0

Pullarımız təhlükədə: Banklar borclarını gizlədir

Baxış: 611

Əkrəm Həsənov: “Heç bir bank özbaşına müflis ola bilməz”

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb. Fonddan verilən məlumata görə, iyulun 4-nə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 milyon 222 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 63 milyon 951 min manat (ümumi kompensasiya öhdəliyinin 88 faizi), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9 faizi) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 87 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7 faizdən çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 138 milyon 31 min manatdan artıq kompensasiya verilib. 

İyulun 4-nə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 milyon 350 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2 faizdən), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 2 milyon 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 96 faizi) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 milyon 354 min manatdan artıq kompensasiya ödənilib.
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 437 milyon 510 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,2 faizi əmanətçilərə ödənilib. 
İyulun 4-nə "Yunayted Kredit Bank" ASC-də qorunan əmanətlər 1 milyon 807 min manatdan artıq və (86,1 faiz) manatı artıq kompensasiya edilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci ildə başa çatıb və bu tarixədək bankın əmanətçilərinə 24 milyon 191 min (ümumi kompensasiya öhdəliyinin 97 faizi) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci ildə başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faizi) kompensasiya verilib. Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci ildə başa çatıb. 12 fevral 2017-ci ilədək “Texnikabank”ın qorunan əmanətçilərinə 120 milyon 458 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faizi) kompensasiya ödənilib. Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 739 milyon 327 min manatdan artıq kompensasiya ödənilib.

Bəs, bağalanan bankların əmanətçilərə nə qədər borcu qalıb?



Hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, bu məlumatlar lisenziyası ləğv olunan banklar üzrə açıqlanmayıb: “Bilirik ki, bağlanan banklarda sığortalanmış əmanətlər olub və Əmanətlərin Sığortalanması Fondu onu kompensasiya edir. Amma Fond o pulu bağışlamır, sonra bankın əmlakından həmin məbləği götürür. Sığortalanmış əmanətlərin məbləği az deyil. Əhalinin sığortalanmamış əmanətləri barədə məlumatı gizlədirlər. Bilirəm ki, “Bank Standar”ın əhaliyə sığortalanmamış 157 milyon manat borcu var. “Bank Standart” ötən ilin oktyabrın 1-də bağlananda Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı demişdi ki, bu bankda sığortalanmayan əmanətlərin məbləği cəmi 60 milyon manatdır. Amma indi deyirlər ki, bu məbləğ 157 milyon manatdır. Demək olar ki, 97 milyon manat haradansa çıxıb. Digər bağlanan banklarda isə vəziyyət necədir, dəqiq bilinmir. Hətta indiyə qədər bu haqda mətbuata açıqlanan məlumatlara da etibar yoxdur. Bütün bunlar onu göstərir ki, ləğvetmə prosesinin ən böyük problemi qeyri-şəffaflıqdır”.

Əmanətlərin qaytarılması ilə bağlı prosesin müddəti varmı?

Hüquqşünas belə bir müddətin olmadığını deyib: “Praktikada müflis bankı ləğvetmə prosesi azı iki il çəkir, amma çox da ola bilər. Bir neçə il bundan əvvəl müflis olan “Royal Bank” ın ləğvetmə prosesi 3 ildir gedir. Bu sahədə kreditorlar komitəsinin nəzarəti olmasa, bu proses 10 il də gedə bilər. Müflis bankın ləğvi kimi isti və gəlirli şey yoxdur. Əgər üzərində nəzarət yoxdursa, onu kim əlindən vermək istəyər? İstəyirik ki, “Bank Standart”da da belə nəzarət funksiyası olsun. Ləğvetmə prosesində olan digər banklarda isə vəziyyət pisdir. Demək olar ki, onlarda heç bir ictimai nəzarət yoxdur”.

Əkrəm Həsənov onu da qeyd edib ki, əmanəti sığortalanmayan əmanətçilərin əmanətləri danılmır: 

“Müflis olan ən böyük bank “Bank Standart”dır. Orada əhalinin 157 milyon manat vəsaiti var, 443 milyon manat sığortalı əmanət olub. Əmanətlərin Sığortalanması Fondu onları kompensasiya edib. Fondun dediyinə görə, bankın qalan əmlakı təxminən 195 milyon manatdır. Bankın cəmi borcu isə 1 milyard 200 milyon manatdır. Fond deyir ki, mən sizin pulunuzu verərdim, amma vəsait yoxdur. Həmin 195 milyon manatı da Fond özünə götürəcək. Çünki o, əmanətləri kompensasiya edir. Təklif edirik ki, bankın əmlakının satılması prosesi şəffaf olsun. Bankın əmlakı açıq hərracda satılmalıdır ki, neçəyə satıldığını bilək. Həmçinin bankın verdiyi kreditlərin də qaytarılma prosesi şəffaf olmalıdır. Ən vacibi-ləğv edilmiş banklar üzrə sığorta olunmayan əmanətçilərə məsləhətim odur ki, onlar araşdırmanın aparılmasına nail olmalıdırlar. 

Yəni, bu bank niyə müflis olub? Nəzərə almaq lazımdır ki, bank özbaşına müflis ola bilməz. Ola bilsin ki, burda bankın səhmdarının, bankın idarəçilərinin, işçilərinin və ya kənar auditorların, eləcə də banka nəzarət etmiş Mərkəzi Bankın əli var. Bankın pulu qalmayıbsa belə, həmin bankda pulu olan əmanətçilər və digər kreditorlar məhkəmə qaydasında Mərkəzi Bank da daxil olmaqla sadalanan şəxslərdən öz pullarını tələb edə bilərlər. Təbii ki, bankın müflis olmasında onların günahının olmasını sübut edə bilsələr”.

Yeganə Otayqızı

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz