0

Prezident müşavirəsində yatan icra başçısının biznes siyahısı

Baxış: 4 231

Prezidentin son müşavirəsində Şuşanın icra başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov yatması görüntülənib.

Prezident İlham Əliyevin müşavirədə çıxışı zamanı Bayram Səfərovu yuxu tutub və o, mürgüləməyə başlayıb.

Həmin an kameralara tuş gəlib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Əlbəttə, dövlət başçısının çıxışına belə hörmətsiz münasibət sərgiləyən icra başçısı izahat verməliydi.

Amma B.Səfərov məsələnin üstündən sükutla keçib və görünür ki, çox yorğun imiş. Yəqin ki, icra başçısının biznes işləri o qədər gərgin, sıx qrafikdən ibarətdir ki, dincəlməyə vaxtı olmur.

Şuşa icra başçısı Bayram Səfərovun Bakının müxtəlif yerlərində obyektləri və Sədərək, Binə bazarlarında çoxlu sayda dükanları var. Habelə, Nərimanovda "Qala”, "İstanbul” və digər restoranların ona aid olduğu bildirilir.

Bir müddət əvvəl isə Tağı İbrahimovdan aldığı 4,5 milyonluq villa ilə gündəmə gəlmişdi. İcra başçısı da həmin məlumatları təsdiq edərək ironiya ilə bildirmişdi ki, «hamı villa ala bilər, mən yox?”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun fəaliyyəti hər zaman diqqət mərkəzində olub.

Bu da təbiidir, çünki onun daşıdığı məsuliyyətli vəzifələr ən yaralı problemimizlə bağlıdır.

O, həm Azərbaycan tarixinin incilərindən olan tarixi bir ərazinin icra başçısı, həm də Dağlıq Qarabağ azərbaycanlılarının lideridir.

Nə yazıq ki, Qarabağ problemi ilə məşğul olmalı olan və Şuşada fəaliyyət göstərməsi gözlənilən və gərəkən Bayram Səfərov nə Milli problemlərlə məşğul olur, nə də Qarabağ torpağındadır.

Bayram Səfərov oturub Azərbaycanın paytaxtında, Bakının mərkəzində, dəbdəbəli binalarda və fəaliyyət sahəsi olaraq da tamamilə biznes sahəsini seçib.

İndi Bayram Səfərov Qarabağ torpaqlarının alınmasına yox, özünə hektarlarla torpaq sahələrinin alınmasına güc qoyub.

Mediaya sızan məlumatlarda bildirilir ki, Bayram Səfərovun Binəqədi rayonunda, Gülüstan qəsəbəsində, fərdi yaşayış evlərinin arasında aqlay daş plitələr istehsal edən sexləri fəaliyyət göstərir.

Novxanı yolunun üzərində yerləşən bu sexlərin hamısı Bayram Səfərovuna məxsusdur və bu sexləri onun adamları işlədir.

Hektarlarla sahə Şuşa İcra Hakimiyyətinin başçısı tərəfindən zəbt edilib və burada açıq havada sexlər açılıb. Sexlər yeni tikilmiş yaşayış evlərinin arasında yerləşir və zəhəri camaatın həyətinə tökülür.

Bayram Səfərov bununla kifayətlənməyərək ərazidə mal-qara ferması da saxlayır. Fermanın yaxınlığında şamaxılı bir şəriki ilə böyük gön-dəri sexi açıb.

Qarabağ uğrunda mübarizə aparmaqdansa, Binəqədidə hektarlarla torpaq alan Bayram Səfərov bu torpaqları Hacı Madərin bacısı oğlu Şahsuvardan alıb.

Külli miqdarda vəsait xərcləyən icra başçısı bununla Binəqədidə nüfuzu olan deputatın adından da istifadə edir.

Bayram Səfərovun şəhərin və ölkənin ən müxtəlif yerlərində obyektlərinin olduğu söylənilir. Bakıda bir neçə şadlıq evi fəaliyyət göstərir.

Bir müddət bundan əvvəl Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən və Milli Qəhrəman Rövşən Aboyevin adını daşıyan mədəniyyət və istirahət parkını da Bayram Səfərovun ələ keçirdiyini yazılmışdı. Yazıda adı çəkilən şəxs və qurumların da münasibətlərini dərc etməyə hazırıq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz