0

Regionda nüvə GƏRGİNLİYİ: Nə gözlənilir?

Baxış: 367

Natiq Miri: “İranı zərərsizləşdirmək üçün bəhanə var”

ABŞ-İran münasibətləri  dalana dirənib. Bu günlərdə İran yenidən ABŞ-ı nüvə sazişindən çıxacağı ilə hədələdi.İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bildirib ki, xərclər gəlirləri üstələyəcəyi təqdirdə, ölkəsi Birgə əhatəli fəaliyyət planı (BƏFP) haqqında sazişi tərk edə bilər. Bundan başqa İran rəsmisi Vaşinqtonu sazişin şərtlərini pozmaqda və ancaq  məsuliyyəti Tehranın üzərinə atmaqda  ittiham edib. O, bildirib ki, İran İslam Respublikası BƏFP-yə o, ölkənin xeyrinə xidmət edəcəyi müddətcə riayət edəcək.
Xatırladaq ki, Donald Tramp prezident seçkisi kampaniyası zamanı İranı kəskin tənqid etmiş və bildirmişdi ki, ABŞ Tehranla bağlanmış nüvə sazişindən çıxacaq. Tramp bu müqaviləni Amerikanın tarixində “ən pis saziş” adlandırmışdı. Məlum olur ki,  Vaşinqton Tehranla toqquşmalardan çəkinməyəcək. Bundan əlavə ABŞ İrandakı şübhəli hərbi bazaların yoxlanılmasını tələb edib. Tehran ABŞ-ın bu istəyinə razı olmasa, iki ölkə arasındakı müqavilənin risk altına düşəcəyi bildirilir. ABŞ İrandakı şübhəli hərbi bazaların olması barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin və sazişdə iştirak edən ölkələrin əksəriyyətinin dəstəyini almalıdır.Bu mənada iki ölkə arasında münasibətlərin ciddi surətdə gərginləşəcəyi vaxt uzaq deyil.

Onu da əlavə edək ki, İsrail bir neçə dəfə B.Obama administrasiyasına diplomatik kanallarla İranla bağlanan sazişin doğru olmadığını çatdırmışdı.Lakin  Obama mövqeyini dəyişmədi. İndi görünür ki, D.Tramp kursu  dəyişir və onun İranla mübarizədə yeni üsullardan istifadə edəcəyi ehtimalları artır. Bu mənada Tehranın regionun böyük dövlətləri və Cənubi Qafqaz istiqamətində hansı addımları ata biləcəyi maraq doğurur.Amma İran ABŞ-ı növbəti dəfə hədələyib və sonrakı proseslərin daha ağır olacağı istisna olunmur.

 


Siyasi  şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, təbii ki, ABŞ və İran arasında gərginlik yaşanması ehtimalı çox böyükdür:

“Çünki Tramp Administrasiyası artıq İranla bağlanan nüvə sazişini pozmaq üçün çox ciddi bəhanələr axtarır. Hesab edirəm ki, bu yöndə konkret addımlar çox yaxın zamanda atılacaq.Belə bəhanələr mövcuddur.Əgər İran dediyi kimi davranarsa, bu ABŞ üçün göydəndüşmə, tutarlı dəlil olacaq ki, nüvə sazişindən birmənalı olaraq çıxsın.Bununla da ABŞ hərəkətə keçməklə İranı dünya dövlətlərindən tamamilə təcrid etməyə çalışacaq.Bu yöndə çox ciddi hazırlıqlar aparılır. Açığı bununla  regionda yeni bir qarşıdurmanın bünövrəsinin qoyulacağı təhlükəsi yaranır. İran etibarlı davranmazsa və gələcəkdə  ABŞ-la qarşıdurmaya gedərsə, xüsusilə də Fars körfəzində  radikal davranarsa, o zaman bu Trampın əlinə çox ciddi bəhanələr verəcək. Bununla da İsrailin əlinə İranın zərərsizləşdirilməsi üçün bəhanə düşəcək”.

Alçina Amilqızı

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz