0

Ə. Nuruzadə: Cibimə narkotik vasitə idarəyə daxil olduqdan sonra qoyulub

Baxış: 360
Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatının (MHB) koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirildi. Məhkəmə prosesində Əhsən Nuruzadənin özü və onun vəkili Fariz Namazlı, dövlət ittihamçısı Orxan Dəmirli, eləcə də media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Məhkəmədə hal şahidləri ifadə veriblər. Belə ki, Ə. Nuruzadənin cinayət işindəki sənədlərə görə, onun tutulmasında iştirak etmiş Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməliyyatçısı İftixar Rüstəmov vediyi ifadədə Ə. Nuruzadəyə 28 may ərazisində o piyada olarkən yaxınlaşıb könüllü şəkildə idarəyə getməsini təklif etdiyini və idarədə üzərindən narkotik vasitə çıxdığını deyib. Ə. Nuruzadə isə bildirdi ki, o həmin əraziyə taksidə gedib və onu taksidən düşürüb idarəyə aparılmasında Rüstəmov iştirak etməyib, başqa bir şəxs olub və onun cibindən narkotik vasitə idarəyə daxil olduqdan sonra qoyulub. Digər hal şahidi Adil Əhmədov da bildirdi ki, əvvəllər Sumqayıt şəhərində cəmi 2-3 cinayət işində hal şahidi qismində iştirak edib. Vəkil F. Namazlı bu hal şahidinin ayrı - ayrı cinayət işlərində hal şahidi qismində iştirak etməsi ilə bağlı 12 məhkəmə sənədini məhkəməyə təqdim edib. Vəkil qeyd edib ki, “Bu şəxs 12 işdə hal şahidi kimi iştirak edib və qanunvericiliyə görə, hal şahidi işdə marağı olmayan şəxs olmalıdır. Onun mütəmadi olaraq hal şahidi kimi iştirak etməsi onu təsdiq edir ki, onun bu işlərdə şəxsi marağı var və polisin standart hal şahididir”.Məhkəmə digər hal şahidlərinin dindirilməsi ilə bağlı növbəti məhkəmənin 13 fevral 16:30-da davam edəcəyini elan edib.Qeyd edək ki, Müsəlman Birliyi Hərəkatının (MHB) kordinatoru Əhsən Nuruzadə oktyabrın 6-sı saat Səməd Vurğun bağınınn yaxınlığında qara rəngli "JEEP" markalı maşın tərəfindən naməlum istiqamətə aparılıb. Sonradan onun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı məlum olub. Oktyabrın 10-da ona qarşı cinayət işi açılıb. Ə. Nuruzadənin vəkili Yalçın İmanov onun Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunması barədə məlumat verib. Yaxınları onun ictimai fəaliyyətinə görə həbs edildiyini bildirir. Hal - hazırda Ə. Nuruzadə Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasındadır.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz