0

Azərbaycanın Milli Günü ABŞ-ın Cənubi Karolina ştatında qeyd olunacaq

Baxış: 205

ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Press-az.com-a verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub.

Sənəddə bildirilib ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

Sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb. 

Qeyd edilib ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyannamədə, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlandığı bildirilib.

H. MakMaster Azərbaycanın Demokratik Respublikasının 100-cü il yubileyini elan edib və Cənubi Karolinalıları bu təbrikə və ən xoş arzulara qoşularaq bu xüsusi bayramı  ölkədə və dünyada yaşayan azərbaycanlılarla birlikdə qeyd etməyə çağırıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz