Alpinistlər dəfn olunur - YENİLƏNİB » Press-az
0

Alpinistlər dəfn olunur - YENİLƏNİB

Baxış: 1 419

İtkin düşmüş alpinist Fəridə Cəbrayılzadə dəfn edilib.

Press-az.com Report-a istinadən xəbər verir ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadə Masallı rayonunun Şərəfə kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları və kənd sakinləri iştirak edib. 

10:22

İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verilib.

Press-az.com Report-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən daha bir alpinistin - Namin Nizami oğlu Bünyatzadənin meyiti ailəsinə təhvil verilib.

Meyit dəfn olunması üçün Bakıya gətirilir.

10:02

İtkin düşmüş alpinistlərdən ikisinin meyiti ailəsinə təhvil verilib.

Press-az.com Report-a istinadən xəbər verir ki, Babur Vaqif oğlu Hüseynovun və Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilib.

Müayinədən sonra meyit ailəsinə təhvil verilib.

Meyitlər dəfn edilməsi üçün Bakıya gətirilir.

09:37

İtkin düşmüş alpinistlərin meyiti Quba rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Press-az.com APA-ya istinadən xəbər verir ki, yaxın saatlarda alpinistlərin meyiti Bakıya göndəriləcək.

Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil veriləcək.  

Xilasedicilərin sözlərinə görə, meyitlər təxminən 2800-2900 hündürlükdə olan ərazidə dörd metr dərinlikdə aşkarlanıb. Alpinistlərin çadırda olduqları zaman uçquna düşdükləri ehtimal olunur.

“Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in  peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da, axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, üç meyit (iki kişi və bir qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz