0

«Broker» MMC-nin digər işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir

Baxış: 505

O, müxtəlif yollara baş vuraraq əldə olunan gəlirləri, iş adamlarından alınan «rüsum»ları vergidən yayındırıb Rəsmi sənədlərdə «Trans Broker» MMC kimi qeydiyyatdan keçən, lakin «Broker» MMC adlanan şirkətin rəhbəri Əbülfəz Məlikov və onun ən etibarlı adamı, «sağ əli» kimi xarakterizə olunan xalası oğlu Anar Allahverdiyevlə bağlı indiyədək ayrı-ayrı kütləvi informasiya vasitələrində müxtəlif səpkili məlumatlar yayımlanıb.

Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsaslanaraq yaradılan «Broker» MMC-nin müxtəlif yollara baş vuraraq sahibkarlara, iş adamlarına süni əngəllər yaratdığını, ölkədə normal biznes mühitinin formalaşmasına mane olduğunu iddia edən məlumatlı şəxs deyib ki, Əbülfəz Məlikovun rəhbərlik etdiyi MMC-nin ölkəyə gətirilən bir çox mallara monopoliya qoyması və bu işdən il ərzində milyonlarla qazanc əldə etməsi artıq heç kimə sirr deyil.

«Nəzərinizə çatdırım ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranzitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır» deyən mənbənin sözlərinə görə, «Broker» MMC himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəkləri ehtimal olunan gəlirin böyük bir hissəsini onlara verməyə məcbur edir: «Qeyd edim ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. Deyilənlərə görə, bu şəbəkəyə başçılıq edən Əbülfəz Məlikov, onun xalası oğlu Anar Allahverdiyev və «Broker» MMC-nin digər işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir. Yığılan qeyri-rəsmi vəsait isə Əbülfəz Məlikovun «sağ əli» olan Anar Allahverdiyev vasitəsilə bir mərkəzə toplanır».

Bu arada, «Broker» MMC-nin işçilərinin əksəriyyətinin «paket» sistemilə maaş aldıqlarını vurğulayan məlumatlı şəxs bildirir ki, Əbülfəz Məlikovun rəhbərlik etdiyi qurumun əsas söz sahiblərindən biri də məhz Anar Allahverdiyevdir: «Deyilənlərə görə, əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev «Broker» MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olub. Bildirilir ki, onun Bakı şəhərində onlarla mülkü var. Belə ki, paytaxtın Teymur Əliyev küçəsində yan-yana tikilən 3 villanın qiyməti 10 milyon manata yaxındır.

Bundan başqa, deyilənlərə görə, Anar Allahverdiyevin İsmayıllı, Qəbələ, Quba, Şamaxı və digər rayonlarda da imarətləri mövcuddur». Anar Allahverdiyevin «Broker» MMC-nin dəftərxana işçisi olduğunu qeyd edən mənbənin sözlərinə görə, o, Əbülfəz Məlikovun rəhbərlik etdiyi qurumun gizli «kassası»dır: «Deyilənlərə görə, Anar Allahverdiyev bu yaxınlarda deyib ki, ayə, o tutulan Anar mən deyiləm. Həmin Anar Əbülfəz Məlikovun yaxın qohumudur, indi də vəzifədədir. Buradan da belə çıxır ki, «Broker» MMC-də Anar adlı 2 nəfər olub. Eyni zamanda, o da bildirilir ki, Anar Allahverdiyev müxtəlif yollara baş vuraraq «Broker» MMC-də əldə olunan gəlirləri, xaricdən ölkəmizə müxtəlif məhsullar gətirən iş adamlarından alınan «rüsum»ları vergidən yayındırıb. Deyilənlərə görə, son dövrlər «Broker» MMC-də əsas söz sahiblərindən birinə çevrilən Anar Allahverdiyevin xarici banklarda çoxlu sayda hesabları var və həmin hesabların bir neçəsində Əbülfəz Məlikova aid olan pullar saxlanılır. Qeyd olunur ki, onun tez-tez xaricə səfər etməsi də məhz bununla bağlıdır. Ümumiyyətlə, bütün bunlar onu deməyə əsas verir ki, Anar Allahverdiyev nüfuzlu şəxslərdən birinin himayəsinə arxalandığı üçün özünü bu qədər rahat hiss edir».

Anar Allahverdiyevin Göyçayda 500 hektar əkin sahəsi və ölkəninin müxtəlif görməli yerlərində, o cümlədən Bakı şəhərində 27 villasının olduğunu iddia edən məlumatlı şəxs bildirir ki, əgər müvafiq qurumlar onun fəaliyyətini ciddi şəkildə araşdırsalar, o zaman bir çox qaranlıq məqamlara, daha dəqiq desək, «Broker» MMC-də yaşanan bəzi müəmmalı olaylara dair tutarlı faktlar əldə edə bilərlər. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. /xalqxeber/

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz