0

Sizdən xəbərsiz barənizdə qərar veriləcək - xəbəriniz olsun

Baxış: 1 542

Bu məmləkətdə, əlində möhür olan istənilən müəssisə öz kefinə görə addım atmaqda sərbəstdir

Çox qəribədir, niyə bizdə bizimlə bağlı (hələ çevrəmizlə, ölkəmizlə, ümumi problemlərimizlə bağlı demirəm) məsələlərdə bizim fikrimizi öyrənməyə çalışan yoxdur? Hansı zərurətsizlikdən, bizi az və ya çox dərəcədə narahat edəcək qərar qəbul olunarkən, bizi insan yerinə qoyan tapılmır?

Evimizin qarşısından "göydələn" ucaldarkən (pilotdur, qeyri-pilotdur – dəxli yoxdur), kiminsə "ağlına gəlmir" ki, vətəndaşın da narahatçılığını nəzərə alsın, dərdini dinləsin, onunla hansısa formada anlaşmağa çalışsın. İçərisində yaşadığımız halda, qəfil mənzilimiz başımıza uçurularkən də həmçinin…

Nə vaxtsa qanunverici orqan qərar qəbul edib ki, avtomobildəki sərnişin sürücü ilə söhbət edərsə, sürücü cərimə olunsun. Məsələn, bu qərarın qəbulunu zəruri hesab edən qanunvericilər, fikirlərində daha da əmin olmaq üçün, nədən bir ictimai rəy sorğusu keçirilməsinə ehtiyac hiss etməyiblər? Halbuki, bunun başdan ayağa ziddiyyətli, mübahisələrlə dolu, ciddi münaqişələrə yol aça biləcək bir proses olduğunu gözəl dərk edirlər.

"Ağzını yum" kampaniyası sosial şəbəkədə, KİV-də lağ obyektinə çevrildiyi halda, heç bir yetkili şəxs irəli durub demir ki, "Yaxşı, biz səhv düşünürük, ay camaat, sizin təklifiniz nədir". Bunun əksinə, həm Respublika DYP-sinin, həm də Bakı DYP-sinin sözçüləri qətiyyətlə yumruqlarını qıcayaraq (icrasının necə həyata keçiriləcəyini özləri də ayırd edə bilmədikləri), qanunu pozanların qeyd-şərtsiz cəzalandırılacaqlarını bəyan edirlər.

Yəni, kimsə, barəsində hökm verib, qərar çıxarıb, asıb-kəsdiyi vətəndaşın, bütün bunlar haqda nə düşündüyünü bilmək istəmir. Kimsə üçün önəmli deyil, çıxarılan hökm nə dərəcədə ədalətlidir və ziyanlıdır, əsas olan – onun qazandıracağı faydadır.

Qərar qəbul etməyə rəsmi səlahiyyəti çatan instansiyalar bir kənara, bu məmləkətdə, əlində möhür olan istənilən müəssisə öz kefinə görə addım atmaqda sərbəstdir. Və o addımın əziyyətini çəkəcək olanların dərdi (üstəlik qanuni haqqı), möhür sahiblərini zərrəcə narahat etmir.

Təsəvvür edin, ay ərzində çabalayıb qazandığımız 3-5 manat, qanunun tələbinə uyğun olaraq (məhz bu qanun qəbul olunarkən də, camaatın buna hazır olub-olmadığı kimsəni maraqlandırmamış, vətəndaşın rəyi soruşulmamışdı) banka yönləndirilir və biz halal qazancımızı "çerez bank" əldə etməyə məcbur oluruq.

Üstəlik xəbərdarlıq da edirlər: "Bank sizin dədənizin nökəri deyil ki, təmənnasız xidmət göstərsin, aylığınızdan bankın haqqı çatmalıdır".

Onu da diqqətimizə çatdırırlar ki, əgər ağlımızın ucundan keçərsə və pulumuzu hesabımızdan, yaxud kartımızından nağd çəkərsək, Vergilər Nazirliyi öz payını – 1 faizini əlimizdən alacaq, çalışaq, nağdsız alış-veriş edək.

Bütün (məcburi) tövsiyələrə əməl edirik, əmək haqqımızla borc-xərci bağladıqdan sonra, qalanına nağdsız alış-veriş üçün toxunmuruq (indiki zamanda 1 faiz də 1 faizdir).

Və bir gün, həftəsonu istirahət üçün Qəbələyə üz tuturuq. Yolüstü Şamaxı restoranlarının birində səhər yeməyi yeyib, yola davam edəcəyik. Yeməyin sonunda, ofisiantın hesabı arasına qoymaq üçün uzatdığı, iki qatlanan zadı geri itələyirik ki, "post-terminal gətir, ala, məndə kartladır". O fağır da haradansa, çoxdan enerjisi bitmiş bir aparat tapır, birtəhər yandırıb gətirir.

… Bilirsiniz, bu məqamda nə baş verir? Balansınızın 0 olduğu ortaya çıxır. Halbuki, kartınızda səfər proqramınızı qarşılayacaq miqdarda vəsaitin olduğundan əminsiniz. Pərt olursunuz, qızarıb-bozarırsınız, yağlı əllərinizi üst-başınıza sürtərək, ciblərinizi töküşdürürsünüz – bomboş.

Sonradan öyrənirsiniz ki, məlum bank (bu işdə konkret olaraq "YapıKredi Bank Azərbaycan"), sizə məlumat vermədən, hansı vəziyyətlərə düşəcəyinizi vecinə almadan, hesabınıza blok qoyub – nə nağd, nə də qeyri-nağd öz zəhmət haqqınızdan istifadə edə bilərsiniz.

Beləcə, dostlar. Qətiyyən istisna deyil ki, yenə bizdən xəbərsiz barəmizdə hansısa qərarlar çıxarılacaq – xəbərimiz olsun…

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz