0

İsrail İrana qarşı ərəb koalisiyası qurur

Baxış: 311

Təl-Əviv ərəb dövlətlərini İrana qarşı səfərbər etməklə həm də Fələstin məsələsində ciddi üstünlük əldə edir

İsrail baş nazirinin aprelin 30-da gecə İranın nüvə proqramına dair sənədləri açıqlaması həm də müharibə hazırlığı kimi dəyərləndirilir. Xatırladaq ki, bundan bir neçə gün əvvəl Fransa prezidenti, ardınca isə Almaniya kansleri Vaşinqtona səfər edərək ABŞ prezidenti ilə İranın nüvə məsələsini müzakirə edib.

Donald Tramp İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin ləğv olunması və yeni sazişin hazırlanmasını tələb edir. ABŞ hökuməti tələb edir ki, saziş yenidən hazırlansın və bu dəfə nüvə proqramı ilə yanaşı İranın ballistik raket proqramı, eləcə də Yaxın Şərqdəki aktivliyinin məhdudlaşdırılmasını tələb edir. Ancaq İran hökuməti müqaviləyə yenidən baxılmasını istisna edir. Xarici işlər naziri Cavad Zərif deyib ki, İran nüvə sazişi barəsində bir daha heç bir sövdələşmə aparmayacaq və müzakirə masasına əyləşməyəcək. C.Zərif deyib ki, ABŞ-ın saziş çərçivəsində öhdəsinə düşən öhdəlikləri kobud şəkildə pozub.

ABŞ-ın məhz İranla nüvə anlaşmasına yenidən baxmağa hazırlaşdığı bir zamanda İsrail baş nazirinin İranın nüvə proqramı ilə bağlı məlumatları açıqlaması Vaşinqtonun “çörəyinə yağ sürtmək” kimi qiymətləndirilir. Mütəxəssislərə görə, Netanyahunun tez-tələsik gizli adı verdiyi məlumatları açıqlaması və İranı dünya ictimaiyyətini aldadaraq nüvə silahı əldə etməyə çalışmaqda ittiham etməsi Vaşinqtonu müharibəyə sövq etmək məqsədi güdür. Baxmayaraq ki, Təl-Əviv İrana hücum edəcəkləri ilə bağlı iddiaları təkzib edir. İsrailin müdafiə naziri Aviqdor Liberman “Kommersant” qəzetinə müsahibəsində deyib ki, İsrail İranla müharibə etmək istəmir. Liberman iki xalq arasında problemin olmadığını, əsas problemlərinin İrandakı dini rejim olduğunu əlavə edib.

Ancaq İsrail bir neçə gün əvvəl Suriyada İranın hərbi bazalarını vurub. Hətta bu zərbələrin müharibəyə səbəb olacağı ilə bağlı şayiəyə də səbəb olub. İsrail rəsmilərinin İranla bağlı sözləri və əməlləri necə deyərlər, üst-üstə düşmür. Çünki Yaxın Şərqdə İran əleyhinə bir koalisiya formalaşdığını artıq hər kəs görür. Ötən həftə sonu regiona səfər edən və Səudiyyə Ərəbistanı, İsrail və İordaniyada olan ABŞ-ın yeni dövlət katibi Pompeo da İrana qarşı siyasəti müəyyən etdiklərini bildirmişidi.

İki gün əvvəl Mərakeş kralı 6-cı Məhəmmədlə telefonla danışan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin də əsas mövzusu İran olub. Hər halda rəsmi açıqlamada qeyd olunur ki, iki kral arasında telefon danışıqları zamanı “İranın ərəb ölkələrinin daxili işlərinə qarışması və təhlükəsizlik, eləcə də sabitliyi pozmağı hədəfləyən siyasəti qarşısında koordinasiyalı fəaliyyət” göstərməklə bağlı razılaşıblar. Eyni zamanda kral Salman Mərakeş xalqının yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, mayın 1-də Mərakeş hökuməti Hizbullah və “Polisario” təşkilatı arasında əlaqələri ölkə təhlükəsizliyi üçün təhdid olaraq göstərərək İranla diplomatik əlaqələri dayandırıb. Ancaq Hizbullah bəyanat yayaraq bildirib ki, bu qərar üçün Mərakeşə təzyiq edilib. Görünən odur ki, İsrail və ərəb müttəfiqləri Vaşinqtonun da dəstəyi ilə mayın 15-nə, İsrailin dövlət müstəqilliyinin 70 illiyinə qədər İrana qarşı böyük bir regional koalisiya formalaşdırmağa çalışır. Çünki mayın 15-dək ABŞ və daha bir neçə ölkə səfirliklərini Qüdsə köçürəcək və bu zaman münaqişənin şiddətlənməsi riski var.

İsrailin İrana birbaşa hücum etməsi inandırıcı olmasa da, yəhudi dövləti İrana qarşı güclü bir blok formalaşdırmağa, mümkün qədər ərəb ölkələrini, o cümlədən ABŞ-ı İranla münaqişəyə cəlb etmək istəyir. Bunun üçünsə ən uyğun olan İranın nüvə proqramıdır. Tramp və komandası da İranla gərginliyin yaranmasında maraqlı görünür. Səudiyyə Ərəbistanı isə regionda İranla faktiki olaraq qarşıdurma vəziyyətindədir. Krallıq, Suriya, Yəmən, İraq, Livanda faktiki olaraq İranla mandat savaşı aparır. Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman da yaxın illərdə İranla savaşın qaçılmaz olduğunu bildirib.

Bu vəziyyətdə İran düşmənçiliyi istər-istəməz İsrail, ABŞ. Səudiyyə Ərəbistanı və onların bölgə müttəfiqlərini bir araya gətirir. Bu vəziyyət həm də İsrailin ərəblər tərəfindən tanınması üçün fürsət yaradır. Bu səbəbdən də İsrail dövləti İran düşmənçiliyindən məmnundur və bunun daha da genişlənməsində maraqlıdır. Çünki İranla düşmən ölkələrin Fələstin məsələsində İsraillə barışması müşahidə olunur. Artıq Misirlə yanaşı, İordaniya, Səudiyyə Ərəbistanı bu istiqamətdə ciddi addımlar atıblar.

İran isə bu vəziyyətdə ərəb dünyasındakı İsrail əleyhdarlığını, Qüds və Fələstin məsələsindəki sabiti mövqeyi ilə ərəb-müsəlman aləmində “müqavimət cəbhəsini” öz ətrafında toplamağa çalışır. Çünki ərəb dünyası hökumətlərdən fərqli olaraq Fələstin və Qüds məsələsində daha qəti mövqedədir. Bu isə uzun illər tələb edən bir fəaliyyətdir.

Kənan RÖVŞƏNOĞLU,


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz