0

Abşeron RİH-nin başçısı nə qədər var-dövlətə sahibdir? - Fotolar

Baxış: 2 326

Onu da bildirək ki, İradə xanımın həyata keçirdiyi idarəçilik, bu gün onu Abşeronun ən imkanlı şəxslərindən birinə də çevirib 

Artıq xeyli müddətdir ki, əksər mətbu orqanlarda Abşeron rayonu ərazisində baş alıb gedən həngamələrdən, vəzifə sahibləri ilə ayrı-ayrı şəxslər arasında davam edən qarşıdurmalardan və s. bəhs olunur. Bütün bunları kökündə Abşeron RİH-nə rəhbərlik edən İradə xanım Gülməmmədovanın, rayon ərazisində həyata keçirdiyi yarıtmaz idarəçiliyin səbəb olduğu bildirilir. Qarşıdurmaların daha çox tikinti işləri ilə bağlı olması, sanki danılmaz faktdır. Çünki, hər tikiliyə görə xanım icra başçısının tətbiq etdiyi rüsum cədvəli, bu gün rayon ərazisində çoxsaylı sakinlərin çıxılmaz duruma düşməsinə də səbəb olub. 02 sentyabr 2015-ci il tarixdən icra başçısı "postu”na sahiblənən İradə xanım, gəlişi ilə sanki çoxsaylı problemlər də gətirib. Belə ki, bu gün rayon ərazisində sosial-iqtisadi vəziyyət günü-gündən ağırlaşır, problemlər aşıb-daşır, sakinlərin narazılıq hissi "pik nöqtə”yə də çatır. Yerli sakinlərin iddialarına görə, Abşeronda icra başçısının yaxın qohum-əqrəbası "fövqəladə səlahiyyətlərə” sahibdirlər. Məsələn, rayonun hansı ərazisində tikinti işi aparılırsa, hətta toyuq hini tikilirsə belə, dərhal icra başçısının bacısı oğlu Babək Zalıyev ərazidə peyda olur və tikinti sahibi ilə "halallaşdıqdan” sonra, işlərin davam etdirilməsinə icazə verilir. Maraqlı haldır ki, xanım icra başçısının bacısı oğlu dövlət qurumlarının heç birində hansısa vəzifəni daşımır, o halda o, hansı əsasla səlahiyyət sahibi olur? Bax belə bir olayın varlığı, hər kəsi olduqca düşündürməkdədir. Onu da vurğulayaq ki, İradə xanımın həyata keçirdiyi idarəçilik, bu gün onu Abşeronun ən imkanlı şəxslərindən birinə də çevirib. Çünki, hər tikiliyə görə müxtəlif yollarla yığılan "haqq-hesab”lar və əldə olunan digər gəlirlərin daha çoxu, xanım icra başçısının büdcəsinə daxil olur. Məsələn, adicə bir məqama toxunaq ki, Binəqədi rayonunun "Vorovski” qəsəbəsində fəaliyyət göstərən "Mətn” şadlıq sarayının yaxınlığındakı "Zümrüd” uşaq bağçası, onun qızı Vüsalı xanıma məxsusdur. Yerli sakinlərin iddialarına və bəzi mənbələrdən əldə etdiyimiz məlumatlara görə, həmin uşaq bağçası təqribən 1milyon "haqq-hesab”ın müqabilində ərsəyə gəlib və tikinti işləri xanım icra başçısının vəsaiti hesabına başa çatdırılıb. O halda sual oluna bilər ki, İradə xanım aldığı əmək haqqı və rəsmi dövlət lahiyələrindən əldə olunan gəlirlərlə, belə bir tikilini başa çatdıra bilərmi? Əsla yox! Deməli, belə bir tikililərin asanlıqla başa çatdırılmasına, Abşeron ərazisindəki hər tikilidən təqribən 5-20 min manat arası "haqq-hesab”ların yığılması əsas səbəbdir.
Abşeron RİH-nin başçısı nə qədər var-dövlətə sahibdir?
"Gündəm Xəbər”ə daxil olan başqa bir məlumatlara görə, İradə xanım Gülməmmədova Abşeronda və digər ərazilərdə sayı-hesabı bilinməyən irili-xırdalı obyektlərə də sahiblik edir. Həmin obyektlər sırasında Xırdalan şəhərində fəaliyyət göstərən və qardaşı İlham adlı şəxsə məxsus olduğu bildirilən "Titanik” adlı restoranın alt hissəsindəki şərab evi, Mehdiabad-Fatmayı yolunun üstündəki "Palma” supermarketi, Novxanı kəndində yerləşən "ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi, Binəqədi rayonunun "Vorovski” qəsəbəsində fəaliyyət göstərən "Zümrüd” klinikası, onun yaxınlığındakı şərab evi və s-in, xanım icra başçısına məxsus olduğu bildirilir. Söylənilən iddialara görə o, rəhbər vəzifəyə təyin olunduqdan olduqdan sonra, qeyd olunan obyektlərə sahib ola bilib.
Abşeron RİH-nin başçısı nə qədər var-dövlətə sahibdir?
İcra başçısını Abşeronda ən böyük torpaq mülkiyyətçisi də hesab etmək olar. Çünki rayonun müxtəlif ərazilərində, o cümlədən Xırdalan şəhər ərazisində, Fatmayıda, Novxanıda, Masazırda və digər yaşayış massivlərində, bu şəxsə məxsus hektarlarla torpaq sahələrinin olduğu da bildirilir. Baxmayaraq ki, o, həmin sahələri öz adına deyil, daha çox yaxın qohum-əqrəbalarının adlarına sənədləşdirib. Hətta bunlar azmış kimi, xanım icra başçısının Goradildə dəniz sahili əraziləri ələ keçirərək özününküləşdirməsi də iddia olunur.
Abşeron RİH-nin başçısı nə qədər var-dövlətə sahibdir?
"Gündəm Xəbər”ə daxil olan ilginc məlumatlara görə, İ.Gülməmmədova RİH-nə başçı təyin olunduqdan sonra, Abşeronda hər tikinti işinə görə alınan "haqq-hesab”ın məbləği bir neçə dəfə qaldırılıb. İddialara görə rayonun Qobu, Saray, Mehdiabad, Hökməli, Güzdək, Ceyranbatan, Digah, Aşağı Güzdək qəsəbələrində, Masazır, Məhəmmədi, Novxanı, Fatmayı, Görədil və s. kəndlərində tikinti işi aparmaq istəyən hər kəs, tələb olunan məbləği ünvanı üzrə çatdırdıqdan sonra işlərini davam etdirə bilir. Ödəniləcək "rüsum” isə, tikiləcək tikilinin neçə kvm və neçə mərtəbəli olmasından asılı olaraq təqribən 3-10 min manat arasında dəyişir.
Abşeron RİH-nin başçısı nə qədər var-dövlətə sahibdir?
Ümumiyyətlə, bu gün Abşeronda "tikinti biznesinə” icra başçısının bacısı oğlu Babək Zalıyev nəzarət edir. Hansısa sakin onun razılığı olmadığı halda, xəlvəti yolla olsa belə daşı daş üstə qoya bilməz. Çünki adı çəkilən şəxsin də, rayon ərazisində şəbəkə şəklini almış "qruppa”sı var. Məhz, Babək Zalıyev onların vasitəsilə hər tikilini nəzarətdə saxlaya bilir, əldə olunacaq "haqq-hesab”ları da onların vasitəsilə toplayır.
Abşeron RİH-nin başçısı nə qədər var-dövlətə sahibdir?
Bu gün Abşeronda narazılıq hissinin əmələ gəlməsinə səbəb olan amillərdən biri də, əvvəlki rəhbərlərin vermiş olduqları sərəncamların saya salınmamamasıdır. Məsələn, adı çəkilən rayonun ərazisində yaşayan Hacı Zeynalov adlı şəxs "Gündəm Xəbər”ə bildirir ki, "mənim 4-5 il ərzində minbir əzab-əziyyətlə ərsəyə gətirdiyim, amma tam başa çatdıra bilmədiyimi evimi İH-nin əməkdaşları dağıtdılar. Hansı ki, həmin evə dair əvvəlki icra başçısı tərəfindən verilmiş sərəncam, rayonun memarlıq şöbəsinin təsdiq etdiyi eskiz lahiyəsi və digər lazımi sənədlərim var. Mən başa düşə bilmirəm ki, niyə belə bir addım atıldı?. Atılan addım da, birbaşa vandalizm və vəhşilikdir”. Bundan əlavə, Abşeronun H.Z.Tağıyev küçəsi ev-150 ünvanında yaşayan digər bir şikayətçi isə bildirir ki, "yaşadığım evin həyətindəki hasarın uçma təhlükəsi var idi. Bu məqsədlə İH-nin əməkdaşlarına məlumat verdim və rayonun memarlıq və tikinti şöbəsinin əməkdaşları ilə birlikdə, hasarın ümumi görünüşünü əks etdirən foto-şəkillər də çəkdik. Düzdür, hasarın uçurulub yenisi ilə əvəzlənməsi barədə ilk öncə razılığa gəlsək də, çox keçmədi ki, yeni bir qalmaqal da yarandı. Yəni, memarlıq şöbəsinə rəhbərlik edən və Abşeronda sanki "fırtına” rolunu oynayan Akif Əliyevin bir neçə gün sonra şəxsən aparılan tikiliyə baş çəkməsi, çox keçmədi ki, onun altüst edilməsi ilə də nəticələndi. Sən demə Akif Əliyevin kölnündən nə az, nə də çox düz 10 min manat "şirinlik” keçirmiş ki, onu da əldə edə bilsin. Amma, deyəsən bu gedişlə o, ürəyindən keçən arzusunu heç cür "çin” edə bilməyəcək. Faciə odur ki, bu gün Abşeronda yaşanan qalmaqalların əsas baiskarlarından biri də, uzun müddətdən bəri "Əməkdar memar” fəxri adını daşıyan Akif Əliyevin olduğu bildirilir”.
Abşeron RİH-nin başçısı nə qədər var-dövlətə sahibdir?
Bəzi mənbələrdən əldə etdiyimiz başqa bir məlumatlara görə, rəsmi və ya qeyri-rəsmi yollardan istifadə etməklə, bütün sahələrdə nəzarəti ələ keçirən icra başçısının yaxınları iş adamlarına, sahibkarlara imkan vermirlər, onların qarşısında əsassız tələblər irəli sürürlər, normal fəaliyyətlərinə bu və ya digər formada maneçilik də törədirlər. Xanım icra başçısının qardaşı İlham adlı şəxsin adı isə, uzun müddətdir ki, qalmaqallı olaylarda hallanır. Yəni, bu şəxs bacısına güvənərək ayrı-ayrı şəxsləri işə düzəltmək, onlara torpaq sahələri alıb vermək və s. adlar adı altında aldadır. Düzdür, bu günədək belə bir olaylarla bağlı bəzi mətbu orqanlarda müəyyən açıqlamalar dərc olunsa da, verilən məlumatlara görə oxşar olaylar bu gün də davam etməkdədir. Belə bir addımların atılmasına, sözsüz ki, İradə xanımın lazımi addımlar atmaması səbəb olur. Xoşagəlməz hal o olur ki, icra başçısının qardaşı tərəfindən aldadılan şəxslər günlərlə Abşeron RİH-nə gedib gəlsələr də, problemlərini heç cür həll edə bilmirlər. 

P.S. Hörmətli oxucular! Abşeron rayonu ərazisində yaşanan və çoxsaylı sakinlərin haqlı narazılığına səbəb olan ab-havanın varlığı, bu gün əksər mətbu orqanların gündəmini zəbt edən mövzulardan birinə də çevrilib. Belə bir səbəb üzündən də, "Gündəm Xəbər” olaraq yaşanan olayların varlığını diqqətdə saxlayacağıq və növbəti saylarımızda baş verənlərlə bağlı daha ətraflı açıqlamalar da dərc etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz