0

AZal- dan işdən çıxarılan Toğrul Vəliyevin əmri səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir.

Baxış: 7 590

Press-az.com-un verdiyi məlumata görə, İddiaçı Vəliyev Toğrul Nazim oğlu cavabdeh “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə  qarşı “Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, qanunsuz işdən çıxarılma müddətində ödənilməmiş orta əmək haqqının tutulması, maddi və mənəvi ziyan tələbinə dair” iddia əsasında 25 avqustda Xəzər rayon məhkəməsində Mayılov Samirin sədirliyi ilə  növbəti məhkəmə prosesi olub . 

Həmin məhkəmə prosesində Aviyasiya Təhlükəsizlik Baş idarəsinin direktor müavini Etibar Cəbrayılov da məhkəmədə nümayəndə qisimində iştirak edib. 

İddiaçı Vəliyev Toğrulun vəkili Yalçın İmanov məhkəmədə bildirib ki, iddia ərizəsində iddiaçıya işdən çıxarma barədə əmrin surəti verilmədiyindən və şifahi şəkildə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM adlanacaq) 70-ci maddəsinin “c” bəndi ilə işdən azad olunduğu bildirildiyindən, tələbin əsaslandırma hissəsi də yalnız ƏM-nin 70-ci maddəsinin c) bəndi ilə aparılmışdır.

18 avqust 2017-ci il tarixdə keçirilən məhkəmə prosesində cavabdehin nümayəndəsi əmrin surətini məhkəməyə təqdim etmiş, əmrin surəti ilə tanışlıqdan məlum olmuşdur ki, iddiaçı ƏM-nin 70-ci maddəsinin c) bəndi ilə deyil, ç) bəndi ilə işdən azad edilmişdir.

 İddiaçı Vəliyev Toğrulun vəkili Yalçın İmanov məhkəmədə bildirib ki, hesab edirik ki, iddia tələbinin əsası dəyişilməli, cavabdehə qarşı tələbi əsaslandırmaq üçün irəli sürülən arqumentlər dəyişdirilməlidir.

Vəkil Yalçın İmanov məhkəməyə bildirib ki, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən məlum olur ki, iddiaçı barəsində 23.05.2017-ci il tarixli 288 saylı Əmrlə ƏM-nin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən töhmət elan edilmişdir. Həmin intizam tənbehinin tətbiq edilməsinə səbəb kimi isə göstərilmişdir ki, “05.05.2017-ci il tarixdə Aviasiya Təhlükəsizliyinin Təşkili Koordinasiya və Keyfiyyətə Nəzarət Xidməti rəisinin köməkçisi-operativ növbətçi Həsənov Kamal Həsənağa oğlunun xidmət zamanı 06:30-da vəzifə təlimatının tələblərini pozaraq, 1 saylı terminalın qarşısına kənar maşınların buraxılması üçün qarovul rəisi Mansur İsmayılova göstəriş vermişdir. Mansur İsmayılov isə bu işi öz növbəsində köməkçisi Toğrul Vəliyevə tapşırmışdır. Toğrul Vəliyev kənar maşınların 1 saylı terminalın qarşısına keçərək, 3-cü yolda parkovkasına şərait yaratmışdır. Onlar bu hərəkətləri ilə üzərlərinə düşən əmək funksiyasını və vəzifə təlimatının tələblərini pozmuşlar”.

Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin iclasının 08 iyun 2017-ci il tarixli 02№-li Protokolundan Çıxarışda qeyd edilir ki, Komitə Heydər Əliyev Beynəlxalq Aeroportunda Mühafizə Xidmətinin qarovul rəisinin köməkçisi Vəliyev Toğrul Nazim oğlu ilə Azərbaycan Respublikası Əmək Məcəlləsininn 70-ci maddəsinin ç) bəndi ilə əmək müqaviləsinin birtərəfli şəkildə ləğv olunmasına razılıq verir. Həmin Çıxarışda ƏM-nin 72-ci maddəsinin ə) bəndinə də istinad edilir (Eyni istinad Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Əsədov M.Q.-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsinin direktoru Elxan Orucova 08 iyun 2017-ci il tarixli 21 saylı məktubunda da qeyd edilir). Həmin bənd “əmək funksiyasını

pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmanı” nəzərdə tutur.

387 saylı intizam-tənbeh əmri və Həmkarlar İttifaqı Komitəsinin 08.06.2017-ci il tarixli 02№li Protokoldan Çıxarışlar təsdiq edir ki, T.Vəliyev barəsində Əm-nin 70-ci maddəsinin ç) bəndinin ikinci hissəsi – “...bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” – nəzərdə tutulur.

18 avqust 2017-ci ildə məhkəmə iclasında cavabdehin nümayəndəsi də məhz bunu nəzərdə tutaraq, ƏM-nin ə) bəndinə istinad edilərək, iddiaçı ilə əmək müqaviləsinin ləğv edildiyini bildirmişdir. Həmin bənd yuxarıda da qeyd edildiyi kimi işçinin 6 ay ərzində təkrarən əmək funksiyasını pozmasını nəzrədə tutur.

Halbuki, iddiaçı 07 noyabr 2016-cı il tarixdən cavabdeh QSC-də işlədiyi müddətdə onun barəsində yalnız bir dəfə, o da 23 may 2017-ci il tarixdə töhmət tətbiq edilmişdir. Ondan sonrakı dövrdə iddiaçı barəsində əmək funksiyasını pozduğuna görə, hər hansı bir intizam tənbehi tətbiq edilməmişdir.

Bu səbədən də hesab edirik ki, iddiaçının ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işdən azad edilməsi qanunsuzdur.

 İntizam tənbehi buna səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir

İddiaçıya intizam tənbehi tətbiq edilməsi barədə 23.05.2017-ci il tarixli 288 saylı Əmr QSC-nin birinci vitse-prezidenti Sabir İlyasov tərəfindən imzalanıb. Azərbaycan Respublikası ƏM-nin 188.1-ci maddəsinə əsasən İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. İddaçı ilə əmək müqaviləsi QSC-nin prezidneti Cahangir Əsgərov tərəfindən imzalanıb. ƏM-nin 188.2-ci maddəsinə görə, Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Halbuki, T.Vəliyevə intizam tənbehinin verilməsi səlahiyyətinin Sabir İlyasova həvalə edilməsi ilə bağlı hər hansı bir əmr yoxdur. ƏM-nin 188.3-cü maddəsinə əsasən ...Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir.

  İşdən çıxarma əmri buna səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir

Bundan başqa, iddiaçının işdən azad edilməsi barədə əmr də buna səlahiyyyəti olmayan şəxs tərəfindən qəbul edilmişdir.

12.07.2017-ci il tarixli 397/Ş saylı Əmr və 11.07.2017-ci il tarixli 387 sayı Əmr QSC-nin birinci vitse-prezidneti Sabir İlyasov tərəfindən imzalanmışdır.

Halbuki, iddiaçıyla 07.11.2016-cı il tarixli əmək müqaviləsi və 01.01.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik QSC-nin prezidenti Cahangir Əsgərov tərəfindən imzalanmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 7.1.8-ci bəndinə əsasən Cəmiyyətin prezidenti Cəmiyyətin aparatının və tabeliyində olan qurumların (hüquqi şəxs statuslu qurumlar istisna olmaqla) işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; Nizamnamənin 7.2-ci bəndinə görə, Cəmiyyətin prezidenti öz vəzifəsini yerinə yetirə bilmədikdə, onun səlahiyyətlərini müvəqqəti olaraq birinci vitse-prezident həyata keçirir.

Göründüyü kimi, işçinin vəzifədən azad edilməsi də Nizamnamə ilə birbaşa QSC-nin Prezidentinin səlahiyyətindədir.

Eyni zamanda, QSC-nin prezidenti Cahangir Əsgərovun öz vəzifəsini yerinə yetirə bilməməsi və bu səbəbdən də onun səlahiyyətinin Sabir İlyasov tərəfindən icra edilməsiylə bağlı hər hansı bir məlumat da yoxdur.


Çıxışın yekununda vəkil Yalçın İmanov  məhkəmdən xahiş edərək  bildirib ki,   Vəliyev Toğrul Nazim oğlunun işdən azad olunması ilə bağlı 12 iyul 2017-ci il tarixli 397/Ş saylı əmri ləğv edərək, onun əvvəlki iş yeri olan “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi Heydər Əliyev Beynəlxalq Aeroportu Mühafizə Xidmətinə qarovul rəsinin köməkçisi vəzifəsinə bərpa edilməsinə;

  Qanunsuz işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər olan dövr üçün ona orta aylıq əmək haqqının ödənilməsinə;

  Qanunsuz olaraq işdən çıxarıldığına görə ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarasınız.



MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz