0

Şəhid Mübariz İbrahimovun 30-cu doğum günüdür.

Baxış: 204

Azərbaycanın Milli Qəhrəmanı, Milli Ordunun giziri, şəhid Mübariz İbrahimovun 30-cu doğum günüdür. 

Press-az.com xəbər verir ki, Mübariz Ağakərim oğlu İbrahimov 30 il əvvəl bu gün  Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib, 2009-cu ildən isə gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birinə keçib.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür və 50-ə yaxın ermənini öldürdüyü bildirilir.


Milli Qəhrəmanın cəbhə yoldaşı, dostu Rəşad Həsənli həmin günü belə xatırayır:

“O gün Ermənilər atəşkəsi dəfələrlə pozulmuşdu. Düşmənlə aramızda 25 metr məsafə vardı. Yarım saat atışdıq. Daha sonra bizim xəbərimiz olmayıb. Mübariz məktub yazaraq sərhədi keçib. O, atəşkəsi pozanlara cavab olaraq getdi və şəhid oldu.  

Ermənilər Mübarizin cəsədini vermirdi. Bir neçə ay sonra Mübarizin cəsədini gətirmək üçün iki əsgərimiz hücuma keçdi. Ancaq onlar müvəffəq ola bilmədilər. Atəşkəs pozulanda ermənilərdən də Azərbaycan tərəfə keçən olmuşdu. Həmin ermənin meyidini verib Mübarizin cəsədini aldılar.

Ermənilər Mübarizə Rembo deyirdilər. Qeyd etdiyim kimi səngərlə aramız 25 metr idi. Bir-birimizin səsini eşidir, danışdıqlarımızı duyurduq. Mübarizin şəhid olmasından sonra ermənilər səslənib bizə acıq verirdilər ki, Rembo bizdədir”.

Mübariz İbrahimovun təkbaşına sərhədi keçəcəyini heç kim gözləmirdi. Odur ki, ilk olaraq hərbi hissədən atası Ağakərim İbrahimova zəng vuraraq onun evə gedib getmədiyi ilə maraqlanıblar:

"Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar".


Mübariz İbrahimovun valideynlərinə yazır:

"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin".

Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Hazırda həm ölkəmizdə, həm də xaricdə Milli Qəhrəmanın şərəfinə onlarla büst qoyulub, küçə, prostpekt və məktəblər onun adını daşıyır.

2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb.

2010-cu ildə isə ilin adamı seçilib.

Mübariz İbrahimov adı Türkiyə vətəndaşları üçün də yad deyil. Dəfələrlə ölkədə çəkilən film, serial və video-roliklərdə Mübariz İbrahimova geniş yer verilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz