0

Əlövsət Əhədoğlu Sadıqlı:Seyid Mirfeyzulla və Polad Aslanovun hüquqlarının pozulmasından yazdı.

Baxış: 889

Əlövsət Əhədoğlu Sadıqlı öz facebook səhifəsində Seyid Mirfeyzulla və Polad Aslanovun hüquqlarının kobudcasına pozulmasından yazdı.Həmin yazını olduğu kimi oxuyucularımıza təqdim edirik.

Ölkədə azad sözə, düşüncə və siyasi mövqeyə qarşı hakimiyyətin repressiyası gün-gündən şıddətlənməkdədir...

Cəza müddəti bitən bir siyasi məhbusun yerinə bir neçə ictimai-siyasi fəalın tam qondarma ittihamlarla şərlənərək (dializ xəstəsi olan AXCP funksioneri Seyid Mirfeyzulla bəyin, mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmovun və onun qardaşı oğlu Vidadi Rüstəmlinin, AXCP fəalı Orxan Baxışlının, Şamxal Eyvazovun, məşhur blogger Orduxan Temirxan Bəbirovun bacısı oğlu, yenicə həbsdən buraxılmış universitet tələbəsi Tural Əliyevin, Müsavat fəalı Elvin Abdullayevin və b.) həbs edilməsi bunun bariz nümunəsidir...!

Yuxarıda qeyd edilənlərin və siyasi motivlərlə həbs edilmiş bütün məhbusların hüquqlarının müdafiəsini prioritet saysam da, bu statusumda hakimiyyətin qondarma ittihamlarla ənənəvi siyasi motivli həbslərindən fərqli və bu "menyuya" yenicə əlavə edilən yeni cəzalandırma metoduna – "siyasi sürğün" cəzasına məruz qalmış jurnalist, xeberman.com saytının baş redaktoru Polad Aslanovun başına gətirilənlər barədə bir daha məlumat paylaşmaq istədim...

Sosial media və şəbəkələrdə gedən intensiv məlumatlardan xəbərdarsınız ki, jurnalist fəaliyyətinə görə, cəza tədbiri olaraq, Naxçıvana hərbi xidmətə göndərilmiş Polad Aslanovun sağlamlığı təhlükədədir.

Onun 29 yaşı var. Çəkisi 41 kq, ürək damarında tutulma, yüksək dəyişkən qan təzyiqi olduğu üçün indiyədək hərbi xidmətə aparılmayıb və ona "sülh dövründə hərbi xidmətə yararsız" hərbi bileti verilib.

19.04.2018-də isə bir günün içində "yararsız" hərbi bileti əlindən alınaraq, hərbi xidmət adı ilə Naxçıvandakı "N" saylı hərbi hissəyə xidmətə (sürgünə) göndərilib. Səbəb isə iri ranqlı məmurların korrupsiya əməllərini ifşa etdiyi üçün onların QƏZƏBİnə tuş gəlməsidir.

Bəli, hərbi xidmət, Vətənin müdafiəsi hər bir kişinin müqəddəs vəzifəsi olsa da, bu, işgəncə və qisasçılıq alətinə çevriləndə mənasını itirir və eybəcər bir şeyə çevrilir!
Lakin, çox təəssüf ki, mövcud hakimiyyətin əlaqədar strukturları əllərində olan xidməti səlahiyyətlərindən ancaq hökm etmək, sərvət toplamaq, qisas almaq və s. bu kimi qeyri-qanuni məqsədlərlə istifadə edir...

Polad Aslanovun sağlamlıq durumunun kritik olması barədə göndərildiyi hərbi hissədə də müfəssəl bilgiyə malik olsalar da və özlərinin də məsuliyyət daşıdıqlarını bildiklərinə baxmayaraq, Bakıdan göstəriş olmasa, onun hərbi xidmətdən azad edilməsinin mümkünsüzlüyü bildirilib.

Əldə edilən məlumata görə, hərbi hissənin tibb bölməsində onun çəkisinin 45 kq-a çatdırılması və sonra yoxlamadan keçirilməsi məqsədilə antibiotik adı altında ona mənşəyi özünə məlum olmayan iynələr vurulub və uzun müddət qəbizlik yaradan "İntetriks" tabletkası içirdilib. Həmçinin bu dərmanın qəbuluna aid təlimatda səhər və axşam nəzərdə tutulsa da, ona gündə 3 dəfə içirdilib.
Məlumat üçün bildirim ki, bu dərman bağırsaqlarda kəskin amyöb dizenteriyasına qarşı tətbiq edilir və tibbi ehtiyac olmadan bu preparatın tətbiqi uzunmüddətli qəbizlik yaradıb süni çəki artımına səbəb olmaqla yanaşı, damar tıxanıqlığı olan Polad Aslanovun infarkt olması ilə də nəticələnə bilərdi...

Diqqətinizə çatdırıram ki, Polad Aslanovun sağlamlıq durumu və hüquqlarının pozulması ilə bağlı vəkili və ailəsi tərəfindən müvafiq dövlət strukturlarına müraciətlər olunmuşdu.

Alınan məlumata görə, hazırda Polad Aslanov Müdafiə Nazirliyi xətti ilə yenidən tubbi yoxlamadan keçirilir. Həm də necə? Damar tıxanıqlığı olan bir adamın adi kardioqramma edilməsi ilə ona ürəyinin tam müayinəsi barədə rəy yazmaqla?!... Gülməlidir, deyilmi...?

Əslində, fərqli münasibət gözləmək də mümkün deyil. Çünki əvvəlki tibbi yoxlamanı da, indikini də eyni orqan aparırsa, həmçinin bu yoxlamada nə ictimai, nə də fərqli dövlət orqanı iştirak etmirsə, doğru nəticənin açıqlanacağına etibar etmək mümkün deyil!...
Yəni, etdikləri hüquq pozuntusunu etiraf etmələrini gözləmək, sadəcə, sadəlövhlük olardı...

SMMM-nin üzvü kimi əlaqədar dövlət orqanlarını jurnalist Polad Aslanovun sağlamlıq durumunu ciddiyə almağa dəvət edirəm...

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz