0

“Az-Granata” MMC – nin məhsulları həyat üçün təhlükəlidir

Baxış: 2 008
Ağsuda yerləşən “Az-Granata” MMC – nin şirə və şərab emalı zavodunda istehsal olunan məhsulların satışı zamanı əldə edilən gəlirin dövlət vergisindən gizlədilməsi ilə bağlı Realliq.info – ya məlumatlar daxil olub.

Məlumatda bildirilir ki, zavodda istehsal olunan şirə və spirtli içkilərin sayı saxtalaşdırılır. Belə ki, zavod rəhbərliyi hər gün 10 minlərlə içkini satışa buraxsa da rəsmi sənədlərdə bunun cəmi 8%-ni qeyd edir.

“Az-Granata” MMC-nın respublikanın bir sıra rayon və şəhərlərindəki satış mərkəzlərində də oxşar proseslər həyat keçirilir. Realliq.info – ya daxil olan məlumatda qeyd olunur ki, zavodun rəhbərliyi satışa çıxarılan məhsulların sayını vergidən yayındırmaqla hər ay dövlətə küllü-miqdarda ziyan vurur. Bu məsələ ilə bağlı saytın araşdırmaları davam edir və yaxın zamanda ətraflı məlumat verəcəyik.
Məlumatda qeyd olunan daha önəmli məsələ “Az-Granata”MMC-də istehsal olunan məhsulların insan sağlamlığına ziyanlı olması ilə bağlıdır. Bildirilir ki, zavodda şirə və şərab istehsalı üçün istifadə olunan avadanlıqlar müasir tələblərə cavab versədə, məhsulların istehsalı zamanı ilkin proseslər təhlükənin yaranmasına səbəb olur. Şirə və spirtli içkilərin istehsalı üçün istifadə edilən su və spirtin müasir tələblərə cavab vermədiyi məlumatda önə çəkilir. Lakin zavod rəhbərliyinin satışa çıxarılan məhsulların reklamı zamanı bunun tam əksini söylədiyinin şahidiyik.

Yalançı reklamlarla insan həyatı üçün yaradılan təhlükənin fərqinə varmayan MMC rəhbərliyi müddəti ötmüş məhsullarını yenidən satışa çıxarmağı bacarır. Realliq.info – ya daxil olan məlumatda qeyd olunur ki, “Az-Granata”MMC-nin istehsal etdiyi şirələrin müddətə görə mağazalardan geri qaytarılması prosesindən sonra qabların üzərindəki müddət dəyişdirilir və yeni məhsul kimi satışa qaytarılır. Bu məlumat onu göstərir ki, zavod rəhbərliyi insanların həyatı üçün ciddi təhlükələr yaradır.


Zavodun istehsal etdiyi məhsulların adlarına diqqət etsək burda da qanun pozuntularına rast gəlmək mümkündür. Hamıya məlumdur ki, Azərbaycan qanunlarına görə ölkədə istehsal olunan məhsulların adları mütləq doğma dilimizdə yazılmalıdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Agenliyin mütəxəsisləri də bununla bağlı sorğumuza eyni cavabı verdilər. Onlar da ölkədə istehsal olunan məhsulların doğma dilimizdə qeyd edilməsinin qanuni tələb olduğunu bildirdilər. Lakin “Az-Granata” MMC –nın rəhbərliyi digər məsələlərdə olduğu kimi bu mövzuda da qanunlara hörmətsizliyi ilə diqqət çəkir.

Biz “Az-Granata”MMC-nın rəhbərliyinin diqqətinə Azərbaycan Respublikasının qanununu xatırlatmağı borc bilirik: “Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır”.

Realliq.info – nun araşdırmalarından məlum olur ki, qanunsuz fəaliyyəti ilə diqqət çəkən “Az-Granata”MMC – nin sahibi Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovdur. Bu şəxsin ölkənin milyonlarını mənimsəməsi ilə bağlı məlumatlar ölkə mediasının gündəmindən düşmür. Lakin rəhbəri olduğu zavodda istehsal etdiyi məhsullarla insanların sağlamlığını təhlükə ilə üz-üzə qoyan M.İsmayılovun bu əməllərinin qarşısının alınması vacib sayılır. 

Yazıda yer verilən faktlarla bağlı MMC ilə əlaqə saxladıq. Lakin sorğularımızı cavablandırmaqdan yayınan zavod əməkdaşları bizə rəhbərliyə müraciət etməyi məsləhət bildilər. MMC rəhbərliyindən isə zənglərimizə cavab verən olmadı.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Agentlikdən Realliq.info – ya bildirdilər ki, qeyd olunan məsələlər araşdırılacaq və nəticə barədə məlumat veriləcək.

“Az-Granata”MMC-də baş verən digər qanun pozuntuları ilə bağlı növbəti yazıda geniş məlumat verəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz