0

Qızılın qiymətini “oynadan” səbəblər -FOTO

Baxış: 331

Satıcılar yay aylarında ölkədə qızılın daha da ucuzlaşacağını, ekspert isə bunun əksini proqnozlaşdırır...

Azərbaycanda son bir həftə ərzində qızılın qiymətində oynamalar müşahidə olunur. Məsələn, aprelin 27-də Azərbaycanda qızıl, gümüş və platin ucuzlaşıb, palladium isə bahalaşıb. Qızılın qiyməti aprelin 26-ı ilə müqayisədə 9,9025 manat azalaraq 1 troy unsiyası üçün 2240,26 manat təşkil edib.

Gümüş 0,095 manat ucuzlaşaraq 1 unsiya üçün 28,0891 manata bərabər olub.

Mayın 2-də Azərbaycanda qızıl, platin və palladium ucuzlaşıb, gümüş isə bahalaşıb. Qızılın qiyməti mayın 1-i ilə müqayisədə 3,349 manat azalaraq 1 troy unsiyası üçün 2227,2805 manat təşkil edib.

Gümüş 0,0494 manat bahalaşaraq 1 unsiya üçün 27,7224 manata bərabər olub.

Platinin qiyməti 7,7435 manat azalaraq 1526,073 manat, palladiumun qiyməti 20,9355 manat azalaraq 1618,213 manat təşkil edib. Mayın 3-də Azərbaycanda qızıl ucuzlaşıb, gümüş, platin və palladium isə bahalaşıb.

Qızılın qiyməti mayın 2-i ilə müqayisədə 1,2495 manat azalaraq 1 troy unsiyası üçün 2226,031 manat təşkil edib. Gümüş 0,1916 manat bahalaşaraq 1 unsiya üçün 27,914 manata bərabər olub. Platinin qiyməti 0,2635 manat artaraq 1526,3365 manat, palladiumun qiyməti 29,9965 manat artaraq 1648,2095 manat təşkil edib.

“Yeni Müsavat”ın əməkdaşı Bakıda qızıl satılan bazarlarda da olub. Öyrənib ki, qiymətlərdəki dəyişiklik bazara da təsir edib. Ümumilikdə isə satıcıların sözlərinə görə bazarda müştəri qıtlığı yaşanır. Satıcılar bunu Ramazan ayının gəlməsi ilə əlaqələndirirlər. Satıcıların sözlərinə görə, yay aylarında qızılın qiymətində bir qədər də ucuzlaşma olacaq:

“Yay aylarında adətən hər il qızılın qiyməti aşağı düşür. Bu il isə Ramazan ayı may ayına düşdüyü üçün artıq qızılın qiymətində az da olsa enmələr var. Müştəri baxımdan da ötən ilin eyni ayı ilə müqayisədə zəiflikdir”, deyə satıcılar bildirdilər.

Öyrəndik ki, hazırda bazarda 583-585 əyyarlı qızılın lomu 41 manata, 750 əyyarlı qızıl isə 51 manata satılır. Bu, ötən illə müqayisədə ucuzlaşma deməkdir.

İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, yay aylarında qızılın qiymətində artım ola bilər:

“Azərbaycanda hər zaman qızılın qiymətləri dünya bazarına paralel olaraq dəyişir. Son zamanlar qızılın qiymətində ciddi oynamalar müşahidə olunur. Geridə qalan 1 ay ərzində 10 faizə yaxın qiymətlərdə oynama var. Bütün bunlar dünyada gedən siyasi gərginliklər və ticarət müharibələrinin artması təhlükəsindən qaynaqlandı. Çünki qızıl çox həssas bir yatırımdır və dünyada gəriginlik artdıqca, qızılın da qiymətində dəyişiklik olur. Bir çox yatırımçılar müharibə təhlükəsi artdıqca, ticarət dövriyyəsi ilə bağlı problemlər yaşandıqca öz aktivlərini qızılda yerləşdirməyə üstünlük verirlər ki, bu da dünyada qızılı bahalaşdırır. Azərbaycanda da buna paralel addımlar görürük. Bundan əlavə də mövsümü hazırlıqlarla da qiymətləri əlaqələndirmək olar. Ölkədə Ramazan ayından sonra demək olar ki, payızın sonuna qədər çox intensiv  toy mövsümü başlayır. Bu mövsümdə isə qızıla tələbat artır. Tələbatın artması qiymətlərdə də dəyişikliyə səbəb olur. Çox zaman Azərbaycanda mövsümü amillər dünya bazarında gedən proseslərdən daha çox təsirli olur. Qiymətlərin enməsi alıcılıq qabiliyyətindən də asılıdır. Satıcı nə qədər bahalaşdırsa alıcı olmadığı üçün qiyməti aşağı salmağa məcbur olur. Ötən ilin eyni dövrü ilə müqayisədə qızılın unsiyasında təqribən 85 dollara yaxın ucuzlaşma var. Keçən ilin mayında qızılın unsiyası təxminən 1395 dollar idisə, indi isə 1315-1320 dollar civarındadır. Ona görə də bu hal da Azərbaycan bazarında ötən illə müqayisədə qızılın qiymətinin aşağı olmasına səbəb ola bilər. Ehtimal var ki, dünyada qızılın qiymətində artım olacaq. May 12-də Trampın İranla bağlı açıqlaması gözlənilir. Əgər çox kəskin açıqlama olacaqsa İranla müharibənin reallaşma ehtimalı artacaq. Bu isə qızıla olan tələbatı da artıracaq. Nəticədə qiymətlər artıma doğru dəyişə bilər”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz