0

Halal məhsullara da donuz piyi vurulur - Türkiyədəki qalmaqal Azərbaycana keçdi

Baxış: 1 308
Türkiyədə halal ət məhsullarına donuz piyi tərkibli qida əlavəsi qatılması faktı ilə böyük qalmaqal yaranıb.
BakuPost.az xəbər verir ki, Türkiyə mətbuatında halal məhsulların 20 faizinin tərkibinə istifadəsi qadağan olunmuş qatqılar vurulduğu barədə yazılar dərc olunub. Yazılarda qeyd olunur ki, təbii inqrediyentləri əvəz etmək, ucuz məhsul əldə edib, daha çox pul qazanmaq üçün işbazlar halal kolbasa, sosis, konserv, şirniyyat və yarımfabrikatlara belə əlavələr qatmaqdan çəkinmirlər.
Əlavə qatqıların içərisində donuz piyinin olduğu da xüsusi vurğulanır. Bu isə Türkiyədə dindar kəsimin ciddi etirazlarına səbəb olub.
Bəs bu hal Azərbaycanda da müşahidə olunurmu?
Azərbaycanda halal məhsulların sertifikatlaşdırılması ilə məşğul olan AzSERT-in rəhbəri Elşad Əliyev məsələyə münasibət bildirərkən qeyd edib ki, donuz piyli tərkibli əlavələrin ərzaq məhsullarına qatılması bütün dünyada kütləvi hal alıb və çoxdan yayılıb:
"Amma bizim ölkəmizdə halal məhsulların istehsalında bu mümkün deyil. Çünki bizdə cəmi 10 şirkət halal ət məhsullarının istehsalı üçün sertfikata sahibdir. Onların istehsal etdikləri istənilən məhsula qatılan ərzaq və əlavələrin normalara uyğunluğu yoxlanılır. Daha sonra AzSERT əməşdaşı yerindəcə istehsal prosesini izləyir. Sonradan hazır məhsul da laborator analizlərdən keçirilir. Bu araşdırmalar periodik olaraq keçirilir”.  
E. Əliyevin sözlərinə görə, bu məhsulların sertifikat alması üçün texnoloq və dini nümayəndələrdən ibarət ekspert qrupu rəy bildirir: "Buna baxmayaraq, Azərbaycanda Halal markası ilə kontrafakt məhsullar istehsal olunub satışa çıxarıla bilər ki, bunun da qarşısını almaq sanitar və hüquq-mühafizə orqanlarının vəzifəsidir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, bu əlavələr dünyada nəhəng qida konsernləri tərəfindən istehsal olunur və demək olar, çox ölkələr tərəfindən alınır: "Dünyada bu əlavələr üzərində ciddi nəzarət sistemi yoxdur. Heç kim zəmanət verə bilməz ki, halal məhsullara qatılan bu əlavələr həqiqətən də halal məhsullar üçün normalara uyğundur. Azərbaycanda bu gün nəhəng və qarşısıalınmaz halal adı altında məhsullar istehsal edən, gətirən  kontrafakt  firmalar var. Bizim fikrimizcə, bazar  80% saxta, geydirmə, halal sertifikatı almayan məhsullarla doludur. Rusiya və Braziliyadan gətirilmiş, lakin halal markası altında satılan toyuq əti də piştaxtalarda doludur”. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz