0

Mirdamət Sadıqov İsmayıllını talayır

Baxış: 895
Professordur. Uzun illər rektor işləyib. Amma adı milyon manat qalmaqallarında, rüşvətxorluqda, özbaşınalıqda, brilyant biznesində hallanır. Hətta rəhbəri olduğu rayonun sakinlərini təhdid, təhqir etməkdən də çəkinmir. Söhbət İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovdan gedir.

Bu rayonda problemlər hədsizdir, sakinlər onların həllinə ümidi itiriblər. Ölkənin bu cənnət məkanında insanlar cəhənnəm əzabı çəkir

Azərbaycanın cənnət məkanlarından biri olan İsmayıllıda təbiətin gözəlliyindən fərqli olaraq əhalinin durumu cəhənnəmi xatırladır. 2013-cü ilin yanvar ayındakı məlum olaylardan sonra rayonun icra başçısı Nizami Ələkbərov vəzifəsindən azad edildi. Onun yerinə İsmayıllıdan olan professor Mirdaməd Sadıqov gətirildi.

Düşünülürdü ki, rayona yerli bir nəfərin başçı qoyulması mövcud problemləri aradan qaldıracaq. Lakin Mirdaməd Sadıqovun bu müddət ərzindəki fəaliyyəti bunun tam əksini sübut edir. Sakinlərin sözlərinə görə, M.Sadıqov sadəcə təyinatının ilk aylarında vətəndaşlarla görüş keçirib, onları narahat edən məsələləri dinləyib. Amma qısa müddət sonra yeni gələn bütün başçılar kimi, qolunu çirməyib, rüşvət yığımına başlayıb.

Verilən vədlər yerindəcə qalır!

Şikayətçi olan rayon sakinləri bildirir ki, başçı özünü göstərmək üçün fevral və mart aylarında bir neçə dəfə sakinlərlə görüş keçirdi. Vəd verdi ki, problemlər zamanla həllini tapacaq. Amma rayon rəhbəri verdiyi sözü tutmayıb. Rayondakı sosial problemlərin böyük hissəsi hələ də qalır.

Professorla “brilyant Sevanın” biznesi

Bakıda, eləcə də Yasamalda məşhur olan Sevda adlı qadın var. “Sələm Seva”, “brilyant Seva” adı ilə tanınır. Əldə etdiyimiz məlumata görə, Mirdamət Sadıqovun brilyant biznesini Seva idarə edir: “Professorun brilyant biznesi var. İdarəsini Sevaya həvalə edib. Seva bu işlərdə professionaldır. Nə pulun, nə də brilyantın, eləcə də qızılın dəyərinin ölməsinə imkan vermir. Pul verir qızıl brilliant alır. Əvvəllər özü üçün məşğul idi bu işlərlə. İndi professor üçün işləyir. Sələm verir, qızıl alır. Briliant satışı ilə məşğul olur”.

“Başını bədənindən yox edərəm”

Məlumatlı mənbə bildirir ki, özünü hamıya ideal, vətənpərvər, işini bilən adam kimi göstərib, gözdən pərdə asmaq istəyən bu şəxsin, özbaşına və qoçu hərəkətləri universitet dönəmindən qalıb: “ Professor Aqrar Universitetdə rektor işlədiyi vaxt, mən orada davamiyyətə nəzarət edirdim. Həmin vaxt imkanlı ailələrin uşaqlarının dərslərdə iştirak etmədiyini görüb, üzərimə düşəni etdim. Professor məni çağırdı ki, mənim işlərimə niyə burun soxursan. Başın girməyən yerə bədənini soxma. Yoxsa o başı bədənindən yox edərəm. O məsələdən sonra Universitetdə bir müddət işləyib, istefa verdim. Çünki gördüm ki, təhlükəli adamdır. Bir rektor işçisini ölümlə hədələyirsə, artıq bu onun xislətindən gələn bir haldır. Nə vaxtsa gerçəkləşdirər. İndi İsmayıllını da eyni üsulla idarə edir. Təhdid və şantajla…”

799 minlik korrupsiya sənədi

İsmayıllının icra başçısı Mirdamət Sadıqov bu vəzifəyə qədər rektoru olduğu Dövlət Aqrar Universitetində qazandığı “aqrar təcrübə”ni rəhbəri olduğu rayonda tətbiq etməyə başlayıb. Amma bu ona baha başa gəlib: ” Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi İsmayıllının 32 kənd üzrə buğda əkini üçün ayrılmış 799 min 397 manat 20 qəpik vəsaitin ən azı 35-40 faizini saxta sənədlər tərtib edilməklə mənimsənilməsi haqda ciddi şübhələrini təftiş edib. Nazirlik bu şübhələrində əminliyi təmin etmək üçün İsmayıllının 5-6 kəndində monitorinqlər də aparıb. Və bu zaman korrupsiya faktını təsdiq edən dəlillər ortaya çıxıb. 32 kənd üzrə 5723 hektar buğda əkildiyi haqda sənədlər tərtib edən Mirdamət Sadıqovun yerli icra nümayəndələrindən ibarət komissiya ümumilikdə 19 min 984 hektar 93 sot buğda səpini aparıldığını rəsmi sənədlərdə qeyd edib. Buna uyğun olaraq isə rayon üzrə 799 min 397 manat 20 qəpik pul ayrılıb. Lakin bu qədər hektara və ayrılan dəstək puluna rəğmən, məhsuldarlığın gözlənildiyindən kəskin aşağı olması, nazirliyi hərəkətə gətirib. Elə bu fakt da Mirdamət Sadıqov, onun aqrar məsələlər üzrə müavini Həsən Həsənov və yerli icra nümayəndələrini qorxuya salıb. Nazirlik əsasən rayonun Qubaxəlilli, Ruşan, Qalagah, Qoşakənd, Tircan, Hacıhətəmli, Kəlbənd, həmçinin İsmayıllı şəhər İnzibati nümayəndəliyinin hesabında yer alan rəqəmlərin ciddi şəkildə saxtalaşdırılmasını aşkarlayıb”.

“Tez-tez qəbuluma gəlməyin, ürəyim xəstədir”

Kənd sakinləri Mirdamət Sadıqovdan narazıdı. Mənbə bildirir ki, ikayətçilərlə kobud davranana başçı, onları ələ salmaqdan da çəkinmir:”Rayona başçı təyin olunandan bütün görüşlərində, tədbirlərində milyonlardan danışır. Amma ortada heç nə yoxdur. Bizlər bu milyonlardan heç bir fayda görə bilmirik. Ancaq başçının bütün yaxın ətrafı az müddətdə varlanıb, yüksək imkan sahibi olub. Mirdamət Sadıqovdan soruşuram: bu milyonlar ayrılıbsa, hanı, ayrılmayıbsa, bu yalanları kimə deyirsiniz? Mirdamət müəllimə deyirəm ki, evim uçur, o da yanında oturan məmurlara göz vurub mənə bankada dərman təklif edir. Ona söz deyən kimi deyir ki, tez-tez qəbula gəlməyin, ürəyim xəstədir. Xəstəsinizsə, bu vəzifədə nə işiniz var? Işləyə bilmirsiniz, əl çəkin, qoyun bacaranlar işləsin. Insanların qarnı yalanla doymur, onlara iş, çörək, dərdinə əlac edən rəhbər lazımdır, ay hörmətli müəllim”.

Dövlətin ayırdığı vəsait hansı formada mənimsəndi?

İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb. M. Sadıqov tənbəllik etməyib, özünə yaxın şirkətləri təmir-tikintiyə cəlb edib. Kiçik bir qismi ilə yüngülvari işlər görən firma, vəsaitin böyük qismini başçıya təhvil verib.

İnsanlar susurlar..

Sakinlərin sözlərinə görə, rayon ərazisində hələ də içməli su problemi aktualdır: “Evlərə qədər borular çəkilib, ancaq su verilmir”.

“İcra başçısı Prezidentin açdığı müəssisələri işləməyə qoymur”

Əldə etdiyimiz məlumata görə, rayon rəhbərliyinin gördüyü iş ancaq İcra Hakimiyyətinin qarşısını abadlaşdırmaqdan ibarətdir: “İcra hakimiyyətinin binasının yanı, Zərifə Əliyeva adına park abadlaşdırılır, vəssalam… Başçı düzəlmiş yerləri söküb, yenidən düzəldir. Zərifə Əliyeva parkını sökdü, adını da dəyişib, uşaq və gənclər parkı etdi. İcra başçısının rayonda gördüyü iş budur”.

Həmçinin, rayonda yeni tikilən və açılışı olan uşaq bağçası da işləmir: “Sentyabrda dövlət başçısı rayona gəlib, uşaq bağçası açdı. Təmirli, yüksək standartlara malik bağça idi. O, gedən kimi bağçanın qapısını bağladılar. İcra başçısı Prezidentin açdığı müəssisələri də işləməyə qoymur”.

Mənbənin sözlərinə görə, sakinlər şikayətlənirlər ki, dörd il əvvəl Yaponiya səfirliyinin dəstəyi ilə tikilən artezian da sökülərək, yararsız hala salınıb.

“Artezianı 2011-ci ildə yaponlar tikdilər ki, İsmayıllı camaatının suyu olsun. Yaponların maliyyə dəstəyi ilə tikilib. Ancaq “kamarxoz”un (Kommunal Müəssisələr Kombinatı) rəhbəri gəldi, motorunu söküb apardı, sonra da turbaları söküb, götürdülər. Yəni camaat su içməməlidir. Bunlara satmağa motor lazım idi. Bununla bağlı yazdığım şikayətlərin sonunda məlum olub ki, motor kommunal müəssisələr kombinatının anbarında saxlanılır. İcra Hakimiyyətindən bildirilir ki, bu artezian kombinatın balansındadır. Əslində isə bələdiyyəyə verilməli idi. Bu məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət edilsə də, nəticəsi olmayıb.



Mənbə bildirir ki, yaponların 250-300 min manatlıq digər projesi rayon rəhbərliyinin sayəsində yararsız elan edilib.

“Qohum-əqraba idarəçiliyi”

Prezidentin dəfələrlə “qohum-əqraba sisteminə son qoyun” əmrindən deyəsən Mirdamət Sadıqovun xəbəri yoxdur. Gələn şikayətlər bunu deməyə əsas verir: “Özüm YAP-ın üzvüyəm. Rayondakı problemlər barəsində dəfələrlə Prezidentə yazmışam. Yazmışam ki, bu gün İsmayıllı rayonuna göndərdiyiniz Mirdaməd Sadıqov müavinlərini yox, öz yaxınları olan kənar şəxsləri rayonun idarəetməsinə cəlb edir. Qeyri-qanuni olaraq, saxta müqavilələrlə pensiya yaşında olan adamları – Valeh Salehovu, Fərman Bəşirovu, Bəhram Tanrıverdiyevi yanına gətirib, sovet ideologiyası ilə rayonu idarə edir. Kadr məsələlərinə, tikinti işlərinə, rayonda olan hər şeyə onlar baxırlar. İcra başçısının bütün hərəkətlərini onlar tənzimləyirlər. Başçı onlara paket verərək, işlədir. Rayonda iş yerlərini ancaq başçının yaxınları, qohumları olan lahıclar tutublar. Yəni etnik ayrı-seçkilik salırlar. Rüşvət isə boğazdadır”.



Mənbənin sözlərinə görə, icra başçısı bir sıra layihələri yaxınları ilə birgə mənimsəyir: “Rayonun kommunal müəssisələr kombinatına yollara işıq çəkmək həvalə edilib. Əslində bu, tenderlə edilməli olan məsələdir. Ancaq pulu ortaq mənimsəyirlər, “kamarxozun” işçilərini də pulsuz işlədirlər. Zibilyığan işıq çəkə bilməz, mütəxəssis olmalıdır, bu işlə bağlı… Ancaq nəyi necə gəldi, edirlər”.

“Niyə bu rayonun yiyəsi yoxdur?”

Nazirliyin cavab məktubunda isə bildirilir: “2011 may ayından 2014-cü ilin mayına kimi olan dövrdə dövlət büdcəsinin İsmayıllı rayonu üzrə gəlir və xərclərindən İsmayıllı rayon İcra Hakimiyyətin başçısının aparatına, rayonun abadlığına, yolların, mənzil fondlarının, büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, həmçinin Kommunal Müəssisələr Kombinatına ayrılan vəsaitin təyinatı üzrə xərclənilməsi yoxlanılıb. Nəticədə məlum olub ki, mövcud tələblər pozulub, büdcə vəsaitlərinin artıq xərclənildiyi rəsmiləşdirilib, əsassız olaraq dəyər artırılıb. Podratçı təşkilatlara artıq büdcə vəsaitinin köçürüldüyü aşkar olunub. Artıq ödənilən məbləğ şəxslər tərəfindən büdcəyə ödənilməklə bərpa edilib, normativ sənədlərin, uyğun olmayan digər əsasız ödənişlərin davam etdirilməsi dayandırılıb”.

Onların bildirdiyinə görə, hələ 2013-cü ildə açılışı edilən su xətti ilə prezidentin gəlişi zamanından sonra evlərə su verilməyib. Sakinlər bildirirlər ki, həmin vaxt hər evə fasiləsiz su veriləcəyi vəd olunmuşdu. Bundan əlavə, İsmayıllı camaatı dövlət başçısının aldadılmasına təəccüb etdiklərini də gizlətmirlər. Onların sözlərinə görə, bu addımı atmaq üçün çox ürəkli olmaq lazımdır.

Məsələ ilə bağlı araşdırma apararkən məlum olub ki, İsmayıllı rayonunun mərkəzini içməli su ilə təhciz etmək üçün dövlət büdcəsindən bir neçə il ərzində 40 milyon manat pul ayrılıb. Həmin pulla evlərə su xətlərinin çəkilməsi, iri su mənbələri və xətlərinin inşası, anbarların tikilməsi və digər işlər görülüb. Elə işi həyata keçirən «Azərsu» ASC də təsdiq edir ki, onlar hər şeyi hazır edib, İsmayıllı İcra Hakimiyyətinə təhvil veriblər. Və artıq işin bu yerində nələrin baş verdiyini bilən yoxdur. Amma 40 milyon manatın nəzarəti bir başa Mirdamət Sadıqovda olduğuna görə, həmin vəsaitin taleyinin nə yerdə olması az-çox hamıya bəlli olur. Birdə bu məlumdur ki, İsmayıllının rayon mərkəzində yaşayan insanlar illərdin içməli su üzünə həsrət qalıblar.
Rayonun icra başçısı Mirdaməd Sadıqovun isə başı öz problemlərinə qarışıb. Alimlik dərəcəsinə qədər yüksələn sözügedən şəxs artıq rayona nəzarəti tamamilə əldən verib. İddialara görə, İsmayıllıda bir sıra yolların çəkilməsi, təmir işləri, abadlıq məsələləri ilə əlaqədər ciddi problemlər yaranıb. Daha doğrusu, icra başçısı rayonda bir sıra təmir, tikinti işləri, yolların çəkiləmsini yerli iş adamlarına tapşırıb və onlara vəd edib ki, işlər başa çatdıqdan sonra onlara çəkdikləri xərc ödəniləcək. Amma son bilgilərə görə, Mirdaməd Sadıqovun yerli iş adamlarına 1 milyon manat borcu yaranıb. Və icra başçısının həmin pulları verə bilmir.
Məlumat mənbələrin iddiasına görə, Mirdaməd Sadıqov üzləşdiyi problemdən dolayı rayondan getmək istəyir. Daha doğrusu, o, icra başçısı postunu deputat mandatına dəyişməklə bu arzusunu həyata keçirməyə çalışır.

Mirdamət Sadıqov xərac toplayır

Hər kəsə yaxşı məlumdur ki, İsmayıllı turizmi inkişaf edən ən səfalı yerlərdəndir. Burada xeyli istirahət mərkəzləri fəaliyyət göstərir. Məlumatlı mənbə bildirir ki, Mirdamət Sadıqov bu mərkəzlərə əl qoyub. Beləki, hər bir istirahət mərkəzinin sahibindən xərac tələb edir: “Başçı adamların göndərib deyir ki, gəlirimizin yarısını ona göndərməliyik. Əks halda bağladırmaqla hədələyir. Yayda sezon açıldığı üçün günümüzü qara edir. Bəzən az qalırıq o biri başçıya şükür edək. Amma ikisinin də bir-birindən fərqi yoxdur. Hansı gəlirsə rayonu talamaqla məşğul olur. Fikirləşdik ki, Mirdamət Sadıqov ziyalıdır, yəqin ki, camaatı ağ günə çıxardar, amma günümüz qaradır”.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz