0

Bir azdan oğlanlar evlənməyə qız tapmayacaq - AZƏRBAYCANDA

Baxış: 7 014

Azərbaycanda demoqrafik vəziyyət necədir? BMT-nin Milli Əhali Fondunun hesabatında Azərbaycandakı demoqrafik vəziyyət dəyərləndirilib. Hesabatda həmçinin 2050-ci ilədək olan proqnozlar əskini tapıb. Hesabatda 1897-2014-cü, 1935-2014-cü illərin demoqrafik vəziyyəti müqayisə edilib. Qeyd olunur ki, Azərbaycan əhalisi 1837-ci ildən etibarən artmağa başlayıb. Bu zamandan etibarən demoqrafik komponentlərin nisbətində dəyişikliklər də nəzərə çarpıb. Bildirilir ki, Azərbaycanda ölümlərin sayının azalması, doğumların sayının artma prosesi 1990-cı ilin əvvəlinədək davam edib. 

Önümüzdəki 50 il ərzində ölkə əhalisi güclü demoqrafik təsirlərə məruz qalacağı proqnoz edilir. Burada Azərbaycan əhalisinin artım potensialı müsbət qiymətləndirilir. Hətta 2025-ci ildən etibarən Azərbaycanda yaşlı əhalinin sayının artacağı, 2025-2037-ci illərdə onlar əhalinin 10, 2050-ci ilədək isə 13 faizini təşkil edəcəyi bildirilir. Əhalinin böyük faizinin Bakı, Sumqayıt və Gəncədə yaşadığı, 1989-1999-cu illərdə Azərbaycanda ailələr və evlərin sayının artdığı, daha sonrakı mərhələdə bu prosesin demək olar ki, öncəki kimi qaldığı vurğulanıb.

Qeyd olunur ki, Azərbaycanda ailələrin 65 faizi “nüvə ailəsi”dir. Nüvə ailəsi dedikdə ana, ata və övladlardan ibarət bir toplum nəzərdə tutulur. Elmi dildə desək, tamamlanmış ailə. 1999-2009-cu illərdə 50 yaşadək heç zaman ailə qurmayan qadınların faizinin artması müşahidə edilib. 2009-cu ildə bu faiz 2-dən 6-ya qalxıb. 1989-cu ildə ailə qurmayan kişilər 1 faiz idisə, 2009-cu ildə bu faiz 2.2 olub. Kişilərdə ilk evlilik yaşı 27, qadınlarda isə 23 olaraq açıqlanıb. Bildirilir ki, son 15 ildir ki, evlilik yaşı sabit olaraq qalıb. Qeyd olunur ki, hər yüz evlilikdən 16-sı boşanma ilə nəticələnir. Hazırda ortalama olaraq hər qadına 2.3 doğuş düşür. Şəhər yerlərində analıq yaşı olduğu səviyyədə qalsa da, kənd yerlərində bu yaş 1.5 il daha da gəncləşib. Qeyd olunur ki Azərbaycanda ailələrin formalaşması qısa zaman içərisində baş tutur və bu təxminən 3 il zaman alır. 

Azərbaycan ailələrində ikiövladlılıq...

Azərbaycan ailələrinin böyük əksəriyyəti iki övlad planlaşdırdığı açıqlayır. Üçüncü övladın planlaşdırılması isə ailənin sosial vəziyyətindən asılıdır. Öncəki illərdə nikahdankənar doğuşların sayı az olsa da, son illər bu istiqamətdə də artım qeydə alınıb. Belə ki 1980-cı illərin sonunda nikahdankənar doğulan uşaqlar yeni doğulmuş körpələrin ümumi olaraq 3 faizini təşkil edirdisə, hazırda bu faiz arataraq 15 olub. Müsbət tendensiyalardan biri də budur ki, nikahdankənar övlad dünyaya gəldikdən sonra iki il ərzində cütlüklərin 80 faizi münasibətlərini rəsmiləşdirib. 

Cinsi ayrıseçkilik...

Açıqlanan hesabata görə xüsusən, 1990-cı ildən etibarən oğlan uşaqlarının sayı artmağa başlayıb. Valideynlər əksər hallarda övladlarının qız olacağını bilərək abort etdiriblər. Təkcə 1998-2004-cü illərdə hər yeni doğulmuş qız uşağına 118 yeni doulmuş oğlan düşüb. 2005-ci ildən etibarən texnologiyanın daha da inkişaf etməsi nəticəsində cinsiyyətin öncədən müəyyənləşməsi oğlanların sayının artmasına təsir edib. Təxminən 2000-ci illərin ortalarında 140000-150000 induktsiyalı abort həyata keçirilsə də, rəsmi rəqəmlərdə yalnız 20 min qeydə alınıb. Abortların yüksək olmasının əsas səbəbi kimi 30 yaşdan gənc olan qadınların daha az, təxminən 20 faizdən də az hissəsinin müasir kontraseptivlərdən istifadə etməsidir. Hesabatda bildirilir ki, ailələr 3-cü övladın dünyaya gəlməsində maraqlı deyillər. Qeyd olunur ki qadınların 60 faizi kişilərin isə tən yarısı ideal ailənin iki övladdan ibarət olduğunu söyləyirlər. Ailələrin 5 faizi təkövladlılığa üstünlük verir. Qadınların 70, kişilərin isə 55 faizi ideal ailənin bir oğlan və bir qızdan ibarət olmasını qəbul edir. 

Azərbaycanda kişilərin ölüm riski qadınlarla müqayisədə 1.4 dəfə çoxdur

Azərbaycanda qadınlarla müqayisədə kişilərin ölüm riski 1.4 dəfə çoxdur. Qeyd olunur ki, ölüm hallarında xəstəliklərin, xüsusən də xərçəngin rolu danılmazdır. 2000-ci ilədək xərçəng xəstələrinin sayı ürək-damar xəstələrinin sayından 5 qat az olsa da, 2000-ci ildən etibarən əks tendensiya müşahidə edilib. Hesabatda Azərbaycanın epidemik xəstəliklərin son dövrünü yaşadığı qeyd olunur. Artıq epidemik xəstəliklər öncəki illərdəki kimi qorxulu deyil. Endogen mənşəli ölümlərin sayının isə artdığı vurğulanır. Uşaq ölümləri ilə bağlı açıqlanan rəqəmlərdə qeyd olunur ki, 1950-ci ildən etibarən bu say azalsa da, 1970-ci ildən etibarən yenidən artım müşahidə edilib. Lakin 1980-ci ildən etibarən uşaq ölümləri ilə bağlı faktların yenidən azaldığı müşahidə edilib. 90-cı illəri əhatə edən məlumatlara görə hər yeni doğulan körpədən 11-i 1 yaşına çatmamış dünyasını dəyişib. Qeyd olunur ki, şəhər yerləri ilə müqayisədə kəndlərdə körpə ölümlərinin sayı daha çox qeydə alınıb.

Hesabatda Azərbaycanda körpə ölümlərinin sayının az olduğu qeyd olunur. Bildirilir ki kəndlərdə hər 12 min, şəhər yerlərində isə hər 17 min yeni doğulmuşa 5 uşaq ölümü qeydə alınır. Hansı ki bu uşaqlar 1 yaşı tamamlanmadan dünyasını dəyişir. 2000-ci ilin ilk 10 illiyində uşaq ölümləri rəsmi rəqəmlərlə müqayisədə daha çox, 48 faiz təşkil edirdisə, 2010-cu ildən etibarən bu faiz 35-ə düşüb. Qeyd olunur ki yeni doğulmuşların 1 faizi rəsmi olaraq qeydə alınmayıb.

Nikahdankənar doğuşlar

1980-cı illərin əvvəlindən etibarən bir çox inkişaf etmiş ölkələrdə nikahdankənar doğuşların sayı artıb. Bu gün bir çox Avropa ölkələri, o cümlədən, Norveç, İsveç, İslandiya və Fransada doğuşların yarıdan çoxu nikahdankənar münasibətlərdəndir. Azərbaycanda da bu vəziyyət istisna deyil. 1981-1982-ci illərdə evli olmayan qadınların 2000-ci ilin əvvəlinədək sayı 1.5-dən 6 faizə qalxıb. 2011-ci ilədək qeyri-qanuni nikahdan doğulanların faizi 18 olub. 2003-cü ilədək Azərbaycanda nikahdankənar evlilikdən doğulan uşaqların daha çox şəhər yerlərində üstünlük təşkil etdiyi qeyd olunub. Kənd yerlərində şəhərlərlə müqayisədə daha az fakt qeydə alınıb. 2004-cü ildən etibarən isə bu rəqəmlər kənd yerlərində də artmağa başlayıb. 2006-2008-ci illərdə şəhər və kənd yerlərinin payına düşən nikahdankənar doğuşlar demək olar ki, bərabərlik təşkil edib. 2009-cu ildən etibarən isə bu rəqəm kənd yerlərində yenidən artmağa başlayıb. 

Arzuolunmaz hallardan biri də budur ki, nikahdankənar münasibətdən doğulan uşaqların 30 faizi ananın adındadır. Təkcə 1990-2011-ci illərdə nikahdankənar münasibətlərdən doğulan uşaqların 12 faizi hər iki valideynin qeydiyyatında düşüb. Öncələr isə belə qeydiyyatlar 3 faiz olub. Qeyd olunur ki, bir çox hallarda nikahdankənar övlad dünyaya gəldiyi üçün validyenlər münasibətlərini rəsmiləşdirib. Qeyri-qanuni münasibətdən olan doğuşların 70 faizində münasibətlər rəsmiləşdirilir.

Doğuşlarda cinsiyyət nisbəti

Doğuşlarda cinsiyyət nisbəti (SRB- Sex Ratio Birth) 100 qıza 105, 106 oğlan hesablanıb. Bu təklif ilk dəfə olaraq 1710-cu ildə Con Arbuthon tərəfindən irəli sürülmüş, daha sonra isə Johann Peter Süssmilk tərəfindən təsdiqini tapmışdır. Daha sonra cinslər üzrə doğum nisbətində bu göstərici norma olaraq qəbul edildi. 1950-1980-cı illərin sonunadək Azərbaycanda hər yüz yeni doğulmuş qıza 105.5 yeni doğulmuş oğlan uşağı qeydə alınıb. 1992-ci ildən etibarən Azərbaycanda yeni doğulan oğlanların sayı artmağa başlayaraq bu nisbət hər 100 yeni doğulmuş qıza 107 olub. 2002-ci ildən etibarən isə bu rəqəm 117, 2003-cü ildə isə 119-a çatıb. 2007-ci ildə kənd yerlərində də bu nisbət kəskin şəkildə dəyişməyə başlayıb. Həmin ildə kənd yerlərində hər yeni doğulmuş 100 qıza 119 yeni doğulmuş oğlan uşağı düşürdü. DHS-nın (Demokratik Tibbi Araşdırmalar) 2006-cı ilə aid olan araşdırmasına görə 13,076 yeni doğulmuş körpənin 53.2 faizini oğlan uşaqları təşkil edib. DHS-nın məlumatında qeyd olunur ki, ilk və ikinci doğuşlardan fərqli olaraq, üçüncü doğuşlarda hər 100 qız uşağına 155 oğlan düşüb. Belə ki birinci uşaqda bu rəqəm 117, ikincidə 108, üçüncüdə 155, dördüncü övladda isə 157 olub. Qeyd olunur ki, Mingəçevir, Ağdaş, Bərdə, Beyləqan, Yevlax, Zərdab, Tərtərdə SRB-də fərq nəzərə çarpmır. Bu regionlarda qız uşaqlarının doğulması tərcih edilir. SRB-nin yüksək olduğu ərazilər kimi Tovuz, Abşeron və Xocalının adı qeyd olunub. Təkcə 2011-ci ildə Naxçıvanda 10 min 500 doğuş qeydə alınıb. Həmin ildə hər 100 qıza 103 oğlan qeydə alınıb.


 
Çoxuşaqlı ailələrin sayı kəskin şəkildə azaldı...

Hesabatda həmçinin 1939-1968-ci illərdə Azərbaycanda çoxuşaqlı ailələrin sayının azaldığı vurğulanır. Demək olar ki, 5 uşaqlı ailələrin sayı 10 dəfəyədək azalıb. 5 uşaqlı ailələrin yerini 2 və 3 uşalqı ailələr tutub ki, indi də ailələrdə bu ənənə üstünlük təşkil edir. 1964-1968-ci illərdə doğulan qadınların 35 faizi yalnız iki övlad dünyaya gətirib. Təkcə 2009-cu ildə aparılan araşdırmalar zamanı bəlli olub ki, kənd yerlərində yaşayan 60 yaşlı qadınların yaşa dönəminə orta hesabla 4.1 övlad düşüb. Eyni yaşda olan, şəhər yerlərində yaşayan qadınlarda isə bu say 2.7 olub, Bu da kəndlərdə yaşayan qadınlardan 1.5 dəfə az deməkdir. Elə həmin ildə şəhər yerlərində yaşayan 40 yaşlı qadınların 13 faizinin övladsız, 41 faizinin iki övladlı, 25 faizinin 3 övladlı, 9 faizinin isə 4 övladlı olduğu qeyd olunub. Kənd yerlərində bu yaşda olan qadınların 14 faizi övladsız, iki uşaqlı və üçuşaqlı qadınların faizi 31, 4 uşaqlıların faizi isə 16 olub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz