0

Azərbaycanda generalların sayı rekord həddə catdı

Baxış: 5 329
Bir var; ordu generalları, bir də var; generallar ordusu. Torpağının 20%-i işğal altında olan Azərbaycan sözün həqiqi mənasında generallar ordusudur. Çünki biz generallarımızın sayına görə hərbi qüdrətiylə sinəsinə döyən bir çox ölkələri haqlamışıq. Bu gün Azərbaycanın generallar siyahısı bir az da böyüyüb.

Press-az.com-un məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Daxili Qoşunlar Komandanının 1-ci müavini, Qərargah rəisi Tofiq Hüseynov general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

Bununla da ölkəmiz generallarının sayına görə dünyanın ən aparıcı dövlətlərini belə geridə qoymaq yolunda əzmli irəliləyişini davam etdirib. Belə ki, potensial əsgər sayı 126 min, aktiv əsgər sayı isə 70.000 min olan Azərbaycanda generalların sayı tam bilinməsə də, bu rəqəmin 200 civarında olduğu təxmin edilir. Halbuki, 2 milyon 285 min nəfərlik orduya sahib Çinin 191 generalı var. Biz generallarımızın sayına görə, NATO-nun ikinci ən çox əsgəri olan Türkiyəni belə geridə qoymuşuq. Məlumata görə, 2015-ci ildə 364 generalı olan Türkiyə ordusunda məlum 15 iyul çevrilişindən sonra aparılan təmizləmə əməliyyatıyla bu rəqəm 196-a düşüb. Bizdə isə dəqiq bilinməsə də təxminən o sayda general var və onların sayı durmadan artmaqdadır.

İnsafən, generallar ordusu xarakterinə görə Azərbaycan nadir dövlət də deyil. Dünyada bir çox dövlətlər var ki, əsgərləri ilə generalların sayı arasındakı nisbət xeyli təəccüb doğurur. Məsələn, bir çoxumuz bütün parametrləriylə dünyanın ən güclü orduları arasında ilk yeri tutan ABŞ-ın ən çox generala sahib ölkə olacağını təxmin edirik. Sən demə, belə deyilmiş. 2 milyona yaxın əsgəri olan ABŞ-da cəmi 498 general var imiş. Dünyanın önəmli hərbi qüdrətlərindən sayılsa da, hər halda ABŞ-la müqayisə edilə bilməyəcək qədər kiçik İngiltərə isə generallarının sayına görə, super gücü hardasa 2 dəfə geridə qoyur- 186 min nəfərlik İngiltərə ordusunda 820 general var. 200 minə yaxın əsgəri olan Almaniya ordusunda generalların sayı təxminən bizim qədər imiş – 202. Rusiya da qələbəlik generalları ilə seçilsə də, onların sayı tam bilinmir.



Kimin nə qədər generalı var?

Dünyanın 11 ölkəsinin general sayına görə siyahısını təqdim edirik:

1 İngiltərə: 186 min nəfərlik orduda 820 general,

2 İtaliya: 180 min nəfərlik orduda 485 general,

3 Yunanıstan: 142 min nəfərlik orduda 319 general,

4 İspaniya: 129 min nəfərlik orduda 254 general,

5 Fransa: 217 min nəfərlik orduda 338 general,

6 Almaniya: 188 min nəfərlik orduda 202 general,

7 Polşa: 134 min nəfərlik orduda 202 general,

8 Türkiyə: 582 min nəfərlik orduda 196 general,

9 Amerika: 1 milyon 497 min nəfərlik orduda 498 general,

10 Çin: 2 milyon 285 min nəfərlik orduda 191 general,

11 Azərbaycan: 70 min nəfərlik orduda 200-ə yaxın general.


Bəs, bu gün generallarımızın siyahısını bir az da artıran Tofiq Hüseynov kimdir?

Barəsində verilən məlumatlardan aydın olur ki, general-mayor T.Hüseynov iki ali məktəb qurtarıb - 1993-1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi, 2013-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsi. Başqa sözlə; yeni generalımız yarı hərbçi, yarı hüquqşünas imiş.

Daxili Qoşunlar Komandanının 1-ci müavini, Qərargah rəisi general-mayor Hüseynov Tofiq Vaqif oğlu:

1974-cü ildə Ermənistan SSR, Krasnoselsk rayonu, Ardanış kəndində anadan olmuşdur. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1993-1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, 2013-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.

1997-2003-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında sərhəd zastavası rəisinin müavini, sərhəd zastavası rəisi, sərhəd komendantlığının komendantının müavini – qərargah rəisi vəzifələrində xidmət etmişdir.

2003-2008-ci illərdə Dövlət Sərhəd Xidmətində baş zabit, çevik hərəkət taborunun komandiri vəzifələrində xidmət etmişdir.

2008-2017-ci ilə kimi DİN-nin Daxili Qoşunlarının Baş İdarəsinin Qərargahında Əməliyyat və döyüş hazırlığı İdarəsinin əməliyyat şöbəsində baş zabit, hərbi hissə komandirinin tərbiyə işləri üzə müavini və hərbi hissə komandiri vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 yanvar tarixli 2632 nömrəli Sərəncamı ilə DİN-nin Daxili Qoşunları Qərargahı rəisinin 1-ci müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2018-ci il tarixli 3681 nömrəli Sərəncamı ilə Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2010-cu il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var.

Əlavə şərhə ehtiyac varmı?
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz