0

Sürücünü döyən general oğluna bəraət istənildi

Baxış: 465

Bu gün Binəqədi Rayon Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov və onunla birgə ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə R.Orucovun vəkili Kamandar Nəsibov müdafiə çıxışı edib.

O, müvəkkilinə qarşı irəli sürülmüş ittihamın qanunsuz və absurd olduğunu deyib: "İbtidai istintaqın gedişatı kobud qanun pozuntuları ilə həyata keçirilib və hazırda istintaqın gəldiyi nəticə bu qanun pozuntularının məntiqi nəticəsidir. Rüstəm Orucova verilmiş ittiham tamamilə əsassızdır. Hesab edirəm ki, müdafiə etdiyim şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilməlidir. Belə ki, 05.07.2017-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi haqqında” qərarda və həmçinin 04.09.2017-ci il tarixli İttiham aktında göstərilib ki, cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilib ki, Orucov Rüstəm Novruzəli oğlu 03 iyul 2017-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri Nəsimi rayonu “Memar Əcəmi” metrostansiyası yaxınlığında idarə etdiyi BMW markalı 10-OG-300 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə həmin yolla hərəkət edən 99-JM-354 dövlət nömrə nişanlı 85 saylı marşrut avtobusunun sürücüsü Səmədov Sənan Mehman oğlu ona siqnal verməklə iradını bildirdiyi üçün Rüstəm Orucov özünün idarə etdiyi avtomobillə avtobusun qarşısını kəsərək onu saxladıb, ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə olunan qərəzli hərəkətlər edərək sürücü Səmədov Sənanla mübahisə edib, onu sərnişinlərin yanında nalayiq sözlərlə təhqir edərək avtobusdan düşürtməyə cəhd göstərib, lakin buna nail olmadıqda avtobus sürücüsünü cəzalandırmaq niyyəti ilə mobil telefon vasitəsi ilə onun zənginə əsasən, həmin ünvana gəlmiş tanışları Vəliyev Kənan Gəray oğlu və Abbasov Pərviz Rizvan oğlu ilə birlikdə - özü idarə etdiyi BMW markalı 10-OG-300 dövlət qeydiyyat nişanlı, tanışları Kənan Vəliyev və Pərviz Abbasov isə sonuncunun idarə etdiyi “Mitsubisi Rajero” 10SR 009 dövlət qeydiyyat nişanlı avtomaşınla həmin avtobusun sürücüsünü yol boyu təqib edərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi 119 saylı binanın yaxınlığında yerləşən “9” Çay evinin qarşısında saat 21-40 radələrində avtobusu saxladıb, bundan sonra R.Orucov tanışları Pərviz Abbasov və Kənan Vəliyevlə bir qrup şəxs halında birləşərək, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozaraq, kənar şəxslərin gözü önündə Sənan Səmədovun üzərinə hücum edərək, onu zor tətbiq etməklə hədələyib, onu nalayiq söyüşlərlə təhqir edib, Rüstəm Orucov qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək qəsdən yumruqla Sənan Səmədovun sifət nahiyəsindən vurub, sonuncu aldığı zərbədən müvazinətini itirərək, yerə yıxılaraq baş nahiyyəsi səki daşına (“bardür”) dəyib, nəticədə onun ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol çənə bucağı nahiyyəsinin, sol qançır şişkinliyi, sağ dirsək oynağı nahiyyəsinin sıyrığı ilə tamamlanan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsatəti yetirməklə xuliqanlıq edib".

Onun sözlərinə görə, ibtidai istintaq təqsirləndirilən ittihamın zərərçəkmiş Sənan Səmədovun, şahidlər Qasımov Əsgər Cəfər oğlu, Ağayev Elçin Tərlan oğlunun, Ələkbərov Müşfiq Həsən oğlunun və Xəlilov Elxan Murtuz oğlunun ibtidai istintaqda verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan DİN Təhlükəsiz Şəhər Xidməti tərəfindən verilən CD diskdə olan TS 8-049.1avi video görüntüyə əsasən, sübuta yetməsi qənaətinə gəlib: "Lakin müdafiə tərəfi olaraq hesab edirəm ki, ittiham aktında yazılanların əsassızlığı elə cinayət işinin materiallarında yuxarıda qeyd edilən sübutlarla tam təsdiqini tapır. Belə ki, Cinayət Məcəlləsinin 124.2 və 124.2.1-ci maddələrinə əsasən, şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. 08.09.2017-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı dindirilən şahid Qasımov Əsgər Cəfər oğlu ibtidai istintaqda verdiyi ifadəsini və üzləşdirmə protokolundakı ifadəsini təsdiq etməyərək bildirdi ki, 2011-ci ildən “Xaliq Faiqoğlu” MMC-də tənzimləyici (dispetçer) vəzifəsində işləyir.

03.07.2017-ci il tarixdə hadisə baş verən günü orada olduğunu, yalnız Sənan Səmədovun yıxıldığını gördüyünü və bundan sonra onun yanına getdiyini bildirdi. Şahid Elçin Ağayev digər təqsirləndirilən şəxslər Kənan Vəliyev və Pərviz Abbasovu Sənan Səmədov yıxılan anda orada, yəni Rüstəm Orucovun yanında görmədiyini bildirdi. Şahid sərbəst ifadəsində Rüstəm Orucovun nə Sənan Səmədovu, nə də hər hansı bir digər insanı nalayiq söyüşlərlə təhqir etdiyini eşitmədiyini, yalnız Sənan Səmədov yığıldğı vaxt Rüstəm Orucovu gördüyünü, digər iki təqsirləndirilən şəxsin isə sonradan oraya gələrək Sənan Səmədova köməklik göstərdiyini bildirdi. Məhkəmə iclası zamanı dindirilən şahid Xəlilov Elxan Murtuz oğlu ibtidai istintaqda verdiyi ifadəsini 17.07.2017-ci il tarixli ifadəsini təsdiq etməyərək bildirdi ki, “Xaliq Faiqoğlu” MMC-də sürücü vəzifəsində işləyir və o, 03.07.2017-ci il tarixdə 85 nömrəli marşurut üzrə hərəkət edən avtobusların sonuncu dayanacağında olan zaman baş vermiş hadisə ilə bağlı yalnız təqsirləndirilən şəxs Rüstəm Orucovun zərərçəkmiş Sənan Səmədova söhbət etdiyini görmüş və daha sonra vaxtı çatdığı üçün avtobusu sürüb getmişdir. Bu səbəbdəndə başqa heç bir şey görməmişdir. Şahid həmçinin sərbəst ifadəsində digər təqsirləndirilən şəxslər Kənan Vəliyev və Pərviz Abbasovu hadisə baş verən günü görmədiyini bildirdi. Hər üç şahidin məhkəmə istintaqı zamanı verdikləri sərbəst ifadələri təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələrlə eynilik təşkil etməklə, təqsirləndirilən şəxslərin verdiklərini ifadələrin doğru olduğunu sübuta yetirib. Məhkəmə istintaqı zamanı yuxarıda qeyd edilən şahidlərin ifadələrindən açıq-aydın şəkildə məlum olur ki, digər təqsirləndirilən şəxslər Kənan Vəliyev və Pərviz Abbasov 03.07.2017-ci il tarixdə Sənan Səmədovla Rüstəm Orucov arasında baş vermiş mübahisə anında, ümumiyyətlə, orada olmayıb və sonradan hadisə baş verən yerə gəldikləri zaman isə Sənan Səmədova və o cümlədən ətrafdakı insanlara qarşı hər hansı bir qanunsuz hərəkətə yol verməyib, əksinə zərərçəkmişə yardım etməyə çalışıblar.

Hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs Orucov Rüstəm Novruzəli oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsindən Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilsin və maddənin “Qeyd” hissəsinə əsasən, Orucov Rüstəm Novruzəli oğlu həmin maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətdiyindən və zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad olunsun".

Daha sonra prosesdə K.Vəliyev və P.Abbasovun vəkilləri də müdafiə çıxışı edib. Onlar müvəkkilləri barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.

Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında Rüstəm Orucova 6 il, Kənan Vəliyev və Pərviz Abbasovun hər birinə isə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib./Report

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz