0

"İranda baş verənlərə etnik pəncərədən baxmaq olmaz" - Ekspert

Baxış: 246

Nə qədər qəribə səslənsə də, bu gün İranda etiraz edənlər ölkələrinin, heç olmasa, Azərbaycan kimi olmasını istəyirlər, dünyəvilik arzulayırlar. Məhz bu anlamda bizlər də dünyəviliyin nə qədər vacib olduğunu anlamalıyıq.

Press-az.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, İran çox geridə qalması, orada elm-təhsilin olmaması, iqtisadiyyatının çökməsi, ölkəni ancaq mollaların idarə etməsi ilə bağlı şablon fikirlər artıq yox olmaqdadır:

“Çünki ölkə son 5 ildə ətraf coğrafiyada ən güclü dövlətlərdən birinə çevrilib, Livanı, Suriyanı, Yəməni, İraqı tam nəzarətdə saxlayır, geniş “şiə qurşağı” qurub. İran ABŞ-ı söysə də, məhz Amerikanın bölgəyə müdaxiləsindən sonra İran ətraf ölkələrdə əsas oyunçu oldu, İraqı, Livanı, Yəməni və Suriyanı idarə etməyə başladı. Elm-təhsilləri yaxşı vəziyyətdədir, tibb çox inkişaf edib, iqtisadi potensialı çox güclüdür - amma ölkəyə “biçilən” rejim artıq “dar” gəlir, iqtisadi və elmi sıçrayışa rejim mane olur, əsas da gənclik bunu daha yaxşı hiss edir və dəyişim istəyir. Son 10 ildə 20 milyondan çox İran vətəndaşı xaricə səfər edib, dünyanı görüb, son 30 ildə 1,5 milyon İran vətəndaşı Avropada, ABŞ-da təhsil alıb ölkəyə dönüblər - dəyişimin lokomotivi onlardır”.

N.Cəfərli vurğulayıb ki, İranın müasirləşməsi Azərbaycanda dini təhlükəni xeyli azaldacaq:

“Məhz bu kəsim köhnə “paltarın” ölkəyə “dar” gəldiyini düşünür. Ona görə də İranda baş verənlərə etnik pəncərədən baxmaq olmaz, Cənubi Azərbaycan bizim üçün xoş arzu olaraq qalmalıdır. Bu gün İranda baş verənləri etnik zəminə çəkmək başlanan ədalətli, dünyəvi ölkə arzularını beşikdəcə boğa bilər. Diqqətli olmaq lazımdır, İran demokratikləşsə, 20-30 ildən sonra orqanik və təbii yolla Cənubi Azərbaycan məsələsi aktuallaşacaq. Tələsən yerimiz yoxdur. Əsas qonşu və qohum dövlətin sivilləşməsidir. Bu bizim marağımıza tam cavab verir, mənəvi dəstək ancaq bu çərçivədə olmalıdlr, etnik məsələni unudun, bu, indiki mərhələdə çox ziyanlıdır”.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb.

  • 02.01.2018
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz