. O deyib ki, nüvə sazişini dəyişməyə hazırdır. 

Trampın nə istəyəcəyini ancaq özü bilir. Amma bəzi şərtlər artıq səsləndirilib. İrandan Yaxın Şərqdə, xüsusən də Livan, Yəmən, İraq və Suriyadakı təsirini azaltması tələb edilir. İranın Suriyadan “getməsi” Trampın maraqlarını təşviq edən İsrail üçün çox vacibdir. 

İkinci tələb – ballistik raket hazırlanması proqramının inkişafını dayandırmaqdır. 

Üçüncüsü, İran ABŞ-ı əmin etməlidir ki, nüvə silahı hazırlamır”, - müsahibimiz deyib. 

Ekspertin fikrincə, istisna deyil ki, ABŞ şirkətləri üçün hansısa iqtisadi imtiyazlar qazanacaq.

“İran hər şeyi təkzib edə bilər. Ancaq yüzlərlə, bəlkə də, minlərlə iranlının öldüyü Suriyadan çıxmaq əsl təhqirdir.

Yəməndə olduğu kimi, İran meyilli husilər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi qüvvələrlə mübarizə aparır və onları Bab-əl-Məndəb boğazından neft idxalını dayandırmağa məcbur etdi.

Vaşinqton və Tehranın hansı nəticəyə gələcəkləri yaxın vaxtlarda bilinəcək. Hələlik qeyd etmək olar ki, Trampın bəyanatları fantastika və dəliliyin nümunəsidir. Bir həftə əvvəl Tramp və dövlət katibi Mayk Pompeo İranı müharibə və dövlət çevrilişi ilə hədələyirdi, Avstraliya KİV isə avqustda İranın nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı xəbərlər yazmışdı”, - Həsənov deyib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz