0

Şahin Xudaverdiyev: Uçuşa bilet qalmaması üzündən, yarışa gec getdik

Baxış: 255

Məlum olduğu kimi, karate millimiz Serbiyanın Novi Sad şəhərində keçirilmiş 53-cü Avropa çempionatından beş medalla qayıdıb.

Press-az.com xəbər verir ki, Nuranə Əliyeva (-50kq), Roman Heydərov (kata) bürünc, Şahin Atamov (+84kq), İrina Zaretskaya (-68kq) gümüş və Rafael Ağayev (-75 kq) qızıl medal qazanıb.

Ancaq kumite millimizin baş məşqçisi Şahin Xudaverdiyev medalların əyarının daha yaxşı ola biləcəyini bildirib. O, Press-az.com-a açıqlamasında yarışa bir gün qalmış yollanmalarının nəticəyə təsir etdiyini qeyd edib:

“Beş idmançımızın beşi də finala çıxıb medal qazana bilərdi. Sadəcə, yorğunçuluq üzündən uşaqlar III yer uğrunda görüşdə və finalda uduzdular. Yoxsa idmançılarımız yarışa tam hazır idilər. Amma yorğunçuluq onların daha yüksək nəticə göstərməsi şansını əllərindən aldı.

Serbiyaya gec getməyimiz federasiyadan asılı olan məsələ idi. Federasiya bizə əvvəlcə mayın 7-si və ya 8-də uçuşumuzun olacağını bildirmişdi. Hətta uçuşun 7-si olacağını biləndə sevinmişdik. Lakin uçuşa biletlərin qalmaması üzündən, biz ayın 9-dakı reyslə səfərə getməli olduq. Uçuş isə ayın 8-dən 9-na keçən gecə baş tutdu. Bu isə o demək idi ki, gecə biz yatmırıq, iki təyyarə dəyişirik, üstəlik Belqraddan yarışın keçirildiyi Novi Sad şəhərinə avtobusla getməliyik. Həmin gün çəkiölçmə mərasimi, bir gün sonra isə yarışımız idi. Bu da döyüşlərdə həmin yorğunluqlara səbəb oldu.

Məşqçilik karyeramda belə şeylə əvvəl də qarşılaşmışam. Ancaq yarışın əhəmiyyətinə, Olimpiadada millimizi təmsil edəcək idmançılarımızın kimliyinə əsasən gərək belə səhvə yol verməzdik. Düzdür, bizim günahımız deyildi. Amma olmamalıydı. Bununla belə, medalla qayıtdıq, nəticəmiz də pis deyil. 52 ölkə arasında VI yerdə olmaq yaxşı nəticədir.

Ümumiyyətlə, orda 52 ölkədən yalnız 22-si medal qazana bilib. Əgər bir qızıl medal da qazana bilsəydik, biz III yerdə olacaqdıq. Əslində medal sayına görə biz III yerdə bitirdik, sadəcə, əyar baxımından VI pilləni tutduq”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz