0

MÜBARİZ İBRAHİMOVUN ADI MÜTLƏQ METRO STANSİYALARIN BİRİNƏ VERİLMƏLİDİR

Baxış: 1 414
Zahid Oruc cəmiyyətdən gələn təklifi parlamentin tribunasından səsləndirməyə hazırdır

Sosial şəbəkələrdə, eləcə də cəmiyyətdə metro stansiyalarından birinə şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız Mübariz İbrahimovun adının verilməsi təklifi gündəmdədir. Əksəriyyət bunu müsbət dəyərləndirərək qeyd edib ki, məsələ reallaşarsa, bu, ölkədə milli vətənpərvərlik ruhunun aşılanması istiqamətində böyük örnək olar.

Təklifin nə dərəcədə real olması ilə bağlı fikirlərini "Şərq”lə bölüşən "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, metro stansiyalarının adını Metropoliten vermir: 

"Metrostansiyalar açılmağa yaxın Nazirlər Kabineti tərəfindən adı müəyyən olunur. Ümumiyyətlə, bu cür əhəmiyyətli obyektlərə adı təsisçi qurumlar vermir. Bu, yuxarı strukturların dəqiqləşdirdiyi məsələdir.

Metrostansiyalardan birinə Mübariz İbrahimovun adının verilməsini dəstəkləyən vətəndaşların əksəriyyəti "Xalqlar dostluğu”, "Ulduz” kimi sovetlər dönəmindən qalan stansiyaların adının dəyişdirilməsini məqbul hesab edirlər. Düzü, haqsız da sayılmazlar. Canını vətən üçün fəda etmiş qəhrəmanımızın adının metrostansiyalardan birinə verilməsi hər halda alqışlanmalıdır”.

Mövcud durumla bağlı "Şərq”ə danışan millət vəkili Zahid Oruc hər zaman Parlamentdə və digər qurumlarda bu təkliflə bağlı çıxışa hazır olduğunu bildirib. Deputatın sözlərinə görə, milli qəhrəmanımızın adının stansiyalardan birinə verilməsi vacib məsələlərdən biridir:

"Mübariz İbrahimov canını vətən üçün verərək əbədiləşməyə layiq olduğunu sübuta yetirib. Şübhəsiz ki, əbədiləşmə ilə bağlı qərarlar verilərkən elə məqamlar nəzərə alınmalıdır ki, bu addım müəyyən bir ictimai məna daşısın, vətənpərvərlik xarakterində dövlətin nəzərdə tutduğu işə çevrilsin. Həmçinin gənc nəslin tərbiyəsinə, ağlına, düşüncəsinə, həyat amalına təsir eləsin. Yalnız Mübariz İbrahimovun valideynləri deyil, hər bir Azərbaycan insanı düşünsün ki, böyütdüyü övladlar gələcəkdə hər hansı bir şəraitdə həyatlarını millət üçün qurban verərlərsə, onların adı unudulmayacaq, tarixin arxivində qalmayacaq, onlar hər kəsin övladına çevriləcək. Yaxşı bilirik ki, qoyulan heykəllər, abidələr və yaxud onların fəaliyyətini qiymətləndirmək üçün görülən işlər nə qədər böyük önəm daşıyır. İstər İkinci Dünya müharibəsində həyatını itirən insanlara, yaxud da tarixi şəxslərə yanaşmadan çıxış edərək bunu söyləyirəm.

Mübariz İbrahimov silahlı qüvvələrin təmsilçisi olub, Azərbaycan ordusunu özündə təcəssüm elətdirir, savaş başa çatmayıb, Qarabağ uğrunda müharibə davam edir. Belə olan təqdirdə həqiqətən də xüsusi və özəl məna daşımayan sovet dövrünün beynəlmiləlçiliyini özündə ehtiva edən "Ulduz” və "Xalqlar dostluğu” stansiyalarını Mübariz İbrahimovun adı ilə adlandırmaq olar. 

Təsəvvür edin ki, hər dəfə qatarın hərəkəti zamanı bu adın elan olunması insanlara öz siqnallarını verəcək. Əlbəttə, "Xalqlar dostluğu” hər zaman lazımdır. Amma düşünürəm ki, Mübariz İbrahimovun adı bütün bu adlardan daha üstündür. Ona görə də parlament üzvü kimi biz bu məsələdə cəmiyyətdən gələn müraciətlərə, çağırışlara diqqətlə yanaşmağa hazırıq. Müvafiq prosedurlar, hökumətin ayrı-ayrı qurumları, o cümlədən Bakı Şəhər İcra Hakimiyyəti və Parlamentin timsalında bu məsələni həll etmək mümkündür. Düşünürəm ki, bu təklif hamı tərəfindən rəğbətlə qarşılanacaq. Məsələni seçki dövründə, eləcə də parlament tribunasında səsləndirməyə, müvafiq qurumlara müraciət etməyə hazıram”. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz